Azərbaycanda yapon dilinə maraq artır

Bakı Dövlət Universitetində (BDU) XVI Bakı yapon dili natiqlik müsabiqəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, müsabiqədə tələbələrlə yanaşı, orta məktəb şagirdləri də iştirak ediblər.

Müsabiqə ilə əlaqədar keçirilən tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, universitetin təhsil sahəsində əməkdaşlıq etdiyi ölkələr arasında Yaponiya xüsusi əhəmiyyət daşıyır. Yapon dili və ədəbiyyatı Azərbaycanda ilk dəfə BDU-da tədris edilməyə başlayıb. Eləcə də BDU ilə Yaponiyanın Qunma Universiteti arasında tələbə mübadiləsi haqqında müqaviləyə əsasən 15 azərbaycanlı gənc bu ölkədə təcrübə keçib.

Rektor universitetdə hazırda 100-dək tələbənin yapon dilində təhsil aldığını diqqətə çatdırıb. Qeyd edilib ki, məzunların əksəriyyəti Azərbaycanda fəaliyyət göstərən yapon şirkətlərində, dövlət qurumlarında çalışır.

Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori Azərbaycanda yapon dilinin tədrisinin ildən-ilə inkişaf etdiyini bildirib. Vurğulanıb ki, Azərbaycanda yapon dilinin tədris olunduğu orta məktəblər də var.

Müsabiqənin qalibləri növbəti yarışmaya qatılmaq üçün Rusiyanın paytaxtı Moskvaya, sonra isə Yaponiyaya səfər edəcəklər.