Rəsulzadənin gənclik illərində yazdığı və çap olunan şeirləri- I Hissə

Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə bu şanlı tarixi yaradan şəxslər barəsində silsilə yazılarını davam edir.
Bu dəfə yenə də böyük Məhəmməd Əmin Rəsulzadəni xatırlayacaq, onun gizli qalan tərəfini oxucuların diqqətinə çatdıracağıq.
Bu gizli tərəf-Rəsulzadənin şairli qabiliyyətidir. Onun irsini, həyat və yaradıcılığını mükəmməl şəkildə araşdıran tarix elmləri doktoru Nəsiman Yaqublu özünün “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” əsərində onun gənclik illərində yazdığı bir neçə şeiri təqdim edəcək.
Amma əvvəlcə pyesləri barədə. Çünki Rəsulzadənin çap olunan iki pyesi də olub:
 
“1. “Nagəhan bəla”. 1907-ci ildə yazılıb. “Təkamül” qəzetinin 1907-ci il 3 fevral, 7-ci sayında çap edilib (Xalqın oyanmasından, öz haqqını tələb etməsindən, tətil etmək istəyindən danışılır).
 
2. “Qaranlıqda işıqlar”. 1908-ci il dekabrın 5-də tamaşaya qoyulub. Pyesin əsas xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edir.
Nəşr edilən şeirləri isə bunlardı:
1.“Elm tərifində deyilibdir. Müxəmməs”. Şərqi-Rus” qəzeti, N20, 18 may 1903-cü il, Tiflis.
Bu şeiri M.Ə.Rəsulzadə 19 yaşında yazıb. Elm və elmin əhəmiyyətinə həsr edilən 20 misradan ibarət olan bu şeir aşağıdakı misralarla başlayır:
Aç qulağın bir eşit bu sözlərin ey bül füzul, 
Elmə rağıb olgilən qafildilər küllən cühul. 
Hər nə var dünyada bil ki, elmilən olmuş hüsul, 
Fəzli elmi bilgilən şər ilə olmuşdur qəbul… 
 
2. “Növhə”. “Dəvət” qəzeti, N14, 20 iyul 1906-cı il. 
 
Bu şeiri M.Ə.Rəsulzadə 22 yaşında yazıb. Şeir erməni-müsəlman qırğını və günahsız insanların nahaqdan qətlə yetirilməsi haqqındadır. Altı bənddən ibarət olan şeirdə müəllif bu fikirləri önə çəkir:
Yenə fitnə alıb meydan, 
Müftinlər sürür dövran. 
Gözəl Qafqaz olur viran, 
Qalır hər kəs buna heyran. 
Tərəhhüm (rəhm et) eylə, ya sübhan, 
Amandır, dada yet rəbbi! 
Qədim qonşu, iki millət, 
Dolanmış mehrlə hər vəqt. 
Nə üz verdi ki, bu hörmət, 
Mübəddəl (dəyişdirildi) oldu bər xirəd? 
 
Hazırladı: Elmin Nuri