Oxumaq üçün xaricə üz tutanların qarşısı alınacaq

Bu il abituriyentlərin tam şəkildə plan yerlərini tutmasına şərait yaradılacaq

Təhsil eksperti Kamran Əsədov bu il imtahanda iştirak edən abituriyentlərin bal statistikasını bölüşüb. Ekspertin açıqladığı nəticələrə görə, durum o qədər də ürəkaçan deyil.

Belə ki, I – IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib və onların yalnız 9.8 faizi 500-700 arası bal toplayıb: “Yaz qəbul imtahanlarında ümumilikdə 68 356 nəfər abituriyent iştirak edib. I qrup üzrə 1916 (6.973 faiz), II qrup üzrə 1328 (7.824 faiz), III qrup üzrə 2145 (11.335 faiz) və IV qrup üzrə 1365 (27.404 faiz) nəfər abituriyent 500 – 700 arası bal toplayıb”.

Ekspert “Şərq”ə açıqlamasında deyib ki, bu rəqəmlər əvvəlki illərlə müqayisədə o qədər də ciddi fərqlənmir. Cari ildə müəyyən qədər III və IV ixtisas qrupu üzrə imtahan nəticələri artıb:

“Hazırda ali məktəblərə 45 mindən çox plan yeri ayrılıb. Amma keçid balı toplayan abituriyentlərin sayı bundan azdır. 2018-2019-cu tədris ili üçün ali məktəblərə elan olunmuş müsabiqə şərtlərinə görə 200 baldan yuxarı nəticəsi olan şəxslər ixtisas seçiminə buraxılış əldə edəcək. Lakin 200 baldan yuxarı nəticəsi olan abituriyentlərin sayı ümumi plan yerlərindən az olduğu üçün düşünürəm ki, müsabiqə şərtlərində dəyişikliklər edilməsi mümkündür. Yəni keçid balının 200-dən aşağı düşməsini gözləmək olar. Ümumiyyətlə, 2018- ci il ənənəvi üsulla keçirilən sonuncu qəbul ili olduğu üçün düşünürəm ki, bu il abituriyentlərin tam şəkildə plan yerlərini tutmasına şərait yaradılacaq”.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə hesab edir ki, Dövlət İmtahan Mərkəzinin bəzi ali təhsil müəssisələrində müsabiqəyə keçid ballarını aşağı salmasının yeganə məqsədi oxumaqdan ötrü xarici ölkələrə getməyin qarşısını almaqdır.

Qəbul imtahanında abituriyentlərin topladığı nəticələr zəif olduğu üçün ali məktəblərdə tələbə çatışmazlığı yaranır:

“Tələbə çatışmırsa, deməli, həmin ali məktəb bağlanır. Özəl ali məktəblərin heç biri adi və orta ranqlı insanların deyil. Onların çoxu özəl müəssisələrdir və bu qərarla da onları xilas etmək məqsədi güdülür. Burda başqa heç bir məqsəd yoxdur. Yəni təhsilin inkişafı baxımından onun bir o qədər xeyri və ya ziyanı yoxdur “.

Şəymən