“Velosiped icad etməyə ehtiyac yoxdur”

Kamran Əsədov: “Oxumağa meyli az olan, daha çox dəcəlliyə meyl edən şagirdləri texniki-peşə məktəblərinə yönəltmək lazımdır”
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkədə peşə təhsilinin 3 səviyyəli olmasını və yüksək texniki peşə təhsilinin yaradılmasını təklif edib. Milli Məclisin Elm və təhsil komitəsində “Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən direktor bildirib ki, peşə təhsili – ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki olmaqla üç hissəli olmalıdır.
Həmçinin, bəyan edib ki, yüksək peşə təhsili ali təhsil deyil: “Bu təhsil subbakalavr dərəcəsinin verilməsi ilə bitəcək. Yüksək texniki peşə təhsili dedikdə yüksək bacarıqlara malik olma nəzərdə tutulur. Müasir dünyada bilik əsasdır. Amma peşə təhsilində bacarıqlar vacibdir. Ona görə də peşə təhsili bacarıqların formalaşdırılması üzərində təşkil edilməlidir. Biz bunu dərk edirik və millət vəkillərindən xahiş edirik ki, bu təklifimizi dəstəkləsinlər”.
F.Mustafayevin sözlərinə görə, hər hansı şəxs texniki peşə alıb əmək bazarına çıxıbsa və bundan sonra öz karyerasını daha da yüksəltmək istəyirsə, o, yüksək peşə təhsili ala bilər: “Bu, bizim əvvəlki kolleclərin səviyyəsidir. Amma bu təhsil humanitar sahəyə yox, sırf texniki sahəyə aid olacaq. Hesab edirik ki, peşə təhsili pilləsinin 3 səviyyəli müəyyən olunması vacib addım olacaq”. Bununla yanaşı, peşə məktəblərində təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi və tələbələrə əməkhaqqı təyin olunması təklif edilir.
Təkliflə bağlı “Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov maraqlı məqamlara təmas edib. O bildirib ki, Azərbaycanda Təhsil Nazirliyinin tabeliyində 108 peşə təhsili müəssisəsi, o cümlədən 47 peşə liseyi, 1 peşə tədris mərkəzi və 60 peşə məktəbi fəaliyyət göstərir. Onlardan 8-i cəzaçəkmə müəssisələrinin nəzdindədir. Ekspertin məlumatına görə, bu təhsil müəssisələrində 30 min 664 nəfər təhsil alır: 
“1991-ci ildə 176 peşə-ixtisas müəssisəsi olub. Həmin dövrdə 82 min 188 tələbəyə 3465 müəllim dərs deyib, peşə öyrədib. 2013-cü ildə isə 15 min 246 nəfər peşə-ixtisas təhsili müəssisələrini bitirib. Son 22 il ərzində tələbələrin sayı 5 dəfə azalsa da, müəllimlərin sayı cəmi 2 dəfə azalıb. Bilirsiz, bütün gəncləri 1-ci sinifdən 11-ci sinfə kimi oxutmaq düzgün deyil. Sənətə meyli olanları texniki-peşə məktəblərinə yönəltməklə biz həm təhsilin keyfiyyətini qaldıra, həm də gözəl sənətkarlar hazırlaya bilərik. Amma ölkəmizdə hamı ali təhsil almaq istəyir. Düzdür, ali təhsilli insanlarımızın sayı çox deyil, əhalinin cəmi 17 faizi ali təhsillidir. Lakin əmək bazarında daha az işlə təmin olunma ali təhsillilərin payına düşür. Hər il universitetləri bitirmiş cəmi 42 faiz gənc işlə təmin olunur. Lakin peşə təhsili olanların işlə təmin olunma, iş tapma faizi 90 faizdən çoxdur”.
K.Əsədov vurğulayıb ki, texniki-peşə məktəblərini inkişaf etdirmək üçün yenidən velosiped icad etməyə ehtiyac yoxdur:
“Orta məktəblərdə 7-9-cu siniflərdə oxumağa meyli az olan, daha çox dəcəlliyə meyl edən şagirdləri texniki-peşə məktəblərinə yönəltmək lazımdır. Reallıq budur ki, Azərbaycanda orta məktəb şagirdlərinin 60 faizi məktəb proqramını mənimsəmir. Təsəvvür edin, ayıya velosiped sürməyi öyrədirlər, amma Azərbaycan məktəblərində şagirdə riyaziyyatı öyrədə bilmirlər. Buna görə də oxumaq istəməyən, sənətə meyilli şagirdi peşə öyrənməyə yönəldir, adını da qoyuruq texniki-peşə məktəbi. Vacib bir faktı deyim. Avropada peşə məktəblərini iqtisadiyyatın əsas gücü sayırlar. Buna görə də, Qərb hökumətləri keyfiyyətli və təminatlı tədris üçün peşə məktəblərinin inkişafı üçün hər cür şərait yaradır, lazımi vəsait ayırır. Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir, Azərbaycanda isə bu rəqəm 10 faizin altındadır”.
Ekspert bəyan edib ki, ölkəmizdə 100-dən çox peşə təhsili verən məktəblər olsa da, sənaye şirkətlərinin əksəriyyəti ixtisaslı fəhlə tapmaqda çətinlik çəkirlər: 
“Təəssüflər olsun ki, ali məktəblərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı hesab olunur. Amma bu, heç də belə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, bir çox hallarda 4 illik ali təhsil sadəcə olaraq, vaxt itkisidir. Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu olacaq. Çünki ali təhsil almış şəxslər heç də təhsilini başa vurduqdan sonra işlə təmin olunmurlar. Onların işlə təmin olunması üçün ciddi maneələr var. Amma peşə təhsili alanlar hətta təhsil aldıqları dövrdə belə işlə təmin olunurlar. Təəssüflər olsun ki, məktəbi bitirən gənclərə bu, düzgün izah olunmur və onlar bunu çox gec başa düşürlər. Hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma peşə təhsili alanlar qədər çox qazanc əldə edə bilmir, onlar qədər peşəkar səviyyədə deyillər. Hesab edirəm ki, gənclər bundan sonra ali təhsil almağa yox, daha çox peşə təhsilinə meyilli olmalıdırlar. Bu, onların uğurlu gələcəyi üçün çox vacibdir. Təklif edirəm ki, peşə məktəbləri maddi-texniki bazalarını və kadr potensiallarını tamamilə yeniləsinlər. Məzunlarını ancaq əmək bazarının tələblərinə uyğun şəkildə istehsalata buraxsınlar. Əmək bazarında ehtiyac olmayan ixtisaslar üzrə qəbul həyata keçirməyə ehtiyac yoxdur”.
İsmayıl