Aynurə Paşayeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, aynure8@mail.ru
20 YANVAR FACİƏSİ AZƏRBAYCAN MƏTBUATINDA (1990-2000)
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. 1980-ci illərin sonunda Azərbaycanda başlanan siyasi oyanış sovet rəhbərliyini ciddi narahat edirdi. Bu oyanışın qarşısını almaq üçün bəhanə axtaran Moskva səbəbi də, bəhanəni də özü hazırladı. Ümumilli lider Heydər Əliyev 1987-ci ilin oktyabr ayında keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırıldı. Daha sonra 15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Mixail Qorbaçov “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzalamış, 15-17 yanvar tarixində SSRİ rəhbərliyi Bakının ətrafına müxtəlif kontingentli qoşun hissələri və ağır texnika gətirib yerləşdirmişdir. İkinci dəfə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman vermişdir. Lakin həmin dövrdə xalqın mətbuata daha böyük ehtiyac duyduğu zamanda yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Bakı şəhərində 20 Yanvar saat 00-da fövqəladə vəziyyət tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı səhər saat 5:30-da radio ilə elan olunmuşdur. Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov yanvarın 20-nə keçən gecə gizli surətdə SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahına getmiş, Dmitri Yazovla birlikdə hərbi əməliyyatlara rəhbərlik etmişdir.
20 Yanvar faciəsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlak məhv edilmişdir. Sovet qoşunları yanvarın 25-də fövqəladə vəziyyət elan olunmayan rayonlara – Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmişdir. Nəticədə 8 nəfər qətlə yetirilmiş, xeyli adam yaralanmışdır. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi “Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Beləliklə, Rusiya imperiyasının və çarizmin milli münaqişələr və qırğınlar törətmək sahəsindəki “zəngin” tarixi təcrübəsi də 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən qırğın zamanı, bütünlüklə nəzərə alınmışdı” (1, s.4).
Milli istiqlal hərəkatının davam etdiyi 1990-cı illərin əvvəllərində mətbuatda tez bir zamanda xalqı ayağa qaldıra biləcək operativ janra – publisistika və poeziyaya ehtiyac yaranmışdı. Xalqın etirazları leqal nəşrlərlə yanaşı, qeyri leqal nəşr olunan qəzetlərin çap olunmasına yol açdı. Həmin dövrdə sərt senzura nəzarəti, mətbu orqanlarına “yuxarıdan” edilən təzyiqlər, münaqişələri işıqlandırmaq təcrübəsizliyi və s. kimi amillərin təsiri altında olan, 70 illik “sovet xofu”nun və 30-cu illərin repressiyasını unutmayan KİV-in böyük hissəsi çox şeyi mətbuatda açıq söyləməyə cəsarət etmirdi. Hətta 20 Yanvar faciəsinin dəhşəti hadisələrindən 7 gün sonra çap olunan “Bakinskiy raboçiy” qəzetinin ilk səhifəsində hələ də “Dostluq və qardaşlığımız əbədidir!” şüarı yer alırdı.
Faciə baş verən gündən isə bir çox kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdi. Milli faciənin miqyası ilə bağlı ilk xəbər verən, “Kommunist” qəzetinin əlavəsi olaraq Məzahir Süleymanzadənin baş redaktorluğu ilə həftədə 1 dəfə çap olunan “Səhər” qəzetinin 25 Yanvar 1990-cı il sayında “Vətən bu gün ağı deyir” məqaləsində yanvarın 22-də qəzetin çıxarılmasına icazə verilmədiyi qeyd olunur və şəhidlərin dəfn mərasimi şəkilləri, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçovun 19 Yanvar 1990-cı il Moskvada imzaladığı “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərmanı və Mərkəzi televiziya ilə çıxışının mətni dərc olunmuşdur. “Səhər” qəzetində informasiyanın yeni olması ictimai marağın yüksək olmasına səbəb olurdu. M.Qorbaçovun 20 Yanvar faciəsinin acısını yaşayan Azərbaycan xalqına “cinayətkar” adlandırması, “qardaş qırğının”dan, “ümumilli həmrəyik”dən bəhs etməsi, riyakarlıq idi: “Rəhbərlik ümid edir ki, görülən tədbirlər ölkəmizin bütün xalqların tərəfindən başa düşüləcək, təqdir ediləcəkdir” (2, s.5). M.Qorbaçovun bu çıxışı sovet ordusuna qəzəb və hiddət bəsləyən dinləyici auditoriyasında böyük çaxnaşma yaratdı.
1990-cı illərdə mətbuatda milli özünüdərk hissi də güclənmişdir. Sabir Rüstəmxanlının baş redaktorluğu ilə çap olunan Qarabağa Xalq Yardım Komitəsinin qəzeti olan “Azərbaycan” qəzetinin 24 fevral 1990-cı il sayında Həsən Baliyev “Vida ərizəsi” məqaləsində illərdir üzv olduğu “Kommunist” partiyasına qarşı hiddətini belə ifadə edir: “Mən xalqları milli mənsubiyyətinə, dini etiqadına görə fərqləndirən, onlar arasında ayrı-seçkilik yayan “Moskovskaya novosti”, “Pravda”, “İzvestiya”, “Literaturnaya qəzeta” və digər bu kimi redaksiyalarda Mərkəzi televiziyada əməkdaşlıq edən qeyri-obyektiv adamlarla bir partiyada olmaq istəmirəm (3, s. 6). Hər zaman siyasi proseslərə, faktlara operativ münasibət bildirən publisist, Azərbaycan SSR Ali Sovetinin sessiyalarında öz sözünü deməkdən çəkinməyən Bəxtiyar Vahabzadə təfəkküründəki milli özünüdərk hissi illərdən bəri mənsub olduğu kommunist partiyasından çıxmaqla özünü qərarlaşdırır: “Xalqımın qanını töküb sonra ona başsağlığı göndərmək dəhşətli ikiüzlülükdür. Sənin rəhbər olduğun partiyadan çıxmağı özümə şərəf sayıram” (4, s. 15).
Abbas Abdulla Hacaloğlu “Karvan yola düzlənir” adlı bədii-siyasi publisistik məqaləsində Qorbaçovun “kompromis” ifadəsinə belə şərh verir: “Qorbaçov bizim kimlərə güzəştə getməmizi istəyir əcaba! Torpağımızı əlimizdən alıb, yurd-yuvamıza sahib olmaq istəyənlərə. Millətimizi min illik dədə-baba yurdundan didərgin salanlara” (5, s. 2-7).
20 Yanvar hadisələrinin baş vermə səbəbinin arxasında dayanan əsil məqsədləri oxucuya çatdıran jurnalist Babək Yusifoğlu M. Qorbaçovun çıxışı haqqında yazırdı: “Belə çıxış Azərbaycan xalqında ikrahdan başqa heç bir hiss oyatmadı” (6, s. 8).
1990-cı illərin əvvəllərində SSRİ Ali Sovetinin baş verən hadisələrə qarşı susqun mövqedə dayanması da publisistlərimizi düşündürürdü. “Səhər” qəzetinin 17 fevral 1990-cı il sayında çap olunan Şahmar Əkbərzadənin “Yanan da biz olduq, yaman da biz olduq”, 18 yanvar 1992-ci il sayında Məzahir Süleymanzadənin “Şəhidlər niyə narahatdı?” məqalələrində 20 Yanvar hadisələrinə qiymət verilməməsi, cinayətkarların məsuliyyətə cəlb olunmaması təəssüf hissi doğurur.
Mətbuatda 20 Yanvarla bağlı analitik təhlillər içərisində səbəbkarları tapmaqla bağlı analizləri də yer almışdır. “İstiqlal” qəzetinin baş redaktoru Zərdüşt Əlizadənin “20 Yanvar: Cinayət və Cəza” məqaləsində 20 Yanvar faciəsinin törədilməsində səbəbkar, Azərbaycan Xalq Cəbhəsinin rəhbəri Əbülfəz Elçibəyi görürdü: “Həmin il Qorbaçov beynəlxalq Sülh Nobel mükafatı aldı. Qərb “demokratiya”sı bəzi istismarçıları nəzərə almasaq Bakı qırğınına əl çaldı. İndi də hələ ABŞ, Rusiya, Fransa “demokratiya”ları Ermənistanı dəstəkləyir. Çünki respublikamıza hələ də “20 Yanvar” cəngavərləri rəhbərlik edir (7, s.1). Jurnalist Naib Niftəliyev “AXC xalqı tələyə saldı” məqaləsində 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Ə.Elçibəy Sovet DTK planına uyğun hərəkət etdiyini vurğulayır: “20 Yanvar hadisələrinin baş verməsində məsuliyyət yükü 98 % sovet rəhbərləri, 2% respublika rəhbərinin üzərinə düşür” (8, s. 6). “İstiqlal” qəzetinin 20 Yanvar 1994-cü il sayında “Həqiqəti xalq bilməlidir” adlı məqaləsində faciənin əsas səbəbkarı Sovet komunnist partiyasının dövlət intizamına tabe olan Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov hesab olunur. Hətta Yunus Orucun “Qan ökülməyə bilərdi” müsahibəsində həmin dövrün siyasi proseslərində fəal iştirak edən ziyalı alim B.Vahabzadə faciənin törədilməsində Ə.Vəzirovun razılığı olduğunu qeyd edir. (9, s. 12). B.Vahabzadə “Şənbə gecəsinə gedən yol” publisistik əsərində isə xalqımıza qarşı törədilən faciələrin səbəblərini aydınlaşdırır, tutarlı arqumentlərlə böhtançı erməni siyasətini ifşa edir, bu siyasi prosesə şərait yaradan Qorbaçov və bəzi azərbaycanlı rəhbərləri də tənqid etməkdən çəkinmirdi: “Bu işlərin başında erməni mafiyasına istiqamət verən, onu güclü silahlarla təchiz edən, hətta açıq-açığına müdafiəsinə keçib hər məsələdə Azərbaycan xalqını təkləyən M.S. Qarbaçov özü durur” (10, s. 17).
Həmin dövrdə M.Qorbaçov başda olmaqla rus sovet məmurları 20 Yanvar faciəsinin törədilməsində səbəb azərbaycanlılarda “anti” xarakterin güclü olmağını görürdü. Bakı şəhərinin komendatı general-leytenant V.S. Dubinyakın “Bakinskiy raboçiy” qəzetində qeyd edir ki, 20 Yanvar hadisələri SSRİ Ali Sovetinin 15 yanvar 1990-cı il əmri ilə həyata keçirilmişdir və rus ordusunun güc göstərməsinə səbəb “anti” xarakterin güclü olmasıdır (11, s. 3).
“Azərbaycan” qəzetinin müxbiri C.Qurbanoğlunun müsahibəsində faciəni törədənlərdən biri, müdafiə naziri Dmitri Timafeyeviç erməniləri “araqarışdıran adlandırsa da, “əhali sizin dediyiniz dərəcədə dinc deyildi, ikinci, ordu özfəaliyyət qrupu deyil, ona da əmr verən var” qeyd edirdi. (12, s. 8). Müdafiə naziri D.Timafeyeviç üstüörtülü şəkildə əmr verənin M.Qorbaçov olduğunu etiraf edir.
20 Yanvar hadisələrini təhqiq edən Azərbaycan Respublikasının Ali Sovetinin Komissiyasının rəyində qeyd olunmuşdur ki, “məqsəd Azərbaycanda və keçmiş Sovet İttifaqının digər respublikalarındakı istiqlaliyyət hərəkatlarına əyani dərs vermək və onları qorxutmaq olmuşdur” (13, s. 1-4). Bu rəydə cinayətkarların cəzalandırılacağı vədi verilsə də, çox təəssüflər olsun ki, əməl olunmur. Əksinə, bəzən başqa gözlənilməz hallar da baş verdi. Belə ki, 1991-ci ilin 28 may tarixində Tiflis şəhərində istiqlalçı, vətənpərvər jurnalist Səlim Həqqinin baş redaktorluğu ilə “20 Yanvar” adlı qəzet çap olunurdu. Lakin onun baş redaktoru və həyat yoldaşı 1992-ci il 23 avqustunda qətlə yetirilir, həmin qəzetin məsul katibi Arif Hüseynin “Nahaq qan deyəsən yerdə qalır” məqaləsində qatillərin hələ də tapılmadığını qeyd edir. (14, s. 3). 10 il sonra “20 Yanvar” qəzetinin təsisçisi Rüstəm Rüstəmov 6 fevral 2012-ci ildə “APA”ya verdiyi müsahibəsində AXC hakimiyyətində rəhbər vəzifə tutanların Səlim Həqqini güllələtdirdiyini qeyd etmişdir.
20 Yanvar faciəsinin törədiləndən dərhal sonra Ümimmilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək orada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etmiş, faciənin Moskvanın və Azərbaycan rəhbərlərinin günahı üzündən baş verdiyini bildirmişdir. Jurnalist Canalı Mirzəliyevin “Mənəviyyat, vətənpərvərlik” adlı məqaləsində bu haqda yazırdı: “Xalqımızın dahi, vətənpərvər oğlu Heydər Əliyev heç nədən qorxmadan və çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəlyinə gələrək faciə ilə əlaqədar xalqına başsağlığı verdi və mətbuat konfransında başda Qorbaçov olmaqla Bakıdakı bu faciələri böyük cinayət, bu cinayətə rəvac verənləri cinayətkar adlandırdı” (15, s.7).
Ulu öndər H.Əliyev 21 yanvar 1990-cı il tarixində Azərbaycan KP MK-a teleqram yazaraq 20 Yanvar faciəsində həlak olanların ailələrinə başsağlığı göndərmiş, bu faciəni antihumanist və antidemokratik, qanuna zidd hesab etmişdi. O, teleqramın mətbuatda çap olunmasını istəsə də, Sovet senzurasını və qadağası buna icazə verməmişdir (16, s.1).
1990-cı illərdə müəllif emosioanl hissi ifadəsinin üstünlük təşkil etdiyi bədii publisistik məqalələr – Hidayət Elvusalın “Bu məzarda şəhid yatır” (“Səhər” qəzeti, 10 fevral 1990), Xalidə Hasilovanın “Güllər ehsana döndü”, Sabir Rüstəmxanlının “And yerimiz”, Ələkbər Abbasovun “Gün gələcək”, Asif Atanın “20 yanvar” (“Azərbaycan” qəzeti, 24 fevral 1990), Məzahir Əhmədoğlunun “Dərd ortağıq bayatı-kurd” (“Ədalət” qəzeti, 19 yanvar 1997), Zemfira Hüseynovanın “Şəhidlər unutmaq əslini unutmaqdır” (“Səs” qəzeti, 19 yanvar 1999), Yunisin “Şəhidlər Camisi – Azərbaycan və Anadolu türkünün şəhidlik rəmzi” (“Yeni Azərbaycan” qəzeti, 8 yanvar 1997), “Azərbaycan” ədəbi-bədii jurnalında Musa Mərcanlının “Təcavüz” (1991, №8), İsa İsmayılzadənin “Üç il də belə gəlib keçdi..” (1993, №1), “Gözü yolda qalan şəhid ruhları” (1997, №1-2), Almaz Ülvinin “Günəşinə qovuşan Ülvim” (1994, №1-3), İntiqam Qasımzadənin “Narahat ruhlar” (2010, №1) və s. publisistik əsərlərdə azərbaycanlılara qarşı törədilən Qanlı Yanvar soyqırımı müəlliflərin şahidi olduqları hadisələr fonunda öz əksini tapmışdır. Adı çəkilən publisistik məqalələrdə faktoqrafiyaya meyllilik daha çox müşahidə olunsa da, fəlsəfi düşüncə, mülahizələr, analogiyalara da yer verilmişdir.
1990-cı illərdə qəzetlərdəki məqalələr içərisində eyni ifadələr, eyni bədii emosional mühakimə, şərhlər də görünməkdədir. Bu özünü ən çox bədii publisistik üslublu məqalələrdə göstərir. Daha çox emosiyaya qapılan müəlliflər tarixi analitik təhlillərdən bəzən uzaqdırlar. Ancaq Müşfiq Həqqinin “Yeni Azərbaycan” qəzetində çap olunan “20 Yanvar faciəsi və ya kim kimdir?!” məqaləsi analitik şərhlərlə zəngindir. Məqalədə müəllifin mühakiməsində 1987-ci ildə H.Əliyevin SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırılması, Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə “L’Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı çıxışı, Qarabağ cəmiyyətinin rəhbəri İqor Muradyanın susdurduğuna görə H.Əliyevin ictimai-siyasi proseslərdən iştirakından məhrum edilməsi, 1987-ci ilin noyabrında Qorbaçov və həyat yoldaşı Raisanın ABŞ-dakı erməni icmasından qiymətli hədiyyələr alması öz əksini tapmışdır (17). Müşfiq Həqqinin fikrincə 20 Yanvar faciəsinə ilk rəsmi münasibət Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarıdır.
Qanlı Yanvar faciəsi Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin “20 yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanı ilə öz siyasi qiymətini aldı.
Həmin dövrdə dünya ictimaiyyəti də hadisə haqqında informasiyalara biganə qalmadı. Böyük Britaniyanın “The Times” qəzeti, “The “Guardian” qəzeti, BBC kanalı, ABŞ-ın “Los Angeles Times”, “The New York Times”, “Washinqton Post”, “Kristian Sayens Monitor”, “Baltimor San” və digər media orqanları Qara Yanvar, xalqın azadlıq ideyalarını boğanlar haqqında məlumat vermişdilər.
20 Yanvar faciəsindən başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünü və milli haqlarımıza obyektiv yanaşmanın nümayiş olunması ilə bağlı inamını birdəfəlik itirdi. Tariximizin qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsinin real faktlara əsaslanan mətbu nümunlər əsasında araşdırılması bu gün də böyük əhəmiyyəti var.
20 YANVAR FACİƏSİ AZƏRBAYCAN MƏTBUATINDA (2001-2018)
2001-2018-ci illər Azərbaycan mətbuatında 20 Yanvar faciəsi geniş şəkildə ancaq yanvar nömrələrində öz əksini tapmışdır. Əlbəttə, faciə ilə bağlı informasiyanın forma və məzmunu 1990-cı illərdən çox fərqli idi. Belə ki, 1990-cı illərdə 20 Yanvar faciəsi ilə bağlı xəbər, xəbər korrespondensiya, reportaj janrı üstünlük təşkil etsə də, 2001-2018-ci illərdə yazılan məqalələrdə faciənin tarixi kökləri, yaranma səbəblərinin araşdırılmasına meyililik güclü idi, bu səbəbdən siyasi-elmi publisistika janrında yazılmış məqalələrin kəmiyyət sayı çoxaldı.
19 yanvar 1994-cü ildə Ümumilli lider Heydər Əliyev Bakıda 1990-ci ilin faciəli yanvar hadisələri zamanı şəhid olanlarin ailə üzvləri və həmin günlərdə yaralanıb əlil olanların bir qrupu ilə görüşdə çıxışında qeyd etmişdi: “Ən başlıcası odur ki, bu hadisəyə tarixi baxımdan hüquqi-siyasi qiymət verilsin və gələcək nəsillər bilsinlər ki, Azərbaycan xalqının başına belə bəlalar gəlmişdir, lakin xalq öz iradəsini itirməmiş və bütün bu bəlaların hamısına doğru-düzgün qiymət vermişdir” (18, s.215).
Qanlı 20 Yanvar faciəsinin 14-cü ildönümündə Cənab Prezident İlham Əliyev xüsusi olaraq qeyd etmişdir ki, “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır” (19).
Buna görə də gələcək nəsillərə 20 Yanvar faciəsinin tarixi köklərini və baş vermə səbəblərini çatdırmağa çalışan 2001-2018-ci illərin mətbuatının araşdırımasının böyük əhəmiyyəti var.
2001-2018-ci illərin mətbuat səhifələrində 20 Yanvarla bağlı mövzularda faciənin kədərli aurası, keçmişə baxış, yaddaşı təzələmək istəyi, faciənin müxtəlif aspektlərin təsviri siyasi-elmi və bədii publisistikada daha çox rast gəlinir.
Faciəyə tarixi baxımından yanaşmada müxtəlif maraqlı faktlarla qarşılaşırıq. Siyasi və elmi publisistik məqalələrdə 20 Yanvar faciəsinin törədilmə səbəbi, səbəbkarlar, statistik məlumatlar əsas problem xətt kimi düşündürülən məsələlərdəndir. Məlum olduğu kimi 20 Yanvar gecəsində Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladılmasını “AzərTac” informasiya agentliyi yerli rəhbərlərin dəstəyi olduğunu vurğulayır: “Yerli rəhbərlər isə buna hər vasitə ilə kömək edirdilər. Təkcə bunu xatırlamaq kifayətdir ki, Bakıda televiziyanın sıradan çıxarılması həmin rəhbərlərin razılığı ilə baş vermişdi.
O vaxt “Azərinform”un (indiki AzərTAc-ın) əməkdaşları da çətin günlər yaşayırdı. Agentliyin binasında əyləşən hərbi senzorun icazəsi olmadan heç bir məlumat yayılmırdı. Lakin “Azərinform”un jurnalistləri respublikada baş verənlər barədə həqiqəti yaymaq üçün yol tapdılar” (20, s.3).
Hətta o dövrün xarici mətbuat dünyasına da SSRİ-nin mənfur siyasəti açıq şəkildə məlum idi. Azərbaycan Respublikasının Macarıstandakı səfiri, professor Vilayət Quliyevin 1990-cı ilin yanvar günlərində macar qəzeti “Nepsabadşaq”ın Moskva müxbiri vəzifəsində çalışan, 20 Yanvar hadisələrini o zamanlar işıqlandıran, macar jurnalistikasının tanınmış simalarından biri Peter Dunai ilə söhbətində bu haqda qeyd edirdi: “1990-cı ildə Azərbaycan xalqının təklənməsini, insanlarınızın uğradığı dəhşətli haqsızlıq və ədalətsizliyi yəqin ki, hər kəsdən daha artıq biz macarlar hiss edir, anlayırıq. Çünki yaxın tarixi keçmişimizdə biz də eyni dərəcədə təklənmişdik, eyni həyəcanlı və faciəli günlər yaşamışdıq.
Fikrimcə, 20 Yanvarın başlıca hədəflərindən biri Azərbaycan xalqını siyasi və mənəvi cəhətdən əzmək, onun azadlıq və müstəqilliklə bağlı bütün arzularını birdəfəlik dəfn etmək idi. Amma insanlarınız çoxsaylı qurbanlar versə də, böyük məhrumiyyətlərlə üzləşsə də, nəticə etibarı ilə bu mübarizədən qalib çıxdı!” (21, s. 5).
1990-ci ildə konyunkturanın təsiri ilə 20 Yanvar faciəsinə susqun mövqedən baxan “Bakinskiy raboçiy” qəzeti belə Müstəqillik illərində faciənin rus mətbuatında obyektiv dəyələndirməsindən bəhs edir (22;23;24).
Ancaq Z. Tağıyevin “Bu qisas qiyamətə qalmaz… 20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsi idi” (25), Qafar Əliyevin “Faciələrimiz rəhbərsizlikdən törəndi” (26) məqalələrində yenə 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə müasir dövrdə yetərincə tanıdılmaması ilə bağlı narahatlıqlar qeyd olunmuşdur.
Faciənin başvermə səbəbində Sovet imperiyasının Azərbaycan xalqının milli-azadlıq hərəkatını boğmaq, Dağlıq Qarabağ problemini ermənilərin xeyrinə həll etmək məqsədilə Azərbaycan xalqının gözünü qorxutmaq məsələsi Qafar Əliyevin “Faciələrimiz rəhbərsizlikdən törəndi” (26), Z. Tağıyevin “Bu qisas qiyamətə qalmaz… 20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsi idi” (25), Anar Rasimoğlunun “Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi” (27), Rəfiqə Kamalqızının “Xalqımızın istiqlal mübarizəsinin ən şərəfli səhifələri” (28), Aygün Cəbrayılovanın “Tarixə şəhid qanı ilə yazılmış 20 yanvar faciəsi” (29), Aynurə Şirinova “20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin zirvəsidir” (30), Əliqismət Bədəlovun “20 Yanvar faciəsi Azərbaycanın tarixinə həm kədərli hadisə, həm də fədakarlıq və qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” (31), İradə Əliyevanın “İnsanlığa qarşı qanlı cinayət” (32), Alimin “20 yanvar-qəhrəmanlıq və şəhidlik zirvəsi” (33), Cəbi Bəhrəmovun “20 Yanvar və Xocalı faciələri 1918-ci il mart soyqırımının davamı idi” (34;35), Samir Quliyevin “20 Yanvar faciəsi insanlığa qarşı bir cinayətdir” (36), Tağı Əhmədovun “Qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi” (37) elmi-siyasi publisistik janrda yazdığı məqalələrində yer almışdır.
20 Yanvar faciəsi günlərini xatırlayan “Vedibasar” qəzetinin baş redaktoru Sərtib İslamoğlu “20 Yanvar tariximizin qanla yazılan səhifəsidir” (38) məqaləsində faciənin bütün olaylarını yaddaşında təzələyərək hələ faciədən öncə baş verənlərə nəzər salaraq yazırdı: “Moskvanın buyruq qulu olan Ə.Vəzirovun xəyanəti ilə barışmayan azadlıq fədailəri artıq neçə ay idi ki, dinc yolla mübarizələrini davam etdirir, onun istefasını tələb edirdilər. Ağalarının göstərişinə əsasən istefa verməyən Ə.Vəzirova kömək ütmək üçün Moskva Primakov-Girenko-Mixaylov üçlüyünün Bakıya göndərmişdi” (38, s.1.).
- Tağıyevin “Bu qisas qiyamətə qalmaz… 20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsi idi” (25), Aygün Cəbrayılovanın “Tarixə şəhid qanı ilə yazılmış 20 yanvar faciəsi” (29), Rəşad Cəfərlinin “20 Yanvar faciəsinə gedən yol” (39) məqalələrində SSRİ Müdafiə Nazirliyi və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynadığını yazır.
20 Yanvar faciəsinin səbəbkarlarları real faktlarla M.Qorbaçov və o dövrün rəhbər başçıları Qafar Əliyevin “Faciələrimiz rəhbərsizlikdən törəndi” (26), Anar Rasimoğlunun “Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi” (27), Teymur Rzanın “20 Yanvarın 20 yaşı” (40), Əliqismət Bədəlovun “20 Yanvar faciəsi Azərbaycanın tarixinə həm kədərli hadisə, həm də fədakarlıq və qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” (31), Söhbət Məmmədovun “Bakı faciəsinin 20 yaşı” (41), Titov Seqeyin “1990-cı ilin qara yanvarı” (42), Nazim Mustafanın “20 Yanvar – Qan yaddaşımız” (43;44), İxtiyar Hüseynlinin “Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü” (45), Elmira Axundovanın “Qəhrəmanları xatırlayarkən: 20 Yanvar qanı hədər yerə axmadı” (46) məqalələrində göstərilir.
1990-cı ildə 20 Yanvar faciəsinin törədilməsindən sonra etdiklərinə haqq qazandıran M.Qorbaçov “İllər sonra eks-prezident kimi Türkiyəyə səfər edəndə “20 Yanvar qırğınını həyatının ən böyük səhvi” adlandırmışdı. Lakin bu etiraf da onun bəşəri cinayətini yuyub təmizləmir, qanlı lənət damğasını bioqrafiyasından silmir” (47, s.2).
Nazim Mustafanın “20 Yanvar – Qan yaddaşımız” (43) məqaləsini digər məqalələrdən fərqləndirən əsas özəlliyi o düvrün hadisələrinə xronoloji ardıcıllıqla nəzər salır, tarixi proseslərdən düzgün nəticə çıxarmağa nail olur. Xüsusilə də, Ümumilli lider Heydər Əliyevin “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərmanı, 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dövlət yardımları edilməsi ilə bağlı tədbirləri yüksək qiymətləndirir.
Hətta 20 Yanvar faciəsi haqqında hələ də araşdırılası tədqiqatlar çoxdur. Belə ki, 20 Yanvar faciəsinin ən yaxından iştirakçısı 20 yanvar şəhidlərinin dəfnini təşkil etmiş ictimai dəfn komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Qüdrət Əbdülsəlimzadə “İctimai dəfn komissiyası və onun fəaliyyəti” (48) məqaləsində yazırdı: “ABŞ, Kanada, İngiltərə, Yaponiya, Türkiyə, Çin, İran, Macarıstan, Misir, İtaliya, Almaniya, Braziliya, Polşa kimi müxtəlif ölkələri təmsil edən jurnalistlər, “Şəhidlər Xiyabanı”nda İctimai Dəfn Komissiyasının üzvləri, buraya ziyarətə gələnlər, şəhid ailələri və hadisələrin iştirakçıları, habelə şahidləri ilə söhbətlərində, görüşlərində səmimiyyətlə etiraf edirdilər ki, Bakıya gələnə qədər onların burada baş vermiş hadisələrə münasibətləri birmənalı olmamışdır. Lakin öz gözləri ilə gördükləri, apardıqları müsahibələr, peşə təcrübələri, müxtəlif ictimai təbəqələrin nümayəndələri ilə ünsiyyətləri, onları obyektiv surətdə tamamilə başqa məntiqi nəticələrə gətirib çıxarmışdır” (48, s. 5).
Bədii publisistik məqalələrdə faciəyə qarşı münasibətdə daha çox fəlsəfi-emosional ifadələr, xalqın milli istiqlal uğrunda mütəşəkkilliyi, mübarizəsindən doğan qürur, fəxr hissi, şəhidlik ağrısı, düşmənə nifrət, gələcəyə nikbin baxış hakimdir.
Südabə Ağabalayevanın “Yanvar düşüncələri” (49) məqaləsi 20 Yanvar faciəsi öz fəlsəfi mahiyyəti, düşüncələrdəki affekt hissi, zaman, millətin milli özünüdərki, faciənin şərəf ucalığı, təzadlı dillemalar müəllifin Yanvar ayı haqqında fikirlərində əks olunmuşdur.
Maraqlı informativ xarakteri ilə seçilən Faiq Balabəylinin “Dəryada gəmim qalıb” (50) oçerki 20 Yanvar hadisələrinin iştirakçısı olan dənizçilərin müsahibələrindən toplanmışdır. Bakıdakı qırğınların qarşısını alan Xəzər Neft Donanmasının dənizçi qəhrəmanları müxtəlif təqiblərə məruz qalsalar da, gəmilərin “SOS” siqnalı ilə dünyanın 50-dən çox ölkəsinə faciəmizin səsini bəyan etmişdilər.
Bəzi bədii-publisistik məqalələrdə publisist skeptisizimi “20 Yanvar gecəsi olmaya bilərdimi?” sualı barəsində düşünməyə vadar etmişdir. Daha çox emosiya ilə hərəkətə keçən xalqın vahid idaredici qüvvəsinin olmadığını qeyd edən İntiqam Qasımzadə “Narahat ruhlar” (51,s.3-5.) məqaləsində bu sualı belə cavablandırır: “20 yanvar gecəsi qurbansız keçinmək olmazdımı?! – məzəmmət və ittiham dolu bu sual sonralar tez-tez eşidilirdi; ara söhbətlərində də, ali məclislərdə də. Əlbəttə, başa düşüləndir, itkilərimizə görə keçirdiyimiz sarsıntıdan doğurdu bu sual. Lakin gəlin hissə qapılmayaq, yaxın keçmişə müraciət edək: Macarıstan və Çexoslavakiya hadisələrini xatırlayaq. Məgər həmin ölkələrdə də birində çox, birində az qan tökülməmişdimi?!” (51, s. 4).
Faciənin törədildiyi gün Azərbaycan dənizçilərinin şücaətindən bəhs edən publisist Faiq Balabəyli respondenti o zamankı Xəzər Neft Donanmasının rəisi işləmiş Yaşar Cabbarovla apardığı müsahibəsində yazırdı: “Yanvar faciəsi olmaya bilərdimi? Birmənalı şəkildə deyim ki, bu hadisə gec-tez olmalı idi. Ola bilsin ki, gecikəydi bu hadisə, amma mütləq olacaqdı. Çünki çürüməkdə olan, özülü çat verən, imperiya son gücünü toplayıb nə isə etməli, çabalayıb yaşamaq eşqini büruzə verməli idi. Çünki imperiyanın son nəfəsi idi. Pribaltika respublikalarının, onlardan qabaq Qazaxıstan olaylarının məntiqi davamı kimi də başa düşmək olar Bakı qırğınını” (50, s. 8).
İntiqam Mehdizadənin “Ölüm vertolyotu” (52) müsahibələr toplusunda keçmiş 20 Yanvarla bağlı xatirələrini bədii publisistik üslubda qələmə almışdır. 20 Yanvar faciəsi zamanı əlsiz-ayaqsız gənclərin nakam arzuları, tapdalanan milli haqlar, ah-nalə və s. kimi kədər motivləri daha çox üstündür.
Bunlardan əlavə mətbuat səhifələrində bədii publisistik məqalələrə – Arif Ərşdoğlunun “Şəhid məzarları önündə düşüncələr” (53), Məmməd Məmmədovun “Mənim şəhid şagirdlərim” (54), Ədalət Daşdəmirlinin “Unutmaq olarmı şəhidləri” (55), Nurəddin Əlioğlunun “Ruhlar təslim olmur” (56), Faiq Balabəylinin “Qalibləri məğlub edən dənizçilər” (57), Nurəddin Musayevin “20 Yanvar Xalqımızın mənəvi qələbə tarixidir” (58), Nədib Qaramanlının “Əbədiyyət yolçuları” (59), Xatirə Quliyevanın “Bəşər övladının ucalıq və qəhər günü” (60), Oqtay Oruclunun “Əbədiyyət simfoniyası” (61) rast gəlinir.
Ən çox yadda qalan bədii-publisistik məqalə istedadlı jurnalist Flora Xəlilzadənin “Şərafət günü” (62) məqaləsidir. Məqalənin bədiilik gücünü artıran amil Ə.Cəfərzadə, B.Vahabzadə, F.Qoca, S.Rüstəmxanlıdan müxtəlif 20 Yanvar faciəsi ilə bağlı şeirlərdən müəllifin sitatlar gətirməsidir. Digər tərəfdən əsərin bədiilik gücü müəllifin metaforik ifadələr, maraqlı simvollardan istifadə imkanıdır: “O gecənin səhəri Bakının çox təzadlı bir rəngi var idi. Havanın ovqatından ürəksıxıcı bir bozluq, ona həmahəng atəş səsləri, küçələrdə zirehli maşınlar, yad əsgərlər, qara bayraqlı evlər, damlar, pəncərələr, şəhidlərin qanı tökülmüş torpağa döşənmiş al qırmızı qərənfillər və bir ağır ləngərli insan izdihamı. Bu vahiməli günlər heç vaxt gözlərimiz önündən çəkilmir. İlk dəfə şəhidlərin şərəfli ölümləri önündə sağ qaldığımıza görə xəcalət çəkdik. Bizim hər birimiz həyatla ölümün qovuşuğunda çırpınan millətimizin birliyinin, eyni dərdin, fəlakətin içində candan, qandan yaratdıqları həmrəyliyin şahidi olduq. O gün millətimizin Azərbaycan adlı müqəddəs bir anası var idi” (62, s.5).
Almaz Ülvinin “Milli azadlıq fədailərinin poetik dünyası” (63) adlı məqaləsində əsas poetik bədii güc 20 Yanvar şəhidi Ülvi Bünyadzanin şeirləri üzərindədir. Milli istiqlal uğrunda mübarizə aparan gənclik və həmin gəncliyin fonunda qəhrəman Ülvi Bünyadzadənin mübarizəsi göz önündə canlanır. “Bu yandan da sovet hökumətindən ümid kəsilməmişdi. Moskvaya teleqramlar, məktublar göndərilirdi, kömək istəyirdik. Ermənilərin, daşnakların xəyanətkarlığını isbata çalışırdıq. Moskva isə guya heç nə bilmirdi, görmürdü. Sanki həmin teleqramların cavabı olaraq Azərbaycana rəhbər sifətilə bir təlxək göndərildi. Onun təfəkkürü imperiya qanunlar ilə elə manqurtlaşmışdı ki, xalq üçün, torpaq üçün nə isə ummaq gülünc idi” (63, s.5).
Professor Qüdrət Əbdülsəlimzadənin “Şəhidlərimizin ruhuna təskinlik gətirək” (64) məqaləsində qeyd etdiyi kimi “20 Yanvar hadisələrindən 20 il keçməsinə baxmayaraq, hələ də o günlərin bir sıra “qaranlıq səhifələri” açılmadığından, həmin proseslər barəsində son söz söyləyib qəti nəticəyə gəlmək, habelə hökm vermək hüququnun “zamana ehtiyacı vardır”. Fikrimi aydınlaşdırmaq üçün qeyd etməliyəm ki, həmin proseslərin meydana çıxmasının tarixi səbəbləri, hazırlanması mərhələləri, həyata keçirilməsi gedişi, sonrakı siyasi-ictimai nəticələri istiqamətində imperiya mərkəzinin, yerli hakimiyyət orqanlarının, kəşfiyyat xidmətlərinin, partiya liderlərinin, hərəkat başçılarının, respublikada vəziyyətin gərginləşdirilməsində və “daha çox qan tökülməsində” maraqlı olub, “bulanıq suda balıq tutmağı” qarşılarına məqsəd qoymuş qüvvələrin, qonşu ölkələrin maraq səviyyəsi, aparıcı dünya dövlətlərinin mövqeyi faktlar, sənədlər, arxiv materialları əsasında öyrənilərək, müqayisəli təhlil edilib, obyektiv surətdə ümumiləşdirilməyincə, nə qədər kədərli səslənsə də, Azərbaycan tarixinin ən yeni dövrünün zirvə səhifələrindən sayılan o günlərin real mənzərəsini yaratmaq çətindir” (64, s.3).
20 Yanvar faciəsi hər zaman dövlət rəhbərliyinn diqqət mərkəzində olmuşdur. Belə ki, Zümrüd Bayramovanın “Azərbaycan tarixinin bir zamanı da belə yazıldı: 20 Yanvar Faciəsi” adlı məqaləsində qeyd etdiyi kimi, “Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq olunmasına dair imzaladığı sərəncama əsasən, ölkənin bütün şəhər və rayonlarında, idarə, müəssisə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkil olunması, o cümlədən, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur. Artıq illərdir ki, faciənin mahiyyətinin, rus ordusunun iyrənc simasının, insanların azadlıq istəyinin lazımı səviyyədə təqdimində, onun coğrafi məkanının genişləndirilməsi istiqamətində ardıcıl və planlı şəkildə tədbirlər gerçəkləşir. Yaşanılan qırğının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və Azərbaycan icmaları vasitəsilə mərasimlər təşkil edilir, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallar təqdim edilir” (65, s. 6.).
Zaman ötdükcə 20 Yanvar mövzulu məqalələrdə bəzən təkrar epizodlar, müxtəlif müəlliflərin ancaq başsağlıqları müşahidə olunsa da, faciəni geniş prizmadan dəyərləndirməsi gələcək nəsillər üçün aydın tarixi fakt verir.
Beləliklə, 2001-2018-ci illər mətbuat səhifələrində 20 Yanvar faciəsinin törədilmə səbəbi, səbəbkarlar haqqında siyasi-elmi publisistik məqalələrdə dəqiqlik, konkretlik üstünlük təşkil etdiyindən ortaq baxışlar daha çoxdur. Bədii-publisistik məqalələrdə subyektivlik mövqeyi öndə olduğundan fərqli baxışlar müşahidə olunur. Əslində isə müxtəlif aspektlərdə hər iki janrın nümunələrini müasir dövrdə informasiya müharibəsinin getdiyi şəraitdə dünya ictimaiyyətinə 20 Yanvar adlı milli faciəmizi tanıdılması baxımından vacib və aktualdır.
Milli yaddaşımızda əbədi həkk olunan bu qanlı faciə üzərindən illər ötsə də, öz tarixi tipologiyasını qoruyub saxlayacaq, publisistik məqalələrdə böyük kədər, qürur, şərəf hissi ilə xatırlanacaq, gələcək nəsillər dəhşətli soyqırımlardan nəticə çıxarıb Azərbaycan mətbuatını orijinal və sanballı əsərlərlə zənginləşdirib bütün dünyaya tanıdacaqdır.
ƏDƏBİYYAT:
- Mehdiyev Ramiz. Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri. Bakı: Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsi, 2000, 204 s.
- Qorbaçov Mixail. Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Sovetinin sədri, M.S. Qorbaçovun Mərkəzi televiziya ilə çıxışı. “Səhər” qəzeti 25 yanvar 1990, s. 5.
- Baliyev Həsən. Vida ərizəsi. “Azərbaycan” qəzeti, 24 fevral 1990, s. 6.
- Vahabzadə Bəxtiyar. Şənbə gecəsinə gedən yol // “Azərbaycan” jurnalı, 1990, №10, s. 7-27.
- Hacaloğlu Abbas Abdulla. Karvan yola düzlənir. “Ulduz” jurnalı, 1991, №1, s. 2-7.
- Yusifoğlu Babək. O gecə müdhiş gecə idi.“Ədalət” qəzeti, 20 yanvar 1994, s. 8.
- Əlizadə Zərdüşt. 20 Yanvar: Cinayət və Cəza. “İstiqlal” qəzeti, 20 yanvar 1993, s.1.
- Niftəliyev Naib. AXC xalqı tələyə saldı, “Yeni Azərbaycan” qəzeti, 20 yanvar 2000, s. 6.
- Yunus Oruc.Qan ökülməyə bilərdi. “Yeni Azərbaycan” qəzeti, 20 yanvar 2000, s. 12.
- Vahabzadə Bəxtiyar. Şənbə gecəsinə gedən yol // “Azərbaycan” jurnalı, 1990, №9, s. 3-20.
- Дубняк В.С. Выступление Генерального секретаря ИК КП СС Председателя по Центральном телевидению, «Бакинский рабочий» газета, 25 января 1990, с. 3.
- Qurbanoğlu C. Müdafiə naziri özünə bəraət qazandırmağa çalışır. “Azərbaycan” qəzeti, 24 yanvar 1991, s. 8.
- 1990-cı il Yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələri təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikasının Ali Sovetinin Komissiyasının rəyi. “Xalq” qəzeti, 19 yanvar 1992, 1-4.
- Hüseyn Arif. Nahaq qan deyəsən yerdə qalır. “Ədalət” qəzeti, 19 yanvar 1995, s. 3.
- Mirzəliyev Canalı. Mənəviyyat, vətənpərvərlik, “Ədalət” qəzeti, 19 yanvar 1999, s. 7.
- Əliyev Heydər. Azərbaycan xalqına, Azərbaycan KP MK-ya Ali Sovetə, nazirlər Sovetinə teleqram. “Yeni Azərbaycan” qəzeti, 19 Yanvar 1999, s.1.
- Müşfiq Həqqi. 20 Yanvar faciəsi və ya kim kimdir?!. “Yeni Azərbaycan” qəzeti, 20 yanvar 1990, s.1-3.
- Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Bakı, Azərnəşr, 1997.
- AzərTAc. Qanlı Yanvar faciəsinin 14-cü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad etmişdir. 20 yanvar 2004.
- AzərTAc. “Azad Azərbaycan” qəzeti, 18 yanvar 2009, s.3.
- Quliyev Vilayət. “Nepsabadşaq” qəzetinin 20 Yanvar yazıları. “Azərbaycan” qəzeti, 20 yanvar 2017, s.
- Литовские журналисты: Поминая нашу трагедию 13 января, никогда не забудьте выразить сострадание и азербайджанцам, пережившим свой “Черный январь”. Бакинский рабочий. 15 января 2015, c. 5.
- Российская газета: “20 Января – это ключевой этап рождения национального самоопределения нового Азербайджана”: [в “Российской газете” за 18 января опубликована статья заместителя генерального директора Информационно-аналитического центра МГУ Александра Караваева под заголовком “Бакинский рубикон. Этот день стал ключевым этапом рождения национального самоопределения нового Азербайджана”, “Бакинский рабочий” газета, 19 января 2013, c. 5.
- Помнить январь: (в интернет-портале «Новые Известия» за 20 января размещена статья политолога Александра Караваева под заголовком «Помнить январь. Не «оранжевая» революция советского распада»), “Бакинский рабочий” газета, 22 января 2016, c. 9.
- Tağıyev Z.. Bu qisas qiyamətə qalmaz… 20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsi idi. “Səs” qəzeti, 20 yanvar 2009, s.5.
- Əliyev Qafar. Faciələrimiz rəhbərsizlikdən törəndi.“Azad Azərbaycan” qəzeti, 20-23 yanvar 2009, s. 4- 5.
- Rasimoğlu Anar. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi. “Azərbaycan” qəzeti, 22 yanvar 2009, s. 4.
- Kamalqızı Rəfiqə. Xalqımızın istiqlal mübarizəsinin ən şərəfli səhifələri. “Səs” qəzeti, 13 yanvar 2010, s.6.
- Cəbrayılova Aygün. Tarixə şəhid qanı ilə yazılmış 20 yanvar faciəsi // “Dövlət və Din” jurnalı, 2009, № 1, s. 41-45.
- Şirinova Aynurə. 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin zirvəsidir, “İki sahil” qəzeti, 15 yanvar 2010, s. 5.
- Bədəlov Əliqismət. 20 Yanvar faciəsi Azərbaycanın tarixinə həm kədərli hadisə, həm də fədakarlıq və qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. “Xalq qəzeti”, 15 yanvar 2010, 4.
- Əliyeva İradə. İnsanlığa qarşı qanlı cinayət. “Azərbaycan” qəzeti, 17 yanvar 2012, s.6.
- Alim. 20 yanvar-qəhrəmanlıq və şəhidlik zirvəsi. “Olaylar” qəzeti, 19 yanvar 2017, s.
- Bəhrəmov Cəbi. 20 Yanvar və Xocalı faciələri 1918-ci il mart soyqırımının davamı idi. “Azərbaycan” qəzeti, 25 yanvar 2018, s.1,7.
- Bəhrəmov Cəbi. 20 Yanvar və Xocalı faciələri 1918-ci il mart soyqırımının davamı idi. “Azərbaycan” qəzeti,26 yanvar 2018, s.
- Quliyev Samir. 20 Yanvar faciəsi insanlığa qarşı bir cinayətdir. “Palitra” qəzeti, 14 yanvar 2014, s.12.
- Əhmədov Tağı. Qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi. “Respublika” qəzeti, 19 yanvar 2016, s.5.
- İslamoğlu Sərtib. 20 Yanvar tariximizin qanla yazılan səhifəsidir. “Vedibasar” qəzeti, 16-31 yanvar 2009, s.1-2.
- Cəfərli Rəşad. 20 Yanvar faciəsinə gedən yol. “Azərbaycan” qəzeti, 18-19 yanvar 2014, 11, s. 6-7.
- Рза Тимур. 20 лет 20 января: жертв народной трагедии помянут на должном уровне. “Неделя” газета, 15 января 2010, c. 2.
- Мамедов Сохбет. Бакинской трагедии двадцать лет. «Независимая газета», 20 января 2010, c. 7.
- Титов Сергей. Черный Январь 1990-го. “Вышка” газета, 20 января 2012, c. 8.
- Mustafa Nazim. 20 Yanvar – Qan yaddaşımız. “Xalq qəzeti”. 16 yanvar 2010, s.5.
- Mustafa Nazim. 20 Yanvar – Qan yaddaşımız. “Xalq qəzeti”. 17 yanvar 2010, s.4.
- Hüseynli İxtiyar. Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü. “Azərbaycan” qəzeti, 20 yanvar 2011, s.3.
- Ахундова Эльмира. Вспоминая героев: 20 января кровь пролилась не напрасно!: (В Будапеште по инициативе посла Азербайджана в Венгрии Вилаята Гулиева и венгерского журналиста Петера Дунаи готовится к изданию книга под названием “Будапешт 1956, Баку 1990 – Вспоминая героев”), “Каспiй” газета, 17 января 2015, c. 8.
- Aydınoğlu Tahir. Mixail Qorbaçovun gecikmiş və yarımçıq etirafı onun qanlı cinayətlərini yuya bilməz. “Xalq qəzeti” 20 yanvar 2018, s. 2.
- Əbdülsəlimzadə Qüdrət. İctimai dəfn komissiyası və onun fəaliyyəti. “Respublika” qəzeti, 19 yanvar 2012, s. 5.
- Ağabalayeva Südabə.Yanvar düşüncələri //“Azərbaycan” jurnalı, 2018, № 1, s.148-154.
- Balabəyli Faiq. Dəryada gəmim qalıb //“Azərbaycan” jurnalı, 2004, №1, s. 5-8.
- Qasımzadə İntiqam. Narahat ruhlar //“Azərbaycan” jurnalı, Bakı, 2010, №1, s.3-5.
- Mehdizadə İntiqam. Ölüm vertolyotu. “525-ci qəzet”,20 yanvar 2007, s.3.
- Ərşadoğlu Arif. Şəhid məzarları önündə düşüncələr. “Azərbaycan müəllimi” qəzeti, 20 yanvar 2005, s. 3.
- Məmmədov Məmməd. Mənim şəhid şagirdlərim. “Azərbaycan müəllimi” qəzeti, 20 yanvar 2005, s.3
- Daşdəmirli Ədalət. Unutmaq olarmı şəhidləri. “Azərbaycan müəllimi” qəzeti, 20 yanvar 2006, s.3.
- Əlioğlu Nurəddin. Ruhlar təslim olmur. “Azərbaycan müəllimi” qəzeti, 20 yanvar 2006, s.3.
- Balabəyli Faiq. Qalibləri məğlub edən dənizçilər. “Azərbaycan müəllimi” qəzeti, 19 yanvar 2001, s.3.
- Musayev Nurəddin. 20 Yanvar Xalqımızın mənəvi qələbə tarixidir. //”Azərbaycan məktəbi” jurnalı, 2006, №1, s.50.
- Qaramanlı Nədib. Əbədiyyət yolçuları. “Vətən səsi” qəzeti, 19 yanvar 2008, s.3-4.
- Quliyeva Xatirə. Bəşər övladının ucalıq və qəhər günü. “Vətən səsi” qəzeti, 20-22 yanvar 2007, s.5
- Oruclu Oqtay. Əbədiyyət simfoniyası, “Zaman” qəzeti, 20-21 yanvar 2011, s.
- Xəlilzadə Flora. Şərafət günü. “Azərbaycan” qəzeti, 20 yanvar 2009, s.5.
- Ülvi Almaz. Milli azadlıq fədailərinin poetik dünyası, “Xalq qəzeti”, 20 yanvar 2010, s.
- Əbdülsəlimzadə Qüdrət. Şəhidlərimizin ruhuna təskinlik gətirək. “Xalq qəzeti”, 20 yanvar 2010, s.3.
- Bayramova Zümrüd. Azərbaycan tarixinin bir zamanı da belə yazıldı: 20 Yanvar faciəsi: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı əsasında ölkənin bütün şəhər və rayonlarında geniş tədbirlərin təşkili nəzərdə tutulur, “Səs” qəzeti, 12 yanvar 2013, s. 6.
Bu iş Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF/GAM-4-BGM-GİN-2017-3(29)-19/15/5.