Türkiyədə çalışan, dünya elminə yenilik gətirən Azərbaycan alimləri

Müxtəlif  illərdə Azərbaycandan dünyanın  bir  çox yerlərinə beyin axını olub. Bunun də həm obyektiv, həm də subyektiv səbəbləri var. Kimi oxuduğu universitetin elmi potensialını məqbul görərək, orada qalıb, kimisi isə sonradan gələn sərfəli təklifi geri çevirməyərək, xarici ölkələrin elmi və təhsil müəssisələrinə işləməyə gedib.

Səbəbindən asılı olmayaraq, itirən isə Azərbaycan elmi və təhsili olub. Bu gün təkcə Rusiyada elmin müxtəlif sahələrində ad-san qazanan xeyli alimlərimiz var.

AzEdu.az bu gün onlardan, daha doğrusu, onların yalnız bir qismindən bəhs edəcək. Təbii ki, adlarını sadaladığımız alimlər siyahının heç bir faizi də deyil və biz yeri gəldikcə, digərlərini də təqdim edəcəyik.

Hələlik isə aşağıdakı alimləri diqqətə çatdıraq: 

Hüseyn Xəlilov-  iyun 1939-cu il tarixində Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin (indiki Nəsirəddin Tusi adına Pedoqoji Universitet) Fizika-riyaziyyat fakültəsinin məzunu olan gənc mütəxəssis elə həmin universitetdə müəllim kimi əmək fəaliyyətinə başlayıb.

1965-ci ildə elmlər namizədi alimlik dərəcəsini qazandıqdan sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Riyaziyyat fakültəsində işləyir. Həmin vaxtdan 1995-ci ilə qədər bu universitetin Riyaziyyat fakültəsində çalışan Xəlil müəllim paralel olaraq, 1969-1994-cü illərdə Hazırlıq bölməsinin dekanı vəzifəsini də icra edib.

Diqqətəlayiq haldır ki, 1985-ci ildə Moskva Kimya İnstitutu Xəlilovun dekanlıq təcrübəsini bütün SSRİ ali təhsil müəssisələrində yaymaq təşəbbüsü ilə çıxış etmişdi. Dünyanın müxtəlif elmi mətbuat orqanlarında professor Hüseyn Xəlilovun riyaziyyat elminin və təhsil metodlarının müxtəlif sahələrinə aid onlarla elmi yazıları dərc edilmiş, Azərbaycan, rus və türk dillərində 30-dan çox kitabı işıq üzü görüb.

Alimin həmkarları ilə birlikdə həmmüəllif olduğu “Ali Riyaziyyat 1”, “Ali Riyaziyyat 2”, “Diferensial tənliklər və Xətti cəbrin elementləri”, “Ali Riyaziyyat”, “Ümumi Riyaziyyata Giriş” (I və II cildlər) və “Ümumi Riyaziyyata Giriş” kitabları Türkiyədə çap olunan və demək olar ki, ölkənin bütün universitetlərində dərs vəsaiti olaraq istifadə edilir. Hüseyn Xəlilov, məslək dostları ilə birlikdə, ilk “Azəricə-Türkcə-Rusca Riyaziyyat Terminlər Lüğəti”ni də tərtib edib.

Professor Hüseyn Xəlilov 1995-2006-ci illərdə Kocaeli Universitetində müqaviləli müəllim kimi çalışıb. 2008-ci ildən etibarən, azərbaycanlı alim Rizə Universitetinin Fənn-Ədəbiyyat Fakültəsinin Riyaziyyat bölümünün müqaviləli müəllimidir.

Rüfət Mirqasimov – 1940-cı il aprelin 17-də Bakı şəhərin­də anadan olub. Müasir Azərbaycan səhiyyəsinin banilərindən sayılan, məşhur cərrah, AEA-nın (indi AMEA) ilk prezidenti Mir Əsədulla Mirqasımovun oğludur.

Rüfət Mirqasımov 1958-ci ildə orta məktəbi Bakıda tamamladıqdan sonra Moskva Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub. 1963-cü ildə universiteti başa vurub, təyinatla Bakıya gəlib, AEA Fizika İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Gənc alimin elmi maraq dairəsinin əsasən nüvə fizikası istiqamətində olduğunu nəzrə alaraq, onu 1965-ci ildə Rusiya Elmlər Akademiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna şəhəri) dəvət edirlər. Rüfət Mirqasımov ömrünün bundan sonrakı təxminən 40 ili ərzində həmin institutda əhəmiyyətli elmi tədqiqatlarla məşğul olub. O, 1969-cu ildə fizika-riyaziyyat elmləri namizədi, 1979-cu ildə elmlər doktoru alimlik dərəcələrini qazanmış, 1989-cu ildə AEA-nın müxbir üzvü seçilib.

Alimin tədqiqatları əsasən elementar zərrəciklər fizikası və sahə nəzəriyyəsinə həsr olunmuşdur. Kvant fəzası konsepsiyasında yeni istiqamətlərin təməlini qoymağa müvəffəq olan Rüfət Mir-Qasimov 150-dən çox elmi əsərin müəllifidir. Onun elmi əsərləri İngiltərə, Fransa kimi inkişaf etmiş ölkələrin alimləri tərəfindən böyük maraqla qarşılanıb. Fəaliyyəti Rusiya hökumətinin diqqət mərkəzində olan Mirqasımova hələ gənc yaşlarında Lenin komsomolu mükafatı təqdim edilmişdi. Sonrakı dövrlərdə də alim onlarla mükafat və təltiflərə layiq görülüb.

Doğma Azərbaycana böyük məhəbbət bəsləyən alim işlədiyi Nüvə tədqiqatları institunda 10 nəfər azərbaycanlının doktorluq dissertasiyasını müdafiə etməsinə köməklik göstərib. AMEA-nın müxbir üzvüdür. Hazırda Türkiyənin İzmir universitetinin professorudur. 

Vərqa Kələntərov – 1949-cu ildə anadan olub. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetində ali təhsil aldıqdan sonra, Azərbaycan Elmlər Akademiyasının (indi AMEA) Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında dissertasiya müdafiə edərək, elmlər namizədi elmi dərəcəsini qazanıb. 1988-ci ildə isə Leninqraddakı ( indiki Sankt-Peterburq) V. A. Steklov adına Riyaziyyat İnstitutunda “Riyazi fizikada qeyri-xətti tənliklərin klassik və qeyri-klassik tiplərinin həllinin qlobal xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Vərqa Kələntərov 1974-1993-cü illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Paralel olaraq, respublikanın ali məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olan alim 1993-cü ildə Türkiyənin Hacttəpə Universitetindən dəvət almış və bundan sonra fəaliyyətini Türkiyə Cümhuriyyətində davam etdirməyə başlayıb. 2001-ci ildən bu günə qədər Köc Universitetinin Riyaziyyat fakültəsinin professorudur.

 

Alim bütün fəaliyyəti boyu onlarla beynəlxalq konfrans, simpozium və seminarlarda məruzələrlə çıxışlar etmiş, İspaniya, Suriya, Kanada, Çin, İsrail və digər ölkələrdə  elmi ezamiyyətlərdə olub. Sevindirici haldır ki, riyaziyyatın ən mürəkkəb sahələrindən sayılan differensial tənliklər üzrə həmyerlimizin apardığı elmi araşdırmalar dünya alimləri tərəfindən ehtiramla qarşılanır və bir sıra ölkələrdə ali məktəblərin tədris proqramlarına daxil edilib.

Professor Vərqa Kələntərov Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətində mütəmadi iştirak edən vətənpərvər soydaşlarımızdandır

Adil Allahverdiyev – 1 mart 1951-ci ildə Culfa rayonunda anadan olub.  1974-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildə isə klinik ordinaturanı bitirib. 1978-1990-cı illərdə Moskvada Seçenov adına Tibb Elmləri Akademiyasının Tibbi Parazitoloji və Tropik Təbabət İnstitutunda elmi fəaliyyətimi davam etdirən gənc 1981-ci ildə tibb elmləri namizədi, 1989-cu ildə isə tibb elmləri doktoru alimlik dərəcəsini qazanıb. 1990-cı ildə Azərbaycana qayıdaraq Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda laboratoriya müdiri vəzifəsində işləyib. 1991-ci ildə İranda keçirilən beynəlxalq konfransda iştirakından sonra Türkiyənin Çukurova Universitetinin tibb fakültəsinə dəvət alıb. 16 il Çukurova Universitetinin müxtəlif kafedralarında çalışıb. 2006-ci ildən İstanbulun Yıldız Teknik Universitetinin “Biomühəndislik” kafedrasında fəaliyyətə başlayıb. Həyat yoldaşı, tibb elmləri namizədi Məlahət Allahverdiyeva ilə birlikdə Hüceyrə kultu və toxuma mühəndisliyi laboratoriyasını yaratmış, hazırda həmin laboratoriyaya rəhbərlik etməkdədir.

Adil Allahverdiyev dünyada ilk olaraq leyşmaniya xəstəliyinin dəri və insan ölümünə səbəb olan visseral formasının diaqnostikasında yeni metod işləyib hazırlamış və bu kəşf ABŞ-da American Journal Tropical Medicine and Hygiene jurnalında (2004, 2005) dərc edilib.

Ümumiyyətlə, professor müxtəlif beynəlxalq jurnallarda dərc edilən 180-dən çox elmi məqalə, bir neçə ixtira və səmərələşdirici təkliflər, eyni zamanda ABŞ, Avropa, Türkiyə və Azərbaycanda çap olunan 10-dan çox kitabın müəllifidir. Onun rəhbərliyi altında 15-ə yaxın fəlsəfə doktoru, 20-dən çox magistr dissertasiya işi yerinə yetirilib. Adil Allahverdiyev Avropanın bir sıra ölkələri, ABŞ və Türkiyənin elmi cəmiyyətlərinin, o cümlədən Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvüdür.

Azərbaycanlı alim həm də Türkiyə Cümhuriyyətinin müxtəlif nazirliklərində, xüsusən də Sənaye və Ticarət Nazirliyində elmi layihələrin müzakirəsi üzrə ekrpertdir. 

Sultansoy Saleh – 1952-ci ildə Bakıda dünyaya  göz açıb. Orta məktəbi bitirdikdən sonra 1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinn Fizika fakültəsində ali təhsil alıb. Sonradan həmin universitetin aspiranturasında namizədlik dissertasiyası müdafiə edib və Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlayıb. Doktorluq dissertasiyasını 1985-ci ildə Rusiya Federasiyasının Yüksək Enerji Fizikası İnstitutunda müdafiə edən alim, 1989-cu ildə işlədiyi Fizika İnstitunun dosenti, 1993-cü ildən isə professoru elmi adlarına layiq görülüb

1993-cü ildən etibarən Ankara Üniversitetində müqaviləli professor kimi çalışamağa başlayıb. 1994-cü ildə Ankara və Qazi üniversitetlərində çalışan daha 15 alim ilə birlikdə Türk Bilim Kendi (ATAM) layihəsini hazırlayıb, Türkiyə Böyük Millət Məclisinə təqdim edib. 1996-cı ildə Ankara Üniversiteti ilə Almaniyanın DESY (Hamburq) Araşdırma mərkəzi arasında Elmi İşbirliyi Müqaviləsinin imzalanmasında xüsusi xidmətləri olub.

Bundan başqa Saleh Sultansoyun səyi nəticəsində Ankara Üniversiteti 1998-ci ildə CERN ATLAS (Nüvə təcrübələri üzrə Avropa təşkilatı. Baş qərərgah Cenevrə şəhərindədir) təcrübəsinə qatılmağa müvəffəq olub.

Alim 1999-2000 illərdə DESY araşdırma mərkəzində müqaviləli professor olaraq çalışıb.

2001-2006 tarixlərində Qazi Üniversitesində müqaviləli professor olaraq çalışan alim, 2005-ci ildə həmin universitetin beynəlxalq CERN ATLAS layihəsində iştirakını təmin etməyə müvəffəq olub.

Görkəmli alim 2007-ci ildən TOBB (Türkiyə Palatalar və Birjalar Birliyi) İqtisadiyyat və Texnologiya Universitetində professor kimi fəaliyyətdədir.

2013-cü ildə “Türk Fizik Derneği Profesör Engin Arık” mükafatı, 2016-cı ildə Türk Dünyası “Kızıl Elma Bilim” mükafatı ilə təltif edilib

Saleh Sultansoyun 450-dən çox elmi məqaləsi müxtəlif beynəlxalq jurnallarda və digər nəşrlərdə dərc edilib. Web of Science hesabatına görə alimin istinad indeksi 370-dir