Ceyms Coys və onun “Uliss” romanı

Cavanşir YUSİFLİ

Qar bütün dünyanı bürüdü, son saatın yaxınlaşdığını xəbər verirmiş kimi, sakitcə dirilərin və ölüləriin üstünə yağdı.
C.Coys
İndiki zaman deyilən bir şey yoxdu, hər şey olub bitib.
J.P.Sartr
Heç bir “olub” yoxdu, yalnız “var” mövcuddur.
C.Coys

Həyatı

XX əsr modernizminin ən nəhəng siması Ceyms Oqastin Aloyşes Coys (James Augustine Aloysius Joyce) 2 fevral 1882-ci ildə cənubi Dublinin Rattare rayonunda anadan olub. Atasının biznes işlərini qaydasınca apara bilməməsi biznes məşğuliyyətini tez-tez dəyişməsi ilə müşayiət edilirdi. Bəlkə elə bu səbəbdən Coys ailəsi tez-tez Dublinin bir rayonundan digərinə köçmək məcburiyyətində qalırdı. Mükəmməl təhsil alsa da, uşaqlıq və gənclik illərinin acınacaqlı və kasıbçılıqdan bezmiş ləpirləri beynində silinməz izlər buraxmışdı. Elə bu məqamda Virciniya Vulfun Coysla bağlı çox dəqiq bir fikrini misal gətirmək istərdik: “… insan həyatında uşaqlıq tez gəlib keçən və unudulan bir şeydi, əl atsan tuta bilməzsən, görmək istəsən mümkün olmaz. Ancaq bizdən fərqli olaraq Coys istədiyi zaman o əraziyə keçə bilir, orda istədiyi qədər qala bilirdi. Onun qələmlə yaratdığı möcüzələrin sirri bəlkə elə bunda idi…” Coysun özü bəzi məqamlarda həyatından parçaların qopub qaldığı obrazlara qayıdır, onların çərçivəsindən kənardakı ərazidə özünü axtarırdı. Altı yaşına çatdıqda Klonqouz Vuds yezuit kollecinə daxil olub, daha sonra, 1893-cü ildən etibarən təhsilini Belveder kollecində davam etdirib. Buranı bitirdikdən bir il sonra, yəni, 1893-cü ildə Dublin Universitetinə daxil olur.

İlk yazısı 1900-cu ildə çap edilir (İbsenin pyesi haqqında esse – “Biz, ölülər diriləndə”). Lirik şeirlər yazırdı.

20 yaşında Coys Parisə gedir. Burda da atası kimi, maliyyə çətinlikləri üzündən məşğuliyyətini tez-tez dəyişmək məcburiyyətində qalırdı. Gah jurnalist, gah da müəllim kimi çalışırdı. Anasının ölümü ilə bağlı İrlandiyaya dönsə də, burda bir ildən çox qala bilmir, 1904-cü ildə təkrar ölkəni tərk edir. Triyestdə Nora Barnakalla tanış olur. Birinci Dünya Müharibəsi başlayana qədər onunla Sürixdə yaşayır, burada “Gənclik çağında rəssamın portreti” adlı romanı və paralel olaraq “Uliss” romanının ilk fəsilləri üzərində çalışır. Avropanı gəzib-dolaşır, şeirlər yazırdı. Bəzi əsərləri o dövrün imajizm dərgilərində yer alır. Klassik modernistlərin hamisi sayılan Ezra Paundla da bu zaman tanış olur.

Ceyms Coys unikal fərdi keyfiyyətlərə malik idi. Mükəmməl musiqi təhsili vardı, dostlarından birinin sözlərinə görə, çox böyük tenor idi. Az bir müddət ərzində istədiyi xarici dili öyrənmək qabiliyyətinə malik idi. Turgenev və Çexovu orijinalda mütaliə edə bilmək üçün cəmi 4 həftəyə rus dilini öyrənə bilmişdi. Ancaq öyrəndiyi dilləri tez də unudurdu.

Oxucu onun əsas əsərləri sayılan 3 romanında ən müxtəlif dillərin yaratdığı “intertekstual mühitlə” üz-üzə dayanır. Bu, şübhəsiz ki, böyük sənətkarın dil bilgilərini nümayiş etdirmək inadı deyildi, ola da bilməzdi. Coys ali texnika, ali professionallıq nümunəsi olduğundan, tətbiq etdiyi müxtəlif oyunlarla, özü də özündən əvvəl böyük uğur qazanmış üslublarla oyuna girməklə, başqa, daha vacib nəsnələri müzakirə müstəvisinə gətirirdi.

Bütün ədəbi dəyərləri sual altına almaq dərəcədə nəhəng əsər olan “Uliss” ilk dəfə Fransada çap edilir. Əsərdə bir gün ərzində (16 iyun 1904, səhər saat səkkizdən gecə üçə qədər) Dublin yəhudisi Leopold Blumun başına gələn hadisələr əksini tapıb. Bu tarix sonradan İrlandiyada və bütün dünyada “Blum günü” kimi qeyd edilməyə başlayıb. Coysun öz sözlərinə görə, əsərdə topoqrafik dəqiqlik ifrat həddədir, yəni bir gün Dublin yer üzündən silinsə, onu bu əsər əsasında bərpa etmək mümkün olar.

Parisdə Ceyms Coys özünün sonuncu nəhəng əsəri olan “Finneqanı anma” romanı üzərində işləyir. Bu roman elə qəliz bir konstruksiya kimi düşünülüb ki, hətta ən intelelktual oxucular belə onu anlamaqda xeyli çətinlik çəkirdilər. Məhz bu səbəbdən onu bir daha ingilis dilindən ingilis dilinə tərcümə ediblər.

Dərin zəka və intellektə, habelə son dərəcə incə zövqə (xüsusən musiqi sahəsində) malik olan Coys bir sıra xəstəliklərdən əziyyət çəkirdi. Dərin zəkalı və güclü intellekt sahibi olan adamlar məhz intellektin “xarüqələr yaradacığına” böyük şübhə ilə yanaşan insanlardır. Bu səbəbdən Coys üçün içki böyük önəm daşıyırdı. Şübhələri unutmaq, bildiyi, duyduğu dəhşətləri yaddan çıxarmaq ona səhhətinin korlanması bahasına başa gəldi. Sonuncu romanını artıq katibi, sonradan Nobel mükafatçısı Samuel Bekketə diqtə etmişdi. Bekket onun dünyanı silkələyən “Uliss” romanı haqda belə yazacaqdı: “…bu romanı oxumaq yox, dinləmək və görmək lazımdır.” Demək, Ceyms Coys doğrudan da çox fərqli bir paradiqma yaratmışdı.

Ceyms Coysun əsərləri, xüsusən son iki romanı mütaliə baxımından nə qədər çətinlik yaratsa da, onun dünya ədəbiyyatına təsiri ölçüyəgəlməz dərəcədə böyükdür. Son romanında müxtəlif dillərə aid sözlərin hibridindən yaranan bir sıra sözlər sonralar ayrı-ayrı elm sahələrində işlənməyə başlanmışdır. Bu romandakı məşhur “Three Quarks for Muster Mark” (Usta Mark üçün üç kvark) cümləsindəki “kvark” fizika termini kimi təklif və qəbul edilib.

Ancaq bir cəhəti yaddan çıxarmaq olmaz. XX əsr mədəniyyətində ard-arda baş verən bu nəhəng hadisələr tək bir şəxsin yox, bütün modernist pleyadanın cəhdləri nəticəsində hasilə gəlmişdi. Ceyms Coysun əzmkarlığını təxminən Tomas Sternz Eliotun poeziya və tənqiddə həyata keçirdiyi işlərlə müqayisə etmək mümkündür. Eliotun “Bəhrəsiz torpaq” poeması ilə “Uliss” romanı arasında xeyli üst-üstə düşən məqamlar mövcuddur. Onlar əsas məqamlarda eyni mənbələrə (məsələn, “Nibelunq qılıncı”) müraciət etmişlər. Tomas Sternz Eliot poeziyada “subyektiv mənin” əleyhinə gedərək və onun ifadə etdiyi anlayışı rədd edərək arxaik, mifoloji mənə üstünlük verirdi, onun yerinə “vizual əşya” anlamını qoyurdu. İlkin, yalançı təəssürat oyadan hislərdən vaz keçilir, onların içindəki həqiqəti ortaya qoymaq üçün subyektiv mən əşya ilə əvəzlənirdi, həm də parlaq görüntü yaradan əşya ilə. Məsələn “Prufrakın sevgi nəğməsi”ndə rast gəlinən “taleyimi kofe qaşığı ilə ölçdüm” misrasında “kofe qaşığı” Prufrakın taleyinin bu əşya qədər mənasız olduğunu ilkin yada salır. Yəni, əşyanın ilkin yada saldığı nəsnə artıq mahiyyətə yönəlik bir şeydir. Ceyms Coys isə özünəqədərki bütün üslubları və “dilləri” paradoiya edirdi, ancaq əvvəlcə oxucunu bu üslubun hisləri coşduran hüsnünə “kökləyir”, sonra hansısa adi məqamda gözlənilmədən ironiya selinin şırnağını açırdı. Coys Floberin nəsrdə tətbiq etdiyi son dərəcə dəyərli və orijinal üsullara “Uliss”də qlobal xarakter aşılayır (yada salaq, Madam Bovari hər dəfə bütün gücünü toparlayıb qeyri-adi insan olmağa çalışarkən adidən adi olurdu), onları son mükəmməlik həddində işləyirdi. Coys ilk dəfə olaraq “üslub -insandır” formulunu rədd etdi, yaratdığı əsərlərlə bədii əsərdə üslubuin yox, texnika və ya konstruksiyanın əsas rol oynadığını sübut elədi. Yəni, təxminən bu şəkildə: indi oxuduğunuz roman bildiyiniz roman deyil, roman haqqında, onu necə yazmaq haqqında əsərdir. Məhz bu cəhəti ilə Coys XX əsrin bütün dahi nasirlərindən fərqlənir. Hansısa konstruksiya qəlibində yazılan əsər, yaxud onun bir fəsli həmin konstruksiyanın sonda qapanması ilə müşayiət edilirdi. Yəni, bundan sonra daha heç bir ədəbi perspektiv yoxdur! Bu romanı ideyası və konstruksiyası etibarı ilə Dantenin “İlahi komediyası” ilə müqayisə etmək mümkündür.  Anacq “Uliss”dən fərqli olaraq  Dantenin əsərində ədəbiyyatın, ədəbi fikrin inkişafına yönəlik gələcək üçün yollar da nişan verilirdi. Coys özünəqədərki bütün ədəbiyyatı baş-ayaq perspektivdə yerləşdirmişdi. Ancaq bunun çox-çox dərinlərdə yerləşən mühüm səbəbləri var idi.

“Uliss”də xronotoplar

Ceyms Coysun bütün XX əsr ədəbiyyatının yönünü dəyişdirən romanı yazmaqda dərin səbəbləri olmalı idi. Şübhəsiz ki, bu, ilk növbədə modernist estetikanın mahiyyətindən irəli gəlirdi. Yəni, reallıq illüziyasından əl çəkən ədəbiyyat bütün gücünü toplayıb insanın irrasional mahiyyətini araşdırmaqla məşğul idi. Bunu ümumi səbəb hesab etmək mümkündür. Ən əsas səbəb isə konseptual xarakter daşıyırdı. Coys insan fikirnin, insan düşüncsinin kökünü, onun necə meydana gəlməsini bilmək istəyirdi. Biz hər gün danışırıq, digəır insanlarla ünsiyyətdə oluruq, bizə elə gəlir ki, dediklərimiz sırf öz fikirlərimizdir. Ancaq dərindən düşündükdə bunun belə olmadığını anlayırıq, yəni, bizim fikirlərimizdə ümumən məlum fikirlərin rudimentləri apriori şəkildə yaşaya bilir. Demək, fikir və ideyaların orijinallığı son dərəcə şərtidir. Ancaq yəqin ki, ürəyimizə və ruhumuza daha yaxın olan hislərə inanmaq mümkündür. Onları nəinki hiss edir, hətta sözlərlə ifadə edirik. Bu hislər hər hansı mətnin qurulmsında son dərəcə əlahiddə tapıntı rolu da oynaya bilir. Ancaq dərindən düşündükdə məlum olur ki, elə bir insani hiss və ya duyğu yoxdur ki, qəlibi olmasın. Ceyms Coys “Gənclik çağında rəssamın portreti” romanından sonra məhz bu suallar üzərində düşünürdü. İnsan düşüncəsi, düşüncə, fikir stereotipinin arxasındakı “qədim əlyazmanı” tapmaq, hər bir əşyanın, hər bir duyğunun içindəki ştampı əldə etmək onun üçün böyük əhəmiyyət daşıyırdı. Müxtəlif dillərin sözlərinin hibrid edilməsindən bir məqsəd də bu idi.

Bu məqamda belə bir haşiyəyə zənnimizcə ehtiyac yaranır. Coysun İrlandiyanı könüllü tərk etməsinin səbəblərindən biri atası idi. O, ailənin bütün var-yoxunu içki məclislərində xərcləmiş, bunun nəticəsində ailə dəfələrlə evi satıb daha ucuz və sınıq-salxaq evlərdə kirayənişin kimi qalmaq məcburiyyətinə dözmüşdü. Coys atasının həyatn dibinə çökməsini gözlərini ilə görmək istəmirdi. Onun qardaşı Stanislavın gündəliklərində Coysun xarakteri ilə bağlı qiymətli qeydlər yer almışdı: “Fikrimcə, zaman keçdikcə Cim İrlandiya üçün vaxtilə Russonun Fransası üçün oynadığı rolu oynayırdı… Cim insanalrı özünə cəlb edə bilirdi, anacq mahiyyətcə nəzakətli və xoşrəftar bir insan deyildi… Baxın, indi kaminin ətrafında oturub, əllərini dizləri üstünə daraqlayıb, başını azca geri çevirib, sərt üzündə alov dilimləri rəqs edir, tanımasam hindu deyərdim ona bu halında. Cimə qarşı nəzakətlə davransanız eyni şəkildə əvəzini gözləməyin…”

Olur ki, bəzi yaradıcı ınsanların əsərlərındəkı keyfıyyitlərı onun aıd olduğu hansısa ədəbi cərəyanın estetik platformasında axtarırlar və belə olduqda əsərdəki xüsusi izaha ehtiyacı olan keyfiyyət tam olaraq açılmır, çünki dolayısı ilə, yazıçının və onun əsərinin timsalında konkret “izm” şərh edilir. Məsələ bununla da bitir. Halbuki, bu kimi hallarda əsəri yaradan sənətkarın psixoloji portretinin cızılması önəmli rol oynaya bilər. Coys dərin zəka və intellekt sahibi idi və bu xüsusiyyətlərini hələ məktəbli ikən nümayiş etdirmişdi, özü də bütün parlaqlığı ilə! Hər il İrlandiyada keçirilən imtahanlarda ən yüksək pilləyə ucalır və atasının bir neçə aylıq pensiyasından daha artıq məbləğ qazanırdı. Evdə ona xüsusi diqqət yetirilirdi, bu isə onun xarakterinin formalaşmasında əsaslı rol oynamışdı. Şəxsiyyət kimi güclü xarakterə malik idi. Qardaşının sözlərinə görə, bu cizgilərdə soyuq və eqoist hislər üstünlük təşkil edirdi, sərt idi, istədiyi şəkildə insanları və onların niyyətlərini manipulyasiya etmək qabiliyyətinə malik idi. Hamılıqla itaət edilən qaydalara qarşı onda sərt mənfi münsibət yaranıb-formalaşırdı. Heç bir məsələ ilə asanca razılaşmazdı… Ancaq həm də son dərəcə xeyirxah idi, xəsis deyildi, atasının xasiyyəti ona da keçmişdi, ünsiyyətcil idi, danışmaqdan doymazdı, ancaq nə qədər danışsa da əsas fikir və ideyalarını büruzə verməzdi. Coysun şəxsiyyəti onun yaradıcılığını anlamaq üçün əsas açar rolunu oynaya bilər. “Ulis” yazıçının psixikasının, dünyagörüşünün güzgüsü idi. Yəni, deyildiyinin əksinə olaraq, Coys eksperiment aparmırdı, özünü ifadə edirdi, daxilindəki dərinliyi sözlə ifadə edirdi və sözü dəf edirdi. Hətta Borxesin də vurğuladığı “qəsdən” qəsdi düz deyildir, sözsüz ki, romanın meydana gəlməsində Coysun bədii düşüncəsi əsas rol oynayırdı, ancaq Coysun özünü, xarakterini, tətbiq etdiyi konstruksiyaları unudub “bunu qəsdən belə eləmişdir” demək yanlışlıqdır. Çünki Coys nə qədər dərin zəkaya malik olsa da, yazı prosesində hər çeydən tam xəbərsiz olurdu. Əlini saxlayıb hansısa “qəsdi” düşünə bilməzdi.

Əsərin adından tutmuş son fəslinə və son nöqtəsinə qədər hər şey yenidən və kəskin (oxu-radikal) dəyərləndirmə əsasından qurulub. Ona sitat səviyyəsində baxarsaq, birinci sitat elə əsərin adındadır. Uliss, yəni Odissey. Bu adı seçməkdə müəllifin məqsədi, yaxud məqsədləri nə olmuşdur? Ceyms Coysun görkəmli araşdırıcısı və “Uliss” romanının tərcüməçisi S.Xoprujiy yazırdı: “…Blumun iştəklərini Odisseyin səyyahlığı kimi təqdim etməklə Coys təkcə ironiya etmir, həm də mövcud dəyərlərə yenidən baxılmasını təklif edirdi. Yalnız ayrıca götürülmüş bir şəxs, onun şəxsiyyəti, hisləri və problemləri onun üçün dəyərlidir və maraq doğurur. Homerdən fərqli olaraq müharibələr və inqilablar, habelə bütün ümumdünya tarixi anturaj olsa-olsa darıxdırıcı absurddur, daha çox isə bir yığın yalan və zalımlıqdır”. Beləliklə o, ümumdünya tarixini, xüsusən də mədəniyyətlərin tarixini öz prizmasından dəyərləndirməyə cəhdlər göstərirdi. Bir yaradıcı fərd kimi Coys üçün məhz öz nöqteyi-nəzəri maraqlı və orijinal sayıla bilərdi. Onun belə “yaradıcı aqressivliyi” eyni zamanda sonsuz sayda baxışların müstəvi üzərinə gətirilməsinə meydan açsa da, bir müəllif kimi Coys bu baxışların heç birinə üstünlük vermirdi. Məsələn, romanın 9-cu epizodunda (roman 3 hissədən, 18 epizoddan ibarətdir, bu epizodların hər biri Homerin Odisseyinin nəğmələrinin adına işarədir) Coys Şekspir haqqında özünün son dərəcə orijinal baxışını irəli sürür. Bu epizodda Şekspirin bioqrafiyası və yaradıcılığı dərin təhlildən keçirilir. Qızğın müzakirə gedir. Müzakirə iştirakçılarından biri deyir ki, böyük bir insanın həyatını bu şəkildə qazımaq yalnız prixod mirzəsi üçün maraqlı ola bilər. Pyeslərini oxuyuruq, əsas olan da budur. Hər hansı pyesini oxuyanda onun bioqrafik detalları artıq bizi narahat etməməlidir. Əlimizdə “Kral Lir” var və o ölməzdir. Coys bu romanda hər hansı məsələ ilə əlaqədar olaraq ən müxtəlif mənbələrdən sitatlar gətirir, öz baxışını bu sitatların arasından keçirib yox edir. Yəni, əslində, demək istəyirdi ki, hər hansı bir məsələ ilə bağlı yalnız bir doğru cavabın olması absurddur. Oçerkdə belə bir sual qoyulmuşdu: hər hansı əsərdə, hekayətdə yazıçı kimin adından danışır? Deyək ki, öz adından. Ancaq öz adından danışmaq nə deməkdir? Bu fikirlərin yalnız sənə aid olduğu üstündə israr edə bilərsən, ancaq bizim bütün fikirlərimizin içində bir “xəfiyyə” var – yad fikirlərin nişanəsi kimi. Biz avtomatik olaraq bunu öz ideyalarımız kimi qələmə veririk. Biz hər hansı hekayəti danışanda mütləq onun müxtəlif hissələrini montaj edirik. Nitqimizi elə qururuq ki, hekayətin içindəki əsas məqam qəfil qabarsın, hər şeyin üstünü örtsün. Ancaq bu hekayəti hər hansı uşaq nağıllayarsa, mənzərə kökündən dəyişər. O, hələ montajı bacarmır, onun üçün bu məqamda əsas və ikinci dərəcəli elementlər yoxdur, – hər şey əsasdır. Ona görə o, bircə detalı da unutmur, hər şeyi eyni şövqlə danışır. Bu mənada Coys və onun “Uliss” romanı unikal xarakterə malik idi. Coys bilə-bilə mürəkkəb mətnlər qurmurdu, ürəyinə, beyninə necə gəlir (montaj etmədən-!) elə də yazırdı. Bu mətnlərin başqaları tərəfindən anlaşılmaması ona qəribə gəlirdi. Bəzən dostları ilə zarafat edir, ancaq onun yumoru dostlarına çatmırdı. Coys xaraktercə unikal idi, o özünü bütün dünyadan təcrid edib, hər şeydən, onun nüvəsindən sıyrılıb bu nəsnələr haqda heç kimin eşitmədiyi və inana bilməyəcəyi nağıllar yazırdı.

Ulissin tədqiqatçısı qeyd edir ki, romandakı zaman-məkan zahirən “Odissey”in epik zaman-məkanına uduzur, ancaq bu o demək deyildir ki, “Uliss” romanının xronotopu ikincidən kasıb və ya darıxdırıcıdır. Həm Homer, həm də Coysun qəhrəmanlarının yolu labirintlərdən keçir. Xəritədə hər hansı şəhərə diqqətlə nəzər yetirsək, onun kəsişən prospektləri, küçələri, dalan və sair yerlərini nəzərdən keçirsək, labirintlə assüosiasiya öz-özünə meydana çıxar. Coysda qəhrəmanların şəhərin labirint məkanında dolaşması ruhun fikir, iman, tarix labirintlərində gəzişməsi ilə paraleldir və burada universal qayda mövcud deyildir, əsas olan özündən maksimum uzaqlaşmaqdır, dünyanın son nöqtəsinə çatmaqdır, son nəticədə “özünə yetişməkdir”. Coysun qəhrəmanalrı özlərini keçməklə (aşmaqla-!) özlərinə çatmaq istəyirdilər. Allah, günəş, Şekspir, komivoyajer… gerçəkliklə kəsişmə nöqtələrini taparaq özlərinə yetişə bilirlər” (15-ci epizod). “Uliss”də bu kimi suallarla bağlı 16-cı epizodda da sonsuz sayda baxış bucaqları sorğulanır. Simadakı buludların qovulub ruhun aydınlaşması, oxunması… Şəxsiyyətin danılmaz möhürü nədir, haradadır, onun idetifikasiyasının təsdiqi haradadır? Necə bilmək olar ki, bu mənəm, başqası deyildir? (16-cı epizod).Anacq bu suallara cavab yoxdur.

Bütün bu sualalrın, əsərdəki gülüş və ironiyanın köklərinin axtarışı bir daha müəllifin xarakterinə dayanır. Başqaları kimi gülməmək o deməkdir ki, sən gülüşünlə düzü-dünyada tək qalırsan, ironiya elə bir şəkildə və libasda meydana çıxır ki, onu özündən başqa kimsə anlamır və sən bunun fərqində olmursan. Sənətkarın bunun fərqində olması sona qədər baş tutmur, əks təqdirdə, “Uliss” kimi qeyri-adi bədii təfəkkür modeli meydana gələ mbilməzdi. Zənnimizcə, bu kimi hadisələrin nəsrdə meydana gəlməsinin özü qəribədir, bu nəsrlə poeziyanın qarışığı, ya da onların hər ikisinin sərhəddində dayanan bir poetik məqamdır. Sözün sərhəd situasiyası Coysu bütün qələm əhlindən kəskin şəkildə fərqləndirirdi. Məhz bu səbəbdən, özündən asılı olmayaraq Coys roman mətnini yeni dil yaratma meydanına çevirirdi. Bu sahədə o eyni zamanda həm sehrbaz, həm də əsir idi.

Coysun tədqiqatçılarından biri bu münasibətlə yazırdı: “… Coys öz modernizmini o dərəcədə hiss edirdi ki, qədim dövrlərə olsa-olsa tarixin cəsədi kimi baxırdı, ən yaxşı halda isə  inşaat materialı kimi, Axmatovanın sözü ilə desək, “tarixin zir-zibili” kimi baxırdı. Onun estetikası həmin zir-zibilin estetikasıdır: piramidalar belə dağılır, uçur, məhv olur, ancaq zir-zibil əbədidir. O, həyatdır. “Roma mənə elə bir insanı xatırladır ki,  daim kiməsə nənəsinin cəsədini göstərmək istəyir” – bu aforizmdə modernizmin kateqorik imperativi ifadə edilib: bütün dəyərlərin daim yenilənməsi, əbədi hərəkət, Romanın “zir-zibil”lə müqayisədə bir qara qəpiyə dəyməməsi!”

Homerin epik əsərinin 3-cü nəğməsində Telemak mifik varlıq olan Proteylə görüşür, o, sonsuza qədər sifətinin görünüşünü dəyişmək qabiliyyətinə malik idi. “Uliss”də bu, Stivenin ağlıdır, insan intellektidir, daim dəyişir, daim – durmadan, dayanmadan. Yəni, dünyadakı əşyalar, mahiyyət, ideyalar, sözlər sonsuz metamorfozaya məruz qalır. Epizod Aristotel haqqında söhbətlə açılır və hislərin (görmə və eşitmə) insan üçün nə dərəcədə etibarlı olmasıyla bağlı mübahisələr başlanır. Bu epizodda Aristotelin görmə hissiyatı haqqında fikirləri İrland filosofu C.Berklinin ideyaları ilə kəsişir. Berkliyə görə, bizim gördüklərimiz əşyaların özləri deyil, onların “rəngli işarətləridir”. Burada şeylərin mahiyyətini bildirən işarətlər “rəngli işarətlərlə” əlaqələnir. Fəlsəfi təlimdə deyilir ki, hər bir nitqdə və hər bir əşyada onun özünün “möhürü” (əsli, surəti yox-!) gizlənir, bu elə əslində mahiyyətə işarədir. Hər hansı nitqin mahiyyətini anlamaq üçün bu “möhürü” əldə etmək lazımdır.

Bu mqəsədlə Coys romanda, onun ayrı-ayrı epizodlarında özünəqədərki bütün ədəbi üslubları paradiya edir, onların dibinə daş atır, Dantedə açılan yollar burda bağlanır.

Yəni…. Cavab yoxdur.

… Ancaq Coysun öz sözləri ilə desək, heç bir “olub” yoxdu, yalnız “var” mövcuddur.

(Visited 246 times, 1 visits today)