“Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsi çərçivəsində tədbir keçirilib.
Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən toplantının iştirakçıları əvvəlcə Mərkəzin muzeyi ilə tanış olublar.
Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov tədbirdə çıxış edərək ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycan gənclər siyasətinin əsas istiqamətlərdən birinin gənclərin istəklərinə cavab vermək və ehtiyaclarını ödəmək olduğunu bildirib.
Layihənin rəhbəri Samir Pənəliyev qeyd edib ki, əsas məqsəd Bakı, Sumqayıt, Gəncə və İsmayıllı şəhərlərində yaşayan 14-17 yaşlı yeniyetmələr və 18-29 yaşlı gənclər arasında Azərbaycan elmi və bədii ədəbiyyatı nümunələri əsasında oxu mədəniyyətinin formalaşdırılması və vətənpərvərliyin təbliği ilə bağlı məlumat çatışmazlığını aradan qaldırmaq, eyni zamanda, bu sahədə təcrübəni inkişaf etdirmək, dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutmağı yeniyetmə və gənclərimizə aşılamaqdır.