Braziliyada Nizami Gəncəvi ilə bağlı kitabın təqdimatı keçirilib

23-25 oktyabr tarixlərində Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin birgə təşkil etdikləri ortaq türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində, Braziliya Federativ Respublikasının Milli Konqresində, Braziliya senatında Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri Kristovam Buarke “Nizami Gəncəvinin aforizmləri” adlı kitabın portuqal dilinə tərcümə edilmiş nəşrinin təqdimetmə mərasimi keçirilib.

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyindən “Report”a verilən məlumata görə, “Zaman üzərindən bir körpü” (Uma ponte sobre o tempo) adlı nəşrdə görkəmli Azərbaycanlı mütəfəkkirin əsərlərindən seçilmiş aforizmlər yerli ictimaiyyət arasında Azərbaycan ədəbiyyatına maraq oyadıb.

Tədbirdə parlamentarilər, diplomatik korpus üzvləri, yerli ictimaiyyət, elmi dairələr və mətbuat nümayəndələri iştirak ediblər.