“Həbslər haqqında göstəriş vermişəm” – Beriyanın “qəlyan” əməliyyatı…

Xüsusilə müharibə dövründə silahdaşlarının gərginliyini azaltmaq üçün Stalin arabir zarafat etməklə atmosferi yüngülləşdirməyə çalışıb. Bu məqsədlə tez-tez yaşadığı bağ evində məclislər də qurub. Bu məclislər çox vaxt müşavirə xarakteri daşısa da, sonda qeyri-rəsmi söhbətlər, zarafatlar da olub.

Yakov Çadayev 1940-1949-ci illərdə SSRİ Xalq Komissarları Sovetinin işlər idarəsinə rəhbərlik edib. Məhz bu dövrdə imzalanan qərar və sərəncamlarda Stalinin imzasından sonra onun imzası yer alıb. Və bütün bu illər ərzində hazırlanan rəsmi sənədlərin imzalanması üçün onları Stalinə Çadayev təqdim edib. Təbii ki, bu müddətdə rəsmiyyətdən kənar münasibətlər də olub…

Modern.az saytı müharibənin ağır günlərində Kremldə baş vermiş hadisələrin biri haqqında yazını təqdim edir.

İş günlərinin birində Çadayev sənədlər haqqında məruzə etdikdən sonra əlindəki qovluqu stolun üstünə qoyanda Stalin onun qolundakı saata diqqətlə baxır və təəcüblə soruşur:

Yakov Yermolayeviç, bəlkə o qolunuzdakı saat haqqında da məruzə edəsiniz?

– Yoldaş Stalin bunu mənə yaxınlarda hədiyyə ediblər. İsveçrə saatıdır. Bunu, əsasən, amerikalı təyyarəçilər taxır. Zərbəyə davamlıdır.

Sözünü bitirən kimi Çadayev saatını çıxarmaq istəyəndə Stalin buna imkan vermir:

– Çıxartmağa ehtiyac yoxdur. Amma mənim belə saat haqqında məlumatım yox idi.

Çadayev kabinetdən çıxan kimi həyəcanla saatla bağlı söhbət haqqında Stalinin köməkcisinə danışanda Poskrebışev təbəssümlə onu sakitləşdirir:

– Yakov Yermolayeviç, siz neçə illərdir Stalinlə işləyirsiniz, amma onun saatlara qarşı marağı haqqında məlumatınız yoxdur. Yoldaş Stalinin qol saatlarından ibarət kiçik, amma çox maraqlı kolleksiyası var. Ona görə o sizin saatınızla maraqlanıb.

Heç cürə sakitləşməyən Çadayev yeni sərəncamları götürmək üçün Bulqaninin kabinetinə keçəndə saat məsələsini ona da danışır:

– Yoldaş Bulqanin, Stalin mənim saatımla maraqlandı. Sizcə bu nə deməkdir.

– Çıxart qolundan baxım görüm bu nə saatdır axı?

Bulqanin diqqətlə saatı nəzərdən keçirdikdən sonra fikrini bildirir:

– Burda elə də bir şey yoxdur. Belə saatları, adətən, təyyarəçilər taxırlar. Stalin saat həvəskarı olduğu üçün maraqlanıb. Belə düşünürəm ki, bu saat onun üçün çox da maraqlı olmayıb. Bunu öz təcrübəmdən bilirəm. Mən öz qızıl cib saatımı yadımdan çıxarıb Stalinin kabinetində qoyandan sonra bir daha onun sahibi ola bilmədim.

Çadayev öz kabinetinə qayıdır və Stalinin imzalayacağı növbəti sənədləri hazırlamağa başlayır. Onun beynində bir fikir dolaşır: saatı Stalinə bağışlasın, yoxsa yox. Düşünür ki, Stalin bəlkə bunu yaltaqlıq kimi qəbul edər və belə olarsa, cəzası da ağır olar. Nəhayət, qərara gəlir ki, saatı bağışlasın. O bütün sənədləri hazırladıqdan sonra saatı da ayrıca bir zərfin içinə qoyub hamısını birlikdə Stalinin iş stolunun üstünə qoyur. Adətən, sənədlər təqdim olunduqdan bir neçə saat sonra Stalin Çadayevi çağırtdırıb imzalanmış sənədləri onun özünə qaytarırmış və lazımi göstərişlərini verirmiş. Ancaq bu dəfə belə olmur. Nəhayət, bir sutkadan sonra Stalinin köməkçisi Çadayevə zəng edərək deyir ki, gəlib sənədləri və saatını götürsün. Çadayev təbii olaraq düşünür ki, etdiyi hərəkət rəhbərin xoşuna gəlməyib. O sənədləri və bağlı zərfi götürüb kabinetinə qayıdır. Zərfi açanda görür ki, içərisində xronometrli qızıl saat var. Bir neçə gündən sonra Stalinin mühafizəsinin rəisi general Vlasik Çadayevə zəng vurub soruşur:

– Yakov Yermolayeviç, saat xoşunuza gəldimi? Sizə saat almağa görə bir sutka Moskvanı alt-üst etmişəm. Yoldaş Stalinin göstərişi idi. Hər şey əvəz-əvəz olmalıdır.

Elə bu hadisədən bir müddət sonra Çadayev Stalinə sənədlər təqdim edərkən bəzi düzəlişlərə ehtiyac olur. Stalin Çadayevə deyir ki, düzəlişləri elə onun kabinetində etsin. Bu məqamda Molotovla Mikoyan Stalinin yanına gəlirlər və onu çay içməyə dəvət edirlər. Stalin Çadayevə tapşırıq verir ki, düzəlişləri etdikdən sonra sənədləri stolun üstünə qoysun və getsin. Çadayev qısa bir zamanda həvalə olunduğu işi başa çatdırır. Oturduğu stuldan qalxanda ayağı nəyəsə ilişir. Baxır görür ki, yerdə kiçik bir qəlyan var. Qəlyanı cibinə, sənədləri isə stolun üstünə qoyub kabinetdən çıxır.

Elə səhərisi günü general Vlasik Çadayevdən soruşur:

– Qəlyanı siz götürmüsünüz?

Çadayev düşünür ki, yalan danışmağın mənası yoxdur:

– Mən götürmüşəm. Gördüm ki, stolun altına düşüb, düşündüm ki, artıq o heç kimə lazım deyil.

General Vlasik Çadayevin həyəcanını hiss edir və ona təskinlik verir:

– Narahat olmaqdan keçib. Yoldaş Stalin qəlyanı tapmayıb başqısını gətizdirdi və dedi ki, onu bağışladım Çadayevə.

Stalinin qəlyanının itməsi məsələsindən Beriyanın da xəbəri olur. Və elə həmin ərəfədə Stalin Beriyanı tamam başqa bir məsələ ilə bağlı yanına çağırtdırır. Beriya kabinetə daxil olub salamlaşdıqdan sonra dərhal məruzə edir:

– Yoldaş Stalin, həbslər haqqında göstəriş vermişəm.

Stalin təəcüblə Beriyaya baxır:

– Lavrenti, hansı həbslər haqqında?

– Qəlyanı oğurlayanlar mütləq öz cəzalarını almalıdırlar.

Stalin gülümsəyərək başını bulayır və deyir:

– Sən axırda Kremldə məni tək qoyacaqsan…

Bir müddət bu hadisəni büruzə verməyən Stalin Kreml ziyafətlərinin birində ciddi bir tərzdə Çadayevə deyir:

– Yakov Yermolayeviç, mən sizin saatınızın əvəzini verdim. Amma siz qəlyanın əvəzini vermədiniz. Bu düzgün olmayan oyundur.

Çadayevin rənginin ağardığını görən Stalin gülümsəyərək əlini onun kürəyinə qoyur:

– Bu bir zarafatdır, Stalin verdiyinin əvəzini almır…

İlham Cəmiloğlu