Qazaxıstanda 7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

2017-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunan Qazaxıstanın Türküstan şəhərində 7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, İran, Özbəkistan, Türkiyə, Rusiya, Qırğızıstan və digər ölkələrindən türkoloqlar iştirak edirlər.

Konqres istifadəsi getdikcə azalan və yox olmaq təhlükəsi ilə üzləşən türk dillərinin və ləhcələrinin qorunması məsələlərinə həsr edilib.

Tədbirin açılışında çıxış edən Beynəlxalq Qazax-Türk Universitetinin Himayədarlar Şurasının sədri professor Musa Yıldız artıq ənənəvi olaraq təşkil olunan konqresin türk dünyasının müxtəlif ölkələrindən gələn türkoloqlar və elm adamları üçün mühüm müzakirə platformasına çevrildiyini bildirib. O, sıradan çıxmaq təhlükəsi ilə üzləşən türk dillərinin tədqiqi məqsədilə Beynəlxalq Türk Akademiyası və Əhməd Yəsəvi Universitetinin birgə səyləri nəticəsində 4 cildlik böyük ensiklopedik nəşrin hazırlandığını vurğulayıb.

Konqresin ilk günü Beynəlxalq Qazax-Türk Universitetinin Mədəniyyət Mərkəzində Əhməd Yəsəvi Muzeyinin açılışı da olub. Muzeydə Türküstan bölgəsində Xoca Əhməd Yəsəvinin yaşadığı dövrə aid tarixi əsərlər və ortaq türk tarixinin müxtəlif dövrlərini əks etdirən rəsm əsərləri yer alır.

Yeddinci Beynəlxalq Türkologiya Konqresi üç gün davam edəcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Türküstan