AMEA-nın Neft və Qaz İnstitutunun prioritet tədqiqat istiqamətləri müzakirə olunub

Sentyabrın 21-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyevin “Neft və qaz elmi 2030: gələcəyə baxış” mövzusunda məruzəsi dinlənilib.

Alim institutun inkişafı üçün vacib strateji istiqamətlərdən bəhs edib. İ.Quliyev bildirib ki, hazırda neft və qaz axtarışları 7-14 km dərinlik mərhələsinin başlanğıcındadır. “Bu da öz növbəsində, müasir geofiziki üsulların dərində olan yataqların öyrənilməsinə adaptasiyasını tələb edir”.

Akademik intellektual neft-qaz yataqlarının araşdırılması istiqamətində fundamental tədqiqatların aparılmasının da qarşıda duran vacib məsələlərdən olduğunu deyib. Qeyd edib ki, bu sahədə problemlərin həlli superkompüter texnologiyaları əsasında yeni metodların tətbiqi ilə mümkündür.

Məruzəçi həmçinin neft-qaz elminin inkişafında qazhidratların, karbohidrogenlərin alternativ mənbələrinin – ağır neftin, şist neft və qazın, böyük təzyiq altında sularda həll olmuş qazların öyrənilməsini perspektiv istiqamətlərdən biri kimi qeyd edib. İ.Quliyevin sözlərinə görə, 2030-cu ildə Azərbaycan tamamilə yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər: “Artıq bir neçə ildir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutu almaniyalı həmkarları ilə birlikdə Azərbaycanın palçıq vulkanlarından ayrılan karbohidrogen qazlarının uzunmüddətli termik monitorinqini aparırlar. Alınan nəticələr məhz bərpa olunan karbohidrogen sisteminin yaradılması üçün əsas olacaq”.

Akademik onu da bildirib ki, gələcəkdə Neft və Qaz İnstitutunun əsas istiqamətlərindən biri neft sənayesinin iqtisadiyyatı və onun inkişafının proqnozlaşdırılması olacaq. Artıq AMEA-da sahələrin proqnozlaşdırılması aparılır, o cümlədən neft və qaz qiymətlərinin bazar tələbatı əsasında dəyişiklik dinamikasının riyazi modelləri hazırlanaraq sınaqdan keçirilir.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Qəbul edilmiş qərarla böyük dərinliklərdə neft yataqlarının geofiziki və geokimyəvi axtarışı, intellektual yataqların fundamental tədqiqatı, qazhidrat yataqlarının elmi araşdırılması, palçıq vulkanlarında neft və qaz ehtiyatlarının bərpası, şist neft və qazının geoloji və kimyəvi tədqiqi, neft sənayesinin iqtisadiyyatı və geoekoloji problemlər AMEA Neft və Qaz İnstitutunun prioritet tədqiqat istiqamətləri olaraq təsdiq edilib. Qərarda həmçinin perspektiv plana uyğun olaraq institutun yeni avadanlıq və proqram bazası ilə təchiz edilməsi və digər məsələlər də yer alıb.

Tədbirdə Biofizika İnstitutunun strukturunun təsdiqi, Tarix İnstitutunun strukturunda dəyişiklik edilməsi, Elm Tarixi İnstitutunun Elmi şurasının tərkibinin təsdiqi, AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın 80 illik yubileyinin keçirilməsi, Geologiya və Geofizika İnstitutunun əməkdaşı Fuad  Əliyevin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ezamiyyət müddətinin uzadılması, həmçinin filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması haqqında da qərarlar qəbul edilib.

(Visited 2 times, 1 visits today)