“Azərbaycanın 100 yaşı tamam olur” ifadəsi düzgün deyil – Tarixçi-alim

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi əvvəlki yubileylərə nisbətən daha təntənəli keçirildi”.

Bunu “Sherg.az”a tarixçi- alim Kərəm Məmmədov deyib. Onun sözlərinə görə, Cümhuriyyətin 100 illiyində çoxsaylı sənədli filmin çəkilməsi daha yaxşı olardı:

“Məsələn, Cümhuriyyətin şərəfinə çəkilən “Sonuncu iclas” filmini çox bəyəndim. Düşünürəm ki, gələcək nəsillərə tariximizi daha yaxşı ötürmək üçün bizə belə əsərlər, filmlər lazımdır. Tədbir keçirmək, meydanlara axışıb, deyib-gülmək gələcəyə heç nə yadigar qoymur.

Cümhuriyyəti quran şəxsiyyətlərin xatirəsinə simvolik abidə ucaldılsa, daha yaxşı olardı. Çünki Cümhuriyyət qurucularının məzarları xarici ölkələrdədir. Dövlət daimidir. Cümhuriyyət isə bizim dövlətçilik tariximizdir”.

K.Məmmədovun fikrincə, sosial şəbəkələrdə də mətbuatda səsləndirilən “Azərbaycanın 100 yaşı tamam olur” ifadəsi düzgün deyil:

“Azərbaycanın deyil, Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam olur. Azərbaycanın isə yaşı minilliklərlə ölçülür. Belə xırda məqamları nəzərə almasaq, bir ziyalı kimi mən 100 illiklə bağlı atılan addımlardan, tədbirlərdən çox razı qaldım”.

Qeyd edək ki, ötən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizdə və xarici dövlətlərdə yüksək səviyyədə keçirildi.

Aysel Aslan