Övladı 1-ci sinifə gedən valideynlər – Bunu bilməyiniz vacibdir!

Birinci sinfə başlayan şagirdlərin ilk günlərdə məktəbə adaptasiya ola bilməməsi valideynlər kimi müəllimləri də narahat edən məsələlərdən biridir.

Çox vaxt problemin həlli kimi valideyn övladı ilə birlikdə dərsdə oturmağa məcbur olur. Amma əksər müəllim valideynin dərsdə oturmağından narahat olduğundan bu kimi halları qəbul etmir. Elə əsas problem də bundan sonra yaranır.

İbtidai sinif müəllimi (metodist) Aygün Məmmədova da bu kimi hadisələrlə tez-tez qarşılaşdığını deyir.

Onun sözlərinə görə, bu kimi problemlər adətən bağçaya getmədiyən uşaqlar arasında daha çox görülür:

“Övladı məktəbə adaptasiya ola bilmədiyi üçün valideynin dərsdə iştirakı doğru deyil. Biz çox vaxt uşağa görə məcbur olub valideynin dərsdə iştirakını qəbul edirik. Amma olmaması daha məqsədəuyğundur.

Bu kimi halların yaşanmaması üçün uşağı məktəbə tam şəkildə hazırlamaq lazımdır. Burada təbii ki, əsas iş valideynlərin üzərinə düşür”.

Psixoloqlar bildirirlər ki, uşağın məktəbi sevməsi baxımından adaptasiya məsələsi olduqca önəmlidir.

Psixoloq Murad İsayev bildirir ki, bu məsələdə valideyn pedaqoq ilə sıx əlaqədə olmalıdır. Belə olan halda uşağın məktəbə uyğunlaşma prosesi qısa müddətdə olur və olduqca asan keçir:

“Məktəbə adaptasiya problemi Təhsil Nazirliyinin təyin etdiyi məktəb yaşından kiçik olan uşaqlar arasında daha çox görünür. Hətta bu, ay fərqində belə özünü büruzə verir. Onların səbrlə oturması, kollektive öyrəşməsi baxımından yaş məsələsi olduqca önəmlidir.

İkinci növbədə, bu məsələyə pedaqoqların individual yanaşması önəmlidir. Yəni, biz, valideynlərin uşaqlarla birlikdə dərs prosesində iştirakının tərəfdarı deyilik. Valideynin dərs prosesi zamanı övladının yanında olması uşağın davranışlarına, hərəkətlərinə təsir edir.

Əlbəttə bu məsələdə müəllimlərin üzərinə böyük iş düşür. İbtidai sinfin ən azından bir neçə ayı müddətində uşaqların ciddi rejimdə, oturaq şəraitdə qalması məqsədəuyğun deyil. Oturaq və ciddi rejimdə dərs keçən uşaqlarda təhsilə, elmə olan sevginin qorxu ilə yarandığını müşahidə edirik. Qorxu ilə yaranan sevgi təbii ki, bir müddətdən sonra nifrətə keçir. Ona görə də, bu məsələ sərbəstliyin, rahatlığın, təbii tələbatın ödənilməsi baxımından olduqca önəmlidir. Uşaq sinfə girən zaman partasına əyləşib özünü rahat hiss edirsə, bir neçə ay müddətində o, məktəbə adaptasiya olacaq. Yetər ki, orada pedaqoqlar tərəfindən psixoloji gərginlik və ağır tələbat olmasın”.

Metodist Aygün Məmmədova bu kimi problemlərin yaranmamasında məktəbəqədər hazırlıq kusrlarının rolunun əhəmiyyətliliyini qeyd etdi:

“Uşaqların keçdikləri məktəbəqədər hazırlıq kursları onların kollektivə, ümumiyyətlə məktəb mühitinə öyrəşməsi baxımından olduqca yararlıdır. Oktyabrın 1-dən isə bu kurslar yenidən fəaliyyətə başlayacaq. Uşaqlar həftədə 4 dəfə olmaqla bu kurslarda iştirak etmək imkanı qazanacaq. Keçən ilə kimi həmin kurslar ödənişli idi. Amma bu ilin oktyabr ayının 1-dən başlayaraq uşaqların məktəbəqədər təhsilinin dövlət hesabına təşkili mümkün olacaq. Bu, uşaqların məktəb öncəsi hazırlığı və adaptasiyası baxımından qəbul olunmuş doğru fikirdir”.

Xəyalə Məmmədov /ATV.az

(Visited 4 times, 1 visits today)