Eyni kökdən, eyni soydan olan türk xalqları üçün ortaq türk dili məsələsi mühüm problem olaraq illərdir müzakirə mövzusudur. Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğan 2017-ci ili Türk dili elan etməsi bu istiqamətdə atılan mühüm addımdır. Ortaq türk dili probleminin mövcud vəziyyətini müəyyənləşdirmək, qarşıda dayanan problemləri müzakirə etmək və həlli yollarını axtarmaq məqsədi ilə Yeni Türkiyə Stratejik Araştırma Mərkəzi və Türk Dil Qurumunun təşkilatçılığı ilə Ankaranın “Şeraton” otelində 13-15 noyabr 2017-ci il tarixində “Türk dilli ölkələr qurultayı” adlı möhtəşəm beynəlxalq tədbir baş tutdu. Dünyanın 4 qitəsindəki 40 fərqli ölkədən 320 araşdırmaçı qurultayda iştirak edirdi. Azərbaycandan akademik Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, professor Piralı Əliyev, professor Vaqif Sultanlı, professor Ramiz Əsgər, dosent Baba Məhərrəmli, dosent İradə Məmmədova, dosent Qızılgül Abdullayeva, dosent Səadət Vahabova, dosent Pərvanə Məmmədli, dosent Nuridə Novruzova, fil.f.d. Elçin İbrahimov, dosent Qətibə Quliyeva, Pərvin Eyvazov və başqaları iştirak edirdilər. Mən də “Ortaq türk dili məsələsi Azərbaycan mətbuatında” adlı məruzəmlə həmin qurultayda iştirak etdim.Hər bir iştirakçıya böyük şərəf və qürur hissi bəxş edən bu qurultayın əsas özəlliklərində biri türk dünyasının böyük alimləri ilə bir araya gəlmək oldu. Qurultayda Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin rəhbəri, Dr. Hasan Celal Güzel Türk dünyasının tanınmış elm adamlarını Mərkəzin təsis etdiyi “Türk dünyasına xidmət” ödülü ilə professor Osman Fikri Sertkaya, professor Tuncay Gülensoy, professor Yavuz Akpınar, professor Fikret Türkmen, professor Karjaubay Sertqocaoğlu, professor Firudin Cəlilov, filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlunu mükafatlandırdı.
Türk dünyasının böyük simalarını qurultayda görəndə öz razılıqları ilə onlarla müsahibə aparmağa qərar verdim.
İlk müsahibəmin respondenti İzmir Ege Universitetinin professoru Əli Yavuz Akpınar idi. Prof. Əli Yavuz Akpınar Azərbaycan ədəbiyyatının təbliğində gördüyü işlərə görə 1989-cu ildə Azərbaycan Dövlət Mükafatına, 1993-cü ildə Bakı Dövlət Universiteti tərəfindən fəxri doktor adına layiq görülmüşdür. Prof. Yavuz Akpınar Azərbaycan ədəbiyyatının tədqiqinə hələ Ərzurum Universitetində oxuyarkən başlamış, ilk öncə M.F.Axundzadə ilə maraqlanmış, 1970-ci illərdən bəri dəfələrlə Güney Azərbaycana və Bakıya gəlmiş, elə o vaxtlar da mərhum professor Abbas Zamanovla əlaqə yaratmışdır. Prof. Yavuz Akpınar 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan hələ təzəcə müstəqilliyinə qovuşduğu zaman prof. Yavuz Akpınar 1992-ci ildə bir il Vaşinqtondakı Amerikanın Səsi Radiosunda hər həftə Azərbaycanın mədəniyyət və ədəbi mühiti mövzusunda məqalələr yazıb öz səsi ilə oxuyardı.
- Hörmətli professor Yavuz bəy, dəyərli vaxtınızı mənimlə müsahibə üçün ayırdığınıza görə Sizə minnətdaram. Sizi mən 8 ildir ki tanıyıram. Əli Yavuz Akpınar Azərbaycan ədəbiyyatşünaslığında fəxr və qürurla çəkilən imzadır. İstəyərdim ki, Azərbaycan ədəbiyyatı haqqında apardığınız araşdırmalarınızdan bəhs edəsiniz.
- Mən XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatını profesional olaraq tədqiq etmişəm. N.Xəzri. B.Vahabzadə, H.Nitqinin, M.Şəhriyarın şeirlərini Türkiyədə ilk dəfə mən çap etdirmişəm. İranla bizim 1960-70-ci illərdə əlaqələrimiz açıq idi. Amma o zamanlar Azərbaycandan bizə məktub göndərilə bilmirdi. Sovet dövründə mən Şimali Azərbaycanla Cənubi Azərbaycan arasında əlaqə yaradan şəxs oldum. Əsəd Behrəngi Abbas Zamanovun “Sabir və müasirləri” kitabını Təbrizdə çevirmişdi, o kitabı Abbas bəyə mən aparmışdım. Mən Süleyman Rüstəmin orta məktəb yoldaşı Aşıq Qəşəmlə də görüşmüşdüm, onun səsini yazmışdım və öz xahişi ilə onu Süleymana dinlətdirdim. Amma indi müstəqillik əldə olunduqdan sonra Azərbaycana birbaşa məktub göndərmək imkanımız var.
Mənim vəkil İbrahim Bozyellə birlikdə 1983-cü ildən etibarən Ərzurumda çıxartdığımız “Qardaş Ədəbiyyatlar” jurnalı sadəcə Azərbaycana deyil, bütün Türk dünyasına açılan mühüm bir qapı olmuş və öz dövründə böyük etibar qazanmışdır. 1960-cı illərdə Türkiyədə rusların maddi olaraq dəstəklədiyi kommunistlər vardı. Kommunistlər Sovetlərin içində əridilər, türklüyünü itirdilər. Belə vaxtda mən Bəxtiyar Vahabzadənin ana dilindən və vətən sevgisindən bəhs edən şeirlərini Türkiyədə çap etdirib təbliğ etdim.
- Türkiyə və Azərbaycan əlaqələri Sizi müasir dövrdə qane edirmi?
- Mən hər iki dövlət arasında əlaqələrin daha da inkişaf etməsini çox istəyirəm. Bu səbəbdən məni yetərincə qane etmir. Bütün türk dünyası dövlətlərinin münasibətlərinə nəzər yetirdikdə görərik ki, ən sıx əlaqə hələ Azərbaycanla Türkiyə arasındadır. Bu normaldır. Çünki coğrafi və dil baxımdan çox yaxınıq. Amma mən bunu da yetərli görmürəm. Bu sözümü siyasi cəhətdən anlamayın. Ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, biz bir millət, iki dövlətik. Biz siyasi olaraq Azərbaycanın varlığını inkar etmirik. Dünyada, əslində, bütün millətlər bir-birinə möhtacdır. Azərbaycanla Ermənistan arasındakı münasibətə bu gün diqqət yetirsək, görərik ki, ermənilər həm özlərinə, həm də ətrafına zərər verdilər.
- Siz türk xalqlarının inkişafındakı əngəlləri və maneələri nədə görürsünüz?
- Ən böyük maneə zehniyyət və düşüncəmizdəki görünməyən divarlardır. Sovet dövründə Türkiyə ilə Azərbaycan arasında dəmir pərdə vardı. Türkiyə ilə Azərbaycanın əlaqələri 1920-ci ilə kimi mükəmməl nöqtəyə gəlib çıxmışdı. Sovet dönəmi çökdüyü zaman türkiyəli diplomatlar Azərbaycanla bağlı heç bir məlumatı yox idi.
- Amma 1960-cı illərdə Azərbaycanla Türkiyə münasibətlərində istiləşmə yaranmışdı. Həmin dövrdən başlayaraq bizim yazıçılardan M.Hüseyn, M.Aslan, Elçin və başqaları da Türkiyəyə səyahət etmişdilər.
- Bəli o zamanlar Türkiyə prezidenti Süleyman Dəmirəllə Leonid İliç Brejnev arasında münasibətlər yumşalmışdı. Amma o vaxtı da azərbaycanlılar özünə türk demirdi, azərbaycanlı deyirdi. Çünki o vaxtı əlaqələrimiz pis nöqtədə başlamışdır. Hətta müstəqillik illərində azərbaycanlı alimlər latın əlifbasına keçəndə də türk əlifbasının eynisi olmasını deyirdilər. Əlifba əslində vasitədir. Ortaq olarsaq, bir-birimizi daha yaxşı anlayarıq.
- Mən bu il Rusiyanın Kazan şəhərində beynəlxalq konfransda iştirak edən zaman iştirakçıların hamısı müxtəlif türk dilli dövlətlərdən gəlmişdilər. Mən rus, ingilis, Türkiyə türkcəsini bildiyimdən ünsiyyət yaratmaq baxımında dil problem deyildi. Amma qazax öz dilində danışır, azərbaycanlı türkü anlamır, Türkiyə türkü öz dilində danışır, tatar anlamır. Amma hamımız eyni kökdən, eyni soydan olan türklər idik.
- Siz bir çox dilləri bilirsiniz, xoşbəxt insansınız. Amma keçmişə nəzər salaq. Füzuli, Nəsimi milli sərhəd tanımırdı və onlar uyğur türklərinə qədər tanınardılar. O zamanlar pasport, viza soruşmurdular. Ədəbi-mədəni münasibətlər baxımından qapılar üzümüzə açıq idi. Aşıq Alı Türkiyəyə gəlib saz çalıb oxuyanda hamı onu anlayardı. Dünya mədəniyyətində çoxlu türk rəngi, çalarları var. Niyə biz öz qədim əlaqələrimizi inkar etməliyik? Buna görə də, biz zehnimizdəki divarları yıxmalıyıq.
Bir qazax Türkiyəyə gələndə mən onu evimdə qardaşım kimi qonaq edərəm. Çünki biz bir millətik. Hətta dilimiz də elə birləşməlidir ki, heç kim bizi bir-birimizdən ayıra bilməsin. Bu gün almanlarla avstriyalılar arasında dil fərqi varmı? Siz Avstriya ədəbiyyatı adını eşitdinizmi? Ancaq alman ədəbiyyatı adı altında gedir. Bu gün ümumi bir ərəb ədəbiyyatı var. Mən əslən Qarslıyam. Nəslim azərbaycanlı türklərindəndir. Mühacir deyilik, amma 600 il əvvəl Qarabağdan gəlmişik. Azərbaycan türklüyü, Türkiyə türklüyü də mənim düşüncəmdə qaynayıb qarışıbdır. Hələ orta məktəbdən türk dünyasını sevən bir insanam. Türk dünyasının bütünləşməsi, yaxınlaşması lazımdır. Siyasi problemlər məni heç maraqlandırmır.
- Son zamanlar Azərbaycan mətbuatını izləyirsinizmi?
- Ancaq internet saytlarından izləmək imkanım var. “525-ci qəzet”, “Kaspi”, “Xalq” qəzetlərində ədəbiyyat bölümünü izləmək imkanım var. Gündəlik siyasi məsələlər məni maraqlandırmır. Mən siyasətçi deyiləm.
Mən Azərbaycan ədəbiyyatını Sovet pərdəsindən təmizləyib tanıtdırdım. Müasir dövrdə mən Əkrəm Əylislinin etdiyi səhvi anlaya bilmirəm. İsa Hüseynov da çox qabiliyyətli yazıçıdır, ancaq o da böhrana düşdü. Halbuki, millət hürriyyətə qovuşub, yeni sosial həyat yaranıb. Bir yazıçı necə bir böhrana düşə bilər? Bu təhlükədir. H.Zərdabi, S.Ə.Şirvanidə belə bir tərəddüd yoxdur. M.F.Axundovun komediyaları sağlam yoldadır. C.Məmmədquluzadə cəmiyyətin problemlərini gözəl təsvir etsə də, o, da çarlıq imperializmini tənqid edə biləcək nöqtəyə gələ bilmədi.
Azərbaycan mətbuat tarixinə nəzər saldıqda “Molla Nəsrəddin”, “Füyuzat”, “Həyat”ı, hamısı ayrı-ayrı dünyalar kimi görürəm. “Türklər kimdir və kimlərdən ibarətdir” əsərini yazan Əli bəy Hüsynzadəyə romantik deyə bilməzsən. Şeirdə duyğu zənginliyi romantizm ola bilməz. Ə.Hüseynzadə tarixə baxışında da romantik deyil.
Hüseyn Cavid bizim bu gün arzu etdiyimiz ortaq türk mədəniyyətinin başında gəlir. H.Cavid örnək şəxsiyyətdir. Gələcəkdə belə insanların sayının artması lazımdır.
Ortaq türk dövləti olmadan ortaq türk mədəniyyəti yaratmaq mümkün deyil. Ancaq Teymurləng kimisi biri zorla bunun öhdəsindən gələ bilər. Türk tarixində də belə olub. Ona görə də biz bu günün problemlərinə baxmalıyıq. İsmayıl bəy Qaspıralı ortaq türk tarixini arzu edirdi. Avropada İ.Qaspıralı millətləşmənin nə olduğunu öyrəndi. O, ruslar içərisində əsil müsəlman türkü olmağı bacardı. Türk dünyasında hətta ortaqlığın qalmadığı dövrdə İ. Qaspıralı bunları anladı.
–Amma mən müasir dövrdə Rusiyada yaşayan türklərdə də milli köklərindən uzaqlaşmaq problemini görürəm.
– İnsan can çəkişən zaman dirilik əlaməti göstərir. Əgər bir evin içində ana dili unudulmuşsa, deməli, iş bitmişdir.
– Hal-hazırda Almaniyada yaşayan türkləri də, məncə bu problem gözləyir. Məmməd Aslan “Ərzurum gədiyinə varanda” səyahətnaməsində bu poblemin 1980-ci illərdə mövcud olduğunu qeyd edir. O, əsərdə sizin haqqınızda məlumat verir.
– Bəli o vaxtı M.Aslanı vəkil İ.Bozyel dəvət etmişdi. Almaniyada bir türk yaşayırsa, nə qədər türklüyünü, müsəlmanlığını qoruya bilər? Bu sosial həqiqətdir. Türk kimi yaşamaq istəyirsənsə, gəl Türkiyədə yaşa.
- Sovet dövründə B.Vahabzadəni, X.Rzanı və başqalarını da 1937-ci ilin repressiya təhlükəsi gözləyirdi. Amma o dövrdə məhz ümummilli lider Heydər Əliyevin sayəsində bu təhlükə ortadan qaldırıldı.
- Nə qədər gözəldir. Sovet vaxtında hər bir vəzifəlinin yanında rus, yaxud da erməni müavini vardı. Ümummilli lider Heydər Əliyev Azərbaycanın ən böyük xoşbəxtlik gətirmiş şəxsiyyətdir. Mən Sovet dövründə Azərbaycana girib çıxan zaman SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) ilə bir çox problemlər yaşadım. Prof. A.Zamanov H. Əliyevə bu barədə şikayət etmişdi. Mənim işimi asanlaşdıran böyük şəxsiyyət Heydər Əliyev idi. M.Füzulinin yubileyində H.Əliyev özü də mənə söyləmişdi ki, sənin gəlib getməyindən mənim xəbərim var. Professor Vilayət Quliyev buna şahiddir. H.Əliyevin mənim adımı bilməsi ağlımın ucundan belə keçməzdi.
A.Zamanov məndən o vaxtı H.N.Atsızın türkçülüklə bağlı əsərlərini istəyəndə, mən onu Azərbaycana gətirməyin mümkünsüz olduğunu söylədim, amma o, sərhəddən mənə verilən qəbzi gətirməyimi xahiş etmişdi. Bir də görürdüm ki, A.Zamanov kitabları alıb. Böyük lider H.Əliyevin türkçülük sevgisini mən o zaman gördüm.
- Azərbaycana tez-tez gəlirsiniz. Son zamanlar baş verən inkişafın şahidisiniz.
- Azərbaycan istiqlalına qovuşanda mən Amerikada idim. Mən Azərbaycanın Sovet dönəmindən bu günə qədər keçdiyi dövrlərin ana xətlərini gördüm. Qarabağ hadisələri çox böyük faciə oldu, Azərbaycan tarixində dərin yara açdı. Fəqət Bakı türkləşdi. Mən buna çox sevinirəm. Çünki Sovet dövründə Bakıda türkcə danışılmazdı. Amma mən o zamanlar da Azərbaycanda olanda Azərbaycan türkçəsi ilə danışardım. Sovet dövründə Yaşıl teatrda aşıqların bir konserti oldu. Böyük sevinclə mən ora getdim. Ancaq orada kəndlilər çox idi. O zaman milli ədəbiyyata az dəyər verildiyini gördüm. Sovet dövründə bürokratlar xalqa yuxarıdan aşağı baxırdılar. Bunu ölkəyə girən zaman anlamışdım. Ona görə də Azərbaycanın müasir dövrünü türkləşmə dövrü kimi adlandırıram.
Bizim araşdırmaçılar da qazax, qırğızı Türkiyə türkü kimi görmək istəyirlər. Bu yanlış fikirdir. Tarix türkləri qövmlərə ayırmışdır. Tarixi tərsinə çevirmək olmaz. Amma gəlin türklüyü parçalamayaq. Ümumiyyətlə, mən türk xalqlarının mütərəqqi yolda inkişafını, daha da yüksəlməsini və irəliləməsini arzu edirəm.
*****
“Türk dilli ölkələr qurultayı”da yalnız türk dünyasının deyil, Avropanın tanınmış, nüfuzlu türkoloq alimi, İstanbul Universitetinin professoru Osman Fikri Sertkaya da iştirak edirdi.
Prof. O.F.Sertkayanın 1966-2013-cü illərdə Göytürk, Uyğur, Qaraxanlı, Qıpçaq, Cığatay, Erkən Osmanlı və Çağdaş Uyğur Türkçəsi dövrələrinin dili, ədəbiyyatı, tarixi, sənəti, musiqisi, folkloru, qısacası Türk dili və mədəniyyətinin müxtəlif sahələrində 50-dən çox, alman, fransız, ingilis, qırğız Türkçəsi, rus vəyapon dillərində olmaq üzrə 425-dən çox tədqiqatları dünyanın nüfuzlu jurnallarında dərc olunmuş və o, 180-dən çox beynəlxalq elmi konfransların məruzəçisi olmuşdur. 19 sentyabr 1995-ci il də o, “Manas dastanına – 1000 il” adlı xatirə medalı ilə, 1999-cu ildə Türkiyənin Prezidenti Süleyman Dəmirəl tərəfindən “Türk Dünyasına Xidmət Ödülü”nə, 2002-ci ildə Tatarıstan Elmlər Akademiyası Alimcan İbrahimov Dil, Ədəbiyyat və Sənət İnstitutunun Elmi Şurası tərəfindən İnstitutun Şərəf Üzvü seçilmiş, 9 oktyabr 2009-cu ildə Macarıstan Aleksandr de Koros Ksoma İnstitutunun “Şərəfli üzvü” mükafatlarına layiq görülmüşdür.
Türk dünyasının böyük alimi, prof. O.F.Sertkaya ilə öz razılığı ilə müsahibə aparmağı qərara aldım.
- Hörmətli professor Osman bəy, dəyərli vaxtınızı mənimlə müsahibə üçün ayırdığınıza Sizə minnətdaram. Professor Osman Fikri Sertkaya türk dünyasında böyük hörmətlə səslənən imzadır. Mən Sizi ilk dəfə 14 noyabr 2016-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı keçirilən I Türkoloji qurultayın 90 illiyi münasibəti ilə “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda görmüşdüm. Gözəl və nurlu simanız var. İstəyərdim ki, Siz Azərbaycanla olan əlaqələrinizdən bəhs edəsiniz.
- Təşəkkür edirəm. Mən elmə ilk addımlarımı atdığım zaman müəllimlərimiz bizə türk dünyası – yakut, çuvaş, tatar, özbək, qırğız haqqında dərslər keçdi. Mənə dərs deyən müəllimlərdən biri də 1899-cu ildə Gəncədə dünyaya göz açmış Əhməd Cəfəroğlu idi. O, mənə türk dünyası mövzusunda dərs deyən zaman daha çox Azərbaycan üzərində dayandı. Əhməd Cəfəroğlu mənə Azərbaycanı sevdirdi. 50 ildən bəri Ə.Cəfəroğlunun tikmiş olduğu fidan böyüdü, böyük meyvələr verdi.
- Əhməd Cəfəroğlu 1929-cu ildə Almaniyanın Breslau Universitetində prof. F.Gizinin rəhbərliyi altında “Gəncə dialektində 75 Azərbaycan bayatı-türküsü. Bir dil araşdırması” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru (indiki adla) elmi dərəcəsini qazanır. Ancaq o, Almaniyada qalmır. Türkiyəyə döndükdən sonra həmin ildən etibarən İstanbul Universitetinin Ədəbiyyat fakültəsində türk dili tarixi kafedrasının dosenti, 1938-ci ildə həmin kafedranın professoru, 1946-cı ildən ömrünün axırına qədər isə oranın müdiri vəzifəsində çalışır.
- O, əvvəlcə Kiyev Ali Ticarət İnstitutunda təhsil almışdı. Türkiyəyə gələndə Mehmed Fuad Köprülünün rəhbərliyi altında türk dili və ədəbiyyatı bölümünü bitirir. Ə. Cəfəroğlunun təqaüd alması üçün kömək etdilər, sonra o, Almaniyaya getdi. Türkiyəyə geri dönəndə İstanbul Universitetində prof. M.F.Köprülünün assistanı olur. M.F.Köprülünün anası Ə.Cəfəroğlunu bir övladı kimi evində qonaq etdi.
Ə.Cəfəroğlu dünyanın öndə gedən türkoloqlarından biri idi. O, mükəmməl ensiklopedik biliyə malik bir şəxs idi. Bir çox xarici dilləri də əla bilirdi. Azərbaycanın Gəncə şəhərindən olduğuna görə özbək, tatar ləhcələrini başa düşdüyü kimi, rusca, almanca, fransız dillərini yaxşı bilirdi. Ələlxüsus da, dünya ədəbiyyatına yaxşı bələd olan müəllim idi. Ə.Cəfəroğlunun bir başqa özəlliyi də XVII-XIX əsrlərdə yaşamış Azərbaycan ədiblərini bizə tanıtması oldu. Amma kommunizm qanunlarının əleyhinə idi. Ona görə də Azərbaycanda kommunistlərin idarəetməsində olduğu zaman bir çoxları onun əleyhinə yazılar yazdı.
Mən Cəfər Cabbarlı haqqında Türkiyədə gözəl bir məqalə dərc etdirdim. Əgər Ə.Cəfəroğlunun tələbəsi olmasaydım, mən C.Cabbarlını hardan tanıyacaqdım?
- Doğrudur. Azərbaycanın tanınmış dramaturqu, şairi Cəfər Cabbarlının yaradıcılığını sevdinizmi?
- Əlbəttə. Tanınmış yazıçı, böyük şair Cəfər Cabbarlı 35 yaşında dünyasını dəyişmişdi. 1988-ci ildə Azərbaycana gedəndə adını bilmədiyim bir nəfər mənim cibimə bir kağız qoydu. Sonra kağızı oxudum və kağız C.Cabbarlının arxivindən tapılmış “Turan ellərinə salam söyləyin” şeiri idi. Mən bu şeiri Türkiyədə dərc etdirdim.
- Azərbaycanlı dilçi araşdırmaçılarından kimləri tanıyırsınız?
- Azərbaycanlı dilçi alimlərin, türkoloqların, demək olar ki, hamısını tanıyıram. Akademik Məmmədağa Şirəliyev 1969-cu ildə İstanbula gəlmişdi. Mən həmişə olduğu kimi müəllimim Ə.Cəfəroğlunun yanında idim. Ə.Cəfəroğlu məni öz aspirantı kimi M.Şirəliyevə təqdim etdi. M.Şirəliyev cibindən qeyd dəftərçəsi çıxartdı və adımı soruşub dəftərçəsinə “Osman bəy Sərtkaya” yazdı. Sonra 1970-ci ildə aprel ayında Ə.Cəfəroğluya Bakıdan bir məktub gəldi. “Sovetskaya Turkologiya” jurnalının 1-ci nömrəsi idi. Jurnalın biri Osman bəy, o biri Əhməd bəy üçün yazılmışdı. Mənə 3 il o jurnalı M.Şirəliyev göndərdi. İndi o jurnalın baş redaktoru, dostum, akademik Kamal Abdulladır. Jurnalın məsul katibi isə fil.f.d. Elçin İbrahimovdur. “Türkologiya” adı ilə hal-hazırda çap olunan jurnalın 47 illik sayının hamısı dünyada tək məndədir. Bu mənim üçün iftixar vəsiləsidir. Təbii ki, M.Şirəliyevdən sonra gələn azərbaycanlı alimlərindən Vaqif Aslanov, Fərhad Zeynalov, Oqtay Əfəndiyev, Tofiq Məlikli, Aydın Məmmədov, Firudin Cəlilov, Elşən Şükürlü və başqalarını da tanıyıram.
Sonuncu dəfə Azərbaycana gələndə müxtəlif şəhərlərdən gəlmiş parlaq gənc nəsli gördüm. Bəzi müəllimlər plenar iclasdan sonra dəhlizdə kofe, çay içirdilər, söhbət edirdilər, amma mən bütün gənclərin məruzələrini bir-bir dinlədim.
– Gənclərə böyük dəyər verməyiniz məni çox sevindirdi.
– Bəli. Hətta beynəlxalq konfransda gənc nəslə “Azərbaycan türkologiyasının gələcəyi sizlərin – gənclərin əlindədir” söylədim.
Hal-hazırda mən 72 yaşındayam. Mənim məşğul olduğum sahə ilə Azərbaycanda araşdırma aparan alimlər var. Mən yazımın birini professor Cahangir Qəhramanova ithaf eləmişəm. Türk dünyasının qəlbi Bakıdır. 1987-ci ildə Moskvada Sovet türkoloqları Komitəsində bunu biz bir daha vurğulamışdıq. Ona görə də Sovet türk Kollokviumlarının biri 1987-ci ildə Bakıda oldu.
- Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi Adına Dilçilik İnstitutunun “Filologiya məsələləri” adlı nüfuzlu elmi jurnalın 1996-cı il 7-ci sayı Sizin anadan olmağınızın 50 illik yubileyinə həsr olunmuşdur.
- Həmin jurnal çap olunanda mənim bundan heç xəbərim olmamışdır. Türkiyat İnstitutunda müəllimim, prof. Əhməd Cəfəroğluya həsr olunmuş iclas keçirirdim. Vaqif bəy jurnalı mənə orda vermişdi. Çantama qoydum. Evə gələndə oxudum, üzərinə “Osman Fikri Sərtkayanın 50-ci ildönümü üçün gözəl ithaf” yazılmışdı. Bu mənim üçün böyük şərəf və xoşbəxtlik idi.
2012-ci ildə mən ağır xəstəlik-beyinqanaxması keçirdim. Bundan xəbərim olmamışdı. 4 gün ağır vəziyyətdə İstanbul Universitetində dərs dedim. 5-ci gün xəstəliyimdən xəbərdar oldum. 6-cı gün məni əməliyyat etdilər. Buna görə mənim dostlarım çox pis olmuşdular. Dərhal məndən xəbərsiz “Yalım kaya bitigi” adlı ərmağan kitabı (Ankara, 2013) çap etdirmişdilər. “Yalım kaya” əski türkcədə “sərt qaya” deməkdir. Bu kitab Türkiyədə bu günə qədər çap olunan ərməğan kitablarının ən iri həcmlisidir. Keçən il mərhum alim, müəllimim Tələt Tekin üçün xatirə kitabı hazırladım. Mənim ildönümüm münasibəti ilə çıxan kitabda 63, bu kitabda 64 yazı vardır. Sağ olsun yazanlar. Akademik Kamal Abdulla da mənimlə bağlı mətbuatda bir məqalə dərc etdirmişdir. Bu onun mənə böyük lütfüdür. Ona böyük uğurlar arzu edirəm. Akademik Kamal Abdulla Azərbaycanın istedadlı alimidir. Allah ona uzun ömür və can sağlığı versin.
Azərbaycanın böyük şairi Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” adlı şeiri Türkiyədə çox məşhurdur. Ancaq Sovet dövründə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) onun evini qarət edib, sənədlərini götürmüşdü. Sonra Üzeyir Hacıbəyli onun sözlərinə musiqi bəstələmişdi. Onun da evinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) hücum etmişdir. Şeirin orijinalı itmişdir. Ancaq Əhməd Cavad 1918-ci ildə bu şeiri yaxın dostu Əli bəy Hüseynzadəyə vermişdir. Əli bəy Hüseynzadə qızı Feyzavər xanım atasından qalan sənədlərin hamısını Ege Universitetinin türkoloji bölümünə verdi ki, ondan doktorluq dissertasiyaları yazılsın. Onların içərisindən Əhməd Cavadın əlyazmasının orijinalını tapdım. Əhməd Cavad şeirdə belə yazırdı: “Çırpınardın Qara dəniz”. Mən bunu akademik Kamal Abdulla və akademik Möhsün Nağısoyluya da göstərdim. “Türkologiya” jurnalının 2017-ci il 3-cü sayında mənim “Əhməd Cavad Axundzadənin “Qara dəniz” şeiri” adlı 10 səhifəlik məqaləm dərc olunub. Əhməd Cavad o qədər böyük şairdir ki, repressiyaya məruz qalsa da, Azərbaycan xalqı onu unutmadı və ona böyük qiymət verdi. Hətta Əhməd Cavadın şeiri Azərbaycan Respublikasının Dövlət Himninə çevrildi.
*****
Türk dünyası tarixinə yazılan 13-15 noyabr 2017-ci il tarixində “Türk dilli ölkələr qurultayı”da tanınmış türk folklorşünas araşdırmaçı, professor Fikrət Türkmen də böyük hörmətlə qarşılanan iştirakçılardan biri idi. Prof. Fikrət Türkmen Bakı Dövlət Universitetinin fəxri doktoru (1992), “Manas-1000”nişanı (1995), Türk Dünyasına göstərdiyi xidmətlərinə görə Türkmənistanda TÜRKSOY-un “Məxdumqulu” (1996) və s. mükafatlara layiq görülmüş, bir çox türk dövlətlərində uğurlu layihələr həyata keçirmişdir. Türkiyənin hətta müxtəlif bölgələrindən onun tələbələri sevimli müəllimləri olmuş prof. Fikret Türkmenlə görüşməyə gəlmişdilər.
Prof. F.Türkmenlə qurultayın fasiləsində vaxt ayırıb müsahibə aparmağa qərara aldım.
- Hörmətli professor Fikret bəy, dəyərli vaxtınızı mənimlə müsahibə üçün ayırdığınıza Sizə minnətdaram. Professor Fikret Türkmen türk dünyasının filologiyasında məşhur imzadır. Mən sizinlə ilk dəfə Bakı Slavyan Universitetində 5 may 2015-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VI Beynəlxalq elmi konfransda tanış olmuşdum. İkinci dəfə sizinlə 15 noyabr 2016-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkil etdikləriI Türkoloji qurultayın 90 illiyi münasibəti ilə “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda gördüm. Sizin Azərbaycanla əlaqələrinizin tarixi haqqında bəhs etməyinizi istəyirəm.
- Mənim Azərbaycana ilk səyahətim 1984-cü ildə baş tutdu. Həmin ildə SSRİ Elmlər Akademiyasının dəvəti ilə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstana da getdim. Amma Türkmənistana getmək üçün viza vermədilər. O vaxtı Azərbaycandan ayrılarkən həm kədərləndim, həm də sevindim. Ona görə sevindim ki, Azərbaycanı görmüşdüm, adlarını eşitdiyim, üzlərini görmədiyim alimlərlə – Abbas Zamanov, Məmmədağa Şirəliyev, Ziya Bünyadov və başqaları ilə tanış olmuşdum. Məni onlar yüksək səviyyədə qarşıladılar və mən onlarla çox qürur duydum. Akademiyada mən konfransda iştirak edən zaman azərbaycanlılar Türkiyə türkçəsinin dinləməyinin həyəcanını, sevincini yaşayırdı. 1988-ci ilin iyul ayında Əlyazmalar İnstitutunda keçirilən Beynəlxalq “Dədə Qorqud” Kollekviumunda Türkiyədən 10 alim iştirak edirdi. Bizim qrupda Orhan Şaik Gökyay, Ahmet Bican Ercilasun və başqaları da vardı. Konfrans çox uğurla keçdi. Ondan sonra gəlib-gedişlər çoxaldı.
1990-cı ilin may ayı idi. Azadlıq meydanında tanklar, əsgərlər vardı. O vaxtı “Azərbaycan” mehmanxanasında qalırdım və bir səhər möhkəm gurultulu səsə oyandım. 1990-cı ilin yanvar hadisələrində vəzifə tutmuş rus zabitlərinin ailələri təyyarə ilə getməyə tələsirdilər. Ölkədən çox hörmətsizcəsinə bir gediş idi. Bu mənzərə məni çox əsəbləşdirdi. O zaman hətta “Bakıda bir başqa sabah” adlı bir şeir də yazdım: “Bakı səssiz və yorğun, Səsində doğum sancısı”. Azərbaycanın müstəqilliyini bu şeirimdə diqqətə çatdırdım. Folklorşünaslardan biri şeiri redaktə üçün götürdü, sonra şeir itdi. 26 il sonra şeir əlimə keçdi. Şeiri hekayəsi ilə birgə Türkiyədə dərc etdirdim.
Sonralar Türkiyə Prezidenti Süleyman Dəmirəl, Abdulla Güllə də Bakıya gəldim. Bakı artıq mənim ikinci evim oldu. TÜBİTAK tərəfindən maliyyələşən “Azərbaycandakı köhnə məzar daşlarında türk kültürü, sənəti, tarixi və folkloru baxımından araşdırılması” adlı bir layihəyə (2006-2009) başladım. Sonra əlaqələrimiz daha da inkişaf etdi. Azərbaycanda ən çox şəhərlərin tarixi ilə maraqlanardım. Çox təəssüflər olsun ki, Gəncədə ola bilməmişəm. Bizim layihəmiz qəbul olunanda Azərbaycanın məzar daşlarında sənət, folklorla bağlı araşdırmalar apardım və “Azərbaycan məzar daşlarında at”, “Azərbaycan məzar daşlarında su”, “Azərbaycan məzar daşlarında qoyun” və s. məqalələrimi Türkiyədə dərc etdirdim. Gələcəkdə Azərbaycanla bağlı məqalələrimi toplayıb kitab kimi dərc etdirməyi planlaşdırıram.
Mənim “Yeni Azərbaycan” qəzetinin 2013-cü il 3 may sayında “Heydər Əliyev və Türkiyə-Azərbaycan əlaqələri” adlı məqaləm çap olunmuşdur. 2013-cü ildə ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə “Yeni Azərbaycan” qəzetinin təşkil etdiyi məqalə müsabiqəsində xarici vətəndaşlar içərisində mənim bu məqaləm birinci yerə layiq görüldü.
–Eşitdiyimə görə bu müsabiqədən qazandığınız pul mükafatını Qarabağdan didərgin düşmüş məcburi köçkünlərə bəxşiş eləmisiniz.
– Əslində mən etdiyim xeyirxahlığı dilə gətirib deməyi sevən adam deyiləm. Azərbaycan mənim üçün doğma bir ölkədir. Hər dəfə Azərbaycana gələndə yeni bir şey kəşf edirəm. Görə bilmədiyim özəlliklər hələ də qalır.
- O özəl cəhətlər haqqında danışa bilərsinizmi?
- Birinci özəllik, azərbaycanlılar səmimi insanlardırlar. Fəqət bəzən Sovet sisteminin bəzi vərdişlərinə də rast gəlirəm. Bunun üçün daha bir neçə nəsil keçməlidir.
- Azərbaycanda gənc nəslin gələcəyini nə cür görürsünüz?
- Azərbaycanda inkişaf mükəmməldir. Azərbaycanda gənc nəsil daha idealistdir, vətənə, millətə daha bağlı, fədakardır. Amma tək Azərbaycanda deyil, dünya gənc nəslində adət-ənənələrdən uzaqlaşmaq da görürəm. Son illərdə isə ruslara tərəf meylilik hiss edirəm. Valideynlər uşaqlarını rus bölməsində təhsil almağa qoymağı özləri üçün şərəf bilirlər. Rusiyaya meyliliyin mən həm təhlükəli, həm də müsbət hal kimi görürəm. Ruslarla azərbaycanlılar yaxınlaşanda milli kökdən uzaqlaşma təhlükəsi də artır. Bizim tarixi qəhrəmanlarımız var. Bunun üçün “Türk dünyası dastanlarının təsbiti, Türkiyə türkçəsinə çevrilməsi və nəşr olunması” adlı layihəsinə (1997-2008) başladım və artıq 65 cild oldu. 30 cildlik uşaqlar üçün “Dastan romanları” adı çoxcildlik tərtib elədim. “Akçağ” nəşriyyatı yenidən onu çap edəcək. Bu kitablar uşaqlar üçün çox maraqlıdır. Çünki uşaqlara nəyi verirsənsə, onu da alırsan.
- “Türk dilli ölkələr qurultayı”da “Ortaq türk dili məsələsi Azərbaycan mətbuatında” adlı məruzəmdə qeyd etmişəm ki, yazıçı Anar, Sabir Rüstəmxanlı və başqaları bu məsələdə Türkiyə türkcəsinin tərəfdarıdır. Ortaq türk dili məsələsi haqqında uzun illərdir ki, danışılır. Əlbəttə, bu cür konfransların əhəmiyyəti böyükdür. Çünki bir problemi bir dəfə danışmaqla öz həllini tapmır. Bəzən illər, əsrlər lazım olur. Siz bu problemin həllini nədə görürsünüz?
- Problemin həlli yolunda ən birinci addım türk dünyasını bir ləhcədə birləşdirməkdir. Hal-hazırda bu çətin məsələdir. Türk xalqlarının bəziləri yarımmüstəqil dövlətdirlər. Bəzi türk xalqları hətta demək olar ki, öz dillərini itiriblər. Qazaxla qırğız, uyğurla türkmən, özbəklə Türkiyə ləhcələri birləşdirmək üçün yazıçı və sənətkarlara ehtiyac var. Bunu kinolar, cizgi filmləri ilə dəstəkləməliyik. Dastan layihəsi üzərində işləyən zaman mənim ən birinci məqsədim bu idi. Azərbaycanda “keçəl”, Türkiyədə “kel” deyirlər, qazaxca “daz” deyirlər.
- “Daz” bizim Qarabağ ləhcəsində də qalıbdır.
- Anadolu türkcəsində də “dazlaq” yaşayır. Türk ləhcələrini, hətta fərqli anlamlı sözləri də yaxınlaşdırmaq lazımdır. Ortaq dil yaradacağıqsa, ortaq yazı dilindən başlamalıyıq, ortaq ünsiyyət dilinə daha sonra keçməliyik. Bu işlər parallel etməliyik.
Bunu etmək üçün ən azından müstəqil türk dövlətlərinin ortaq olması lazımdır. Fərqlilik olarsa, o zaman bu iş gecikər. Tez-gec bunlar düzələcək. 1984-cü ildə Azərbaycana gəldiyim zaman balaca uşaqlar mənə “bəli” kimi cavab verərdi, indi Türkiyə türkcəsində mənə “evet” kimi cavab verirlər.
Mənim oğlumun 40-dan çox yaşı var. Mən ona Koroğlu dastanını uşaqlıqdan saatlarla o qədər danışardım ki, o, dastanı artıq əzbərləmişdi. Azərbaycanda yerlipərəstlik var. Türkiyədə də var, amma bizdə sizinki qədər deyil.
Uşaqlarımızı türk ruhunda böyütmək üçün ideal insan tipini öz qəhrəmanlarımızdan seçməliyik. Mən ümid edirəm ki, bu problemlər də öz həllini tapacaq.
Qurultay zamanı mənim tələbə yoldaşım Pərvin Eyvazov və Əsmər xanımla Yeni Türkiyə Stratejik Araştırma Mərkəzinin əməkdaşı, professor Kemal Çiçekin təşəbbüsü ilə Türkiyə dövlətinin qurucusu, böyük Mustafa Kamal Atatürkün movzeleyini (Anıt qəbri), Qurtuluş savaşı muzeyini, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin Əsri məzarlığındakı qəbrini ziyarət etdik. Yeni Türkiyə Stratejik Araştırma Mərkəzinin digər əməkdaşı Sabiha Sungurun qurultayın bütün iştirakçılarına qarşı göstərdiyi diqqət və qayğısı qarşısında böyük minnətdarlıq duyduq. Ankara Milli kitabxanasında soyqırımlarla bağlı mətbu materialların toplanmasında kitabxananın rəhbəri Zülfi Toman və Kolleksiya xidmətləri üzrə dairə rəhbəri Durmuş Sakmak mənə böyük köməklik etdilər. Qurultay ərəfəsindəki konsertlərdə türk xalqlarının musiqisi, rəqsləri, eləcə Azərbaycan xalq mahnıları ifa olundu.
Türk dünyası tarixinə önəmli bir hadisə kimi daxil olan, XIX əsr türk və müsəlman dünyasının mütəfəkkirlərindən biri İsmayıl bəy Qaspıralının “Dildə, işdə, fikirdə birlik” ideyasını ana xətt kimi götürərək 13-15 noyabr 2017-ci il tarixində gerçəkləşən möhtəşəm “Türk dilli ölkələr qurultayı”nın möhtərəmtəşkilatçısı, Yeni Türkiyə Stratejik Araştırma Mərkəzinin rəhbəri Dr. Hasan Celal Güzelə uca Allahdan sağlıqlı və uzun ömür arzu edirəm.
YAŞASIN TÜRK BİRLİYİ!
26.11.2017
Aynurə Paşayeva,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin
elmi işçisi, aynure8@mail.ru