Qazaxıstanın latın əlifbası çox bərbad hazırlanıb

“10-a yaxın problemli hərf var”

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur. Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib. Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikalı əlifbadan istifadə edilib.
1920-40-cı illərdə latın qrafikalı əlifbadan, 1940-cı ildən isə 42 hərfli kiril qrafikalı əlifbadan istifadə edilib. Çox gecikmiş olsa da, nəhayət, belə bir qərarın verilməsi mütərəqqi addım sayılır. Lakin hazırlanan latın qrafikalı əlifba ilə bağlı müəyyən narazılıq var. Yeni əlifba bizdəki kimi 32 hərfdən ibarət olsa da, hərf və səs fərqləri mövcuddur. Məsələn, gözlənildiyinin əksinə olaraq yeni əlifbada “ə” saxlanılmayıb. Əlifbadakı incə saitlər isə apostroflu hərflərlə əks olunub. Məlumat üçün deyək ki, bu gün postsovet məkanında latın qrafikasından Baltikyanı ölkələrdə, habelə türkdilli ölkələr olan Azərbaycan, Türkmənistan və Özbəkistanda istifadə olunur. Qırğızıstan parlamentinin deputatları latın qrafikasına keçmək haqqında məsələ qaldırsalar da, Prezident Almazbek Atambayev buna qarşı çıxıb.
Məsələ ilə bağlı “Şərq”ə danışan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət hazırlanan layihənin onun ürəyincə olmadığını deyib. Ekspertin sözlərinə görə, Qazaxıstan elə bir əlifba variantını tətbiq etmək qərarı verib ki, o əlifba türk xalqlarını nəinki birləşdirəcək, əksinə, biri-birindən daha da ayrı salacaq: 
“Yeni əlifbada saitlərin apostrofla işarə olunması çox bərbad seçimdir. Prosesin 2025-ci ilə qədər uzadılması da başa düşülən deyil. Bu işi bir ilin içində reallaşdırmaq mümkündür. Biz Orta Asiyada və kənar bölgələrdə dostlarımızla müzakirə aparır və çalışırdıq ki, Qazaxıstanın ortaq türk əlifbası sayıla biləcək bir əlifba qəbul etməsinə nail olaq. Təəssüflər olsun ki, istəyimiz baş tutmadı. Görünür, Qazaxıstanın türk dünyasından ayrı qalması üçün çalışan qüvvələr bu əlifbanın daha “uyğun” olduğunu iddia edərək Prezidenti inandırıblar. Nazarbayev çox bərbad bir əlifbanı imzalayıb. Ümid edirik ki, Qazaxıstan cəmiyyəti, xüsusən də türk birliyinə könül vermiş insanlar yeni əlifbanın modifikasiya olunması, yəni üzərində yenidən işlənilməsi və bütün türk xalqlarının anlaya bildiyi şəkildə qəbul olunması üçün addımlar atacaqlar. Bu baxımdan 2025-ci ilə qədər müddətin qoyulması bəlkə də işin xeyrinədir”. A.Həsrət vurğulayıb ki, qəbul olunan əlifba 1920-40-cı illərdə Qazaxıstanda tətbiq edilən latın əlifbası deyil: “1929-30-cu illərdə Orta Asiya ölkələri türkləri Azərbaycanla bərabər latın qrafikasına keçdilər. 1939-40-cı illərə qədər bu əlifbadan istifadə olundu. Ovaxtkı latın əlifbası bizim üçün daha uyğun idi. Amma indiki əlifba tamam fərqlidir. Xatırladım ki, o zaman türk xalqlarının latın əlifbasına keçməsi prosesinin önündə Qırğızıstan dururdu. Təəssüflər olsun ki, hazırda Qırğızıstan bu yöndə heç bir addım atmır”.
Ekspertin sözlərinə görə, Qazaxıstanın gec də olsa prosesə qoşulması bir yandan sevindirici olsa da, əlifbanın uyğun olmaması üzücüdür: 
“Azərbaycan latın qrafikasına keçəndə bizdə sadəcə bir hərf fərqli idi. Yəni “ə” hərfi üzərində iki nöqtə olan “a” hərfi ilə düzəlirdi. Sonra dəyişdirərək “ə” elədilər. Məncə, əvvəlki variant daha məqsədəuyğun idi. Dünyanın bir çox yerində, məsələn, Qərbi Avropa ölkələrində bu hərfdən istifadə edilir. İndiki “ə”nin isə yeni texnologiyalarla oxunmasında uzun illər ciddi problemlər yaşandı. Hələ də o, problem qalmaqdadır. Qazaxıstanın yeni əlifbasında isə 10-a yaxın problemli hərf var. Təsəvvür edin ki, bir sözün içində apostrofla işarə olunan beş hərf var. Görün, o sözün görüntüsü necə mənzərə yaradacaq?! Əlbəttə, insanın gözü yorulacaq və oxunma çətinləşəcək. Ümid edirik ki, bu məsələ yaxın vaxtlarda həllini tapacaq. Onsuz da Qazaxıstanda latın qrafikasına keçidlə bağlı problemlər mövcuddur. Orada ruslar və rusdilli əhali çoxdur, müəyyən kəsim yeni əlifbaya dirəniş göstərir. Üstəlik, qarmaqarışıq əlifba işi daha da mürəkkəb edəcək”.
İsamyıl