“Təyyarədə”, “səhiyyədə”, “mədəniyyətdə” və s. niyə iki “y”…

Akademikin Azərbaycan orfoqrafiyasında qoşa “y” samiti ilə olan sözlərin yazılışına yenidən baxmaqla bağlı təklifi…

İsa Həbibbəyli: “Tələffüzdə qoşa “y” samitlərindən biri qaldığı üçün yazıda hər ikisini saxlamağa ehtiyac yoxdur”
Buludxan Xəlilov: “Hesab edirəm ki, bu kimi təkliflərin tətbiqinə tədricən keçməliyik”
“Biz bu vərdişi itirsək, yenidən bu sözlərin orfoqrafiyasına qayıtmalı olsaq, onda yazı sistemində…”

O dillər tarixin mərhələlərini adlayıb keçə bilmir ki, onların inkişafı zəif olur, işlək olmur, təkmilləşmir, zənginləşmir. Ancaq inkişaf edib təkmilləşən, zənginləşən dillər yaşayır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət dili məsələsinə yenidən baxıldı və dilimizin inkişafı, yaşaması üçün dövlət səviyyəsində tədbirlər görülməyə başladı.

Son vaxtlar ən çox gündəmə gətirilən məsələlərdən biri dildə islahatların aparılması ilə bağlı mütəxəssislərin təklifləridir. Dilçi və ədəbiyyatşünas alimlər hesab edirlər ki, müasir Azərbaycan dilində islahatlar aparılmasına ehtiyac var. Onların fikrincə, Sovet dövrü Azərbaycan dilçiliyində qəbul edilən bir sıra yazı, ifadə formaları var ki, onlar dilə ağırlıq gətirir və dəyişməsinə ciddi ehtiyac var.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli elmi məqalələrindən birində maraqlı bir təklif irəli sürüb. Akademik Həbibbəyli bildirir ki, Azərbaycan orfoqrafiyasında qoşa y samiti ilə olan sözlərin yazılışına yenidən baxmağa, bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac yaranıb.

O hesab edir ki, Azərbaycan dilində qoşa y samiti ilə olan sözlərin mütləq əksəriyyəti –iyyat, -iyyət şəkilçisi ilə düzələn alınma sözlərdən ibarətdir.

İ.Həbibbəyli bildirib ki, əsas məsələ qoşa y samiti ilə yazılan sözlərin artıq tək y səsi ilə tələffüz edilməsi faktından ibarətdir: “Müşahidələr göstərir ki, Azərbaycan dilində – iyyət şəkilçisi ilə yazılan sözlərin mütləq əksəriyyətinin artıq bir y – ilə tələffüz oldunduğu nəzərə çarpmaqdadır. Belə ki, “Orfoqrafiya lüğəti”ndə “ədəbiyyat” sözü qoşa y ilə yazılsa da, tələffüzdə artıq bir y ilə – ədəbiyat deyilir. “Maliyə” bir y ilə tələffüz olunmasına baxmayaraq, hələ də bu qəbildən olan sözlər iki yanaşı y ilə yazılır”.

İ.Həbibbəylinin sözlərinə görə, dilimiz tələffüz etibarilə daha da asanlaşmağa doğru gedir, yazımız isə hələ də keçmiş qaydalara əsaslanır. Ona görə də indiki şəraitdə qoşa y ilə yazılan sözlərin orfoqrafiyasına yenidən baxmağa xüsusi ehtiyac var: “Bu qəbildən olan sözlərin Azərbaycan dilinin qanunlarına uyğunlaşdırılması günümüzün aktual məsələlərindəndir. Xüsusilə ümumxalq danışıq dilində daha çox işlənən ədəbiyyat, mədəniyyət, ziddiyyət, xasiyyət, əhəmiyyət, əziyyət, şəxsiyyət, milliyyət, xasiyyətnamə, hakimiyyət, muxtariyyət, kəşfiyyat, keyfiyyət, ünsiyyət, əməliyyat, riyaziyyat, nəşriyyat, mənsubiyyət, nailiyyət, əksəriyyət, ictimaiyyət tipli sözlərin yazılışında qoşa y səsinin orfoepiyasında artıq y səslərindən birinin işlənməməsi y-nın tək, ayrıca səslənməsi dilçilərimizi, orfoqrafiya qaydalarını yenidən hazırlayan alimlərimizi düşündürməlidir. Hazırda dilimizdə aktiv olan bu sözlərin – mənəviyyat, eyniyyət, ezamiyyət, əməliyyat, ətriyyat, məmnuniyyət, məzuniyyət, insaniyyət, ünsiyyət, bəşəriyyət, məcburiyyət, ictimaiyyət, cinsiyyət, davamiyyət, müdiriyyət, məhdudiyyət, hakimiyyət, məhkumiyyət, məhrəmiyyət, hürriyyət, hissiyyat, həssasiyyat, xüsusiyyət, muxtariyyət, mükəlləfiyyət, külliyyat, əksəriyyət, kəşfiyyat, keyfiyyət, qabiliyyət, məğlubiyyət, istiqlaliyyət, iqtisadiyyat, qövmiyyat, qeydiyyat, maddiyyat, mədəniyyət, mülkiyyət, məmnuniyyət, mənsubiyyət, nisbiyyət, nəşriyyat, nailiyyət, rəsmiyyət, riyaziyyat, məsuliyyət, səlahiyyət, islamiyyət, məşğuliyyət, şəxsiyyət, məşrutiyyət, təbiyyat, mövcudiyyət, müvəffəqiyyət, vəsiyyət, vəsiyyətnamə, irsiyyət, vəziyyət, ziddiyyət və s. sözlərin yazılışında və tələffüzündəki fərqləri daha aydın surətdə izləmək mümkündür”.

Alim qeyd edir ki, hazırkı şəraitdə yuxarıda qeyd edilən tipli sözlərin yazılışında tələffüzdə eyniləşdirmək üçün iki y samitindən birini atmağın zamanı çatıb. “Tələffüzdə qoşa y samitlərindən biri qaldığı üçün yazıda hər ikisini saxlamağa ehtiyac yoxdur. Qoşa yazılan iki y səsindən birinin atılması sözün mənasını dəyişmir, sadəcə olaraq, tələffüz normalarına uyğunlaşdırır. Yanaşı gələn y səslərindən birinin ixtisarı Azərbaycan dilində, kiçik də olsa, yazıda sadələşməyə doğru bir addımdır” – deyə akademik qeyd edib.

Sözsüz ki, müasir alimlər dilin ağır “yük”lərdən xilas edilməsi üçün təkliflər irəli sürürlər. Onlar Azərbaycan dilində yazı üsulunun sadələşməsinə çalışırlar.

İsa Həbibbəylinin məqaləsində irəli sürülən fikirləri şərh edən alimlər bildirirlər ki, bu gün dildə islahatların aparılması vacibdir, amma bunu birdən-birə yox, böyük maarifləndirmə işi həyata keçirməklə tətbiq etmək lazımdır.

Dövlət Dil Komissiyasının üzvü, tanınmış dilçi-alim, professor Buludxan Xəlilov bildirir ki, İ.Həbibbəylinin təklifi dəyərlidir, vacibdir, amma indiki halda onun tətbiqi müəyyən çaşqınlıq yaradar: “Bu təklifi geniş müzakirə etmək lazımdır. Bu müzakirə ona görə vacibdir ki, insanlar yazı vərdişində ədəbiyyatın iki y ilə yazılmasına adaptasiya olunublar. Biz bu vərdişi itirsək, yenidən bu sözlərin orfoqrafiyasına qayıtmalı olsaq, onda yazı sistemində böyük hərc-mərclik yaranar. Mənə elə gəlir ki, qanuniləşmiş, insanların düşüncəsində, göz yaddaşında möhürlənmiş qaydalar haqqında qərar çıxarmaqda bir az ehtiyatlı olmalıyıq. Əlbəttə, bu deyilən fikir onun üzərində qurulur ki, yazı bir az da sadələşsin. Yəni bir y ilə deyilirsə, iki y ilə niyə yazılsın? Amma düzdür, hər şeyi sadələşmək üzərinə aparmaqla insanların vərdişlərini əlindən ala bilərik. Çünki yazı təkcə ziyalı, alim üçün deyil, yazmağı bacaran hər bir insan üçündür. Biz bu məsələni ziyalılarımıza aşılaya biləcəyik. Ancaq ərizə yazmağı, protokol yazmağı, sadəcə olaraq yazıb-oxumağı bacaran sadə vətəndaşlara bunu aşılamaq üçün xeyli maarifləndirmə işi aparmaq lazımdır. Yəni bu maarifləndirici söhbətləri ortaya çıxaracaq. Bu səbəbdən də hesab edirəm ki, bu kimi təkliflərin tətbiqinə tədricən keçməliyik. Yəni buna birdən-birə keçsək, çox böyük problemlər üzə çıxacaq. Vaxtilə birdən-birə kiril əlifbasından latın qrafikasına keçdik və bu da bizim yazı vərdişlərimizin itməsinin səbəblərindən birinə çevrildi. Əlifba dəyişəndə insanların göz yaddaşı, qrafik sistemə münasibəti dəyişir. Ona görə də bu proseslərə tədricən, mərhələ-mərhələ, geniş şəkildə müzakirə edib keçməliyik. Təklifin özü yaxşıdır, amma zamanı yetişməmiş bir təklifdir. Yenə də deyirəm, orfoqrafiya qaydaları yalnız ziyalılar üçün deyil, yazmağı bacaran hər bir insan üçündür. Gərək bu qaydanı nəzərə alaq ki, orta məktəbin şagirdi də, müəllimlər də, ziyalı da, fəhlə də, jurnalist də, dilçi də bu qaydaya əməl etsin, buna hamı əməl etməlidir. Ona görə biz öz düşüncəmizlə o qaydaya əməl etməyi yox, daha aşağı təbəqənin, orta təbəqənin, şagirdlərin düşüncəsinə uyğunlaşdırmaqla, bu kimi işləri həyata keçirməliyik. Birdən-birə bu sistemə getsək, itkilərimiz olar. Çünki onsuz da dilin tətbiqində qüsurlar var”.

Dövlət Dil Komissiyasının gələcək faəliyyəti dövründə dillə bağlı təkliflərin müzakirəyə çıxarılacağını deyən B.Xəlilov hesab edir ki, burada uğurlu nəticələr əldə ediləcək: “Bu təkliflərin hamısı Dil Komissiyası tərəfindən müzakirə edilə və bu təkliflər ali təhsil müəssisələrinə, orta məktəblərə, nazirliklərə, müxtəlif qurumlara göndərilə, onlardan rəy alına bilər. O rəyləri də alıb, geniş ictimaiyyətin müzakirəsindən sonra ümumiləşdirib, sonra qərar çıxarmaq olar. Çünki dil taleyüklü məsələdir. Mənə elə gəlir ki, bu kimi məsələlər Dövlət Dil Komissiyasının tədbirlər planında öz əksini tapmalıdır. Bu tədbirlər planı da müxtəlif yerlərdə müzakirə olunaraq qərar çıxmalıdır. Biz müzakirədən qaçmamalıyıq, cəmiyyətə açıq müzakirələrə çıxmalıyıq. Təbii ki, hər adam bu məsələdə fikir yürüdə bilməz. Elitar, peşəkar təbəqə fikir yürütməlidir və bunları ümumiləşdirib vahid rəyə gəlməliyik”.

İradə SARIYEVA