Pedaqoji Universitetin 50-dək müəllimi işdən getmək istəyir

Bəzi müəllimlər kadrlar şöbəsinin yeni rəisinin tələblərindən bezib

ADPU-nun dosenti Fəxrəddin Yusifov: “Elə müəllim var ki, tələbəsilə maraqlanmır ”

Təhsil eksperti Nadir İsrafilov: “Edilən yenilik formaldırsa, nə faydası?!”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bir qrup müəllimi Hurriyyet.org-a müraciət edib. Bildirirlər ki, universitetə yeni təyin olunan İnsan resursları şöbəsinin müdiri Avtandil Bayramov müəllimlər qarşısında yeni tələb qoyub. Tələbə görə, müəllimlər hər iş günündə, dərs keçmədiyi günlərdə belə, ADPU-nun mərkəzi korpusuna gəlib iş cədvəlinə qol çəkməlidirlər. Bu isə müəllimlər, xüsusən yaşlı müəllimlər üçün problem yaradır. Çünki şəhərin müxtəlif istiqamətlərində universitetin 4 korpusu fəaliyyət göstərir və müəllimlərin gün ərzində həm mərkəzi korpusa getməsi, həm də digər korpuslara gedib dərs tədris etməsi fizki baxımdan çətinlik törədir.

“Babam mənə kor deyib, gəlib-gedəni vur deyib”

“Xüsusən yaşlı müəllimlər üçün bu olduqca çətin prosesdir. Yaşlı, təcrübəli müəllim dərs olmayan gün Şüvəlandan, Qaradağdan, Sumqayıtdan nə səbəbə universitetə gəlib, mərkəzi korpusda “tabel”ə qol çəkməlidir? Səbəb nədir? Bu üstəlik, indiki çətin iqtisadi şəraitdə müəllim üçün əlavə maddi itkidir.
Kadrlar şöbəsindən müəllimlərə eşitdirilib ki, 50-dək müəllim işdən getmək üçün ərizə yazıb. 50 kadrı hansı müəllim əvəz edəcək? Kadrlar şöbəsi müdirinin yaşlı, təcrübəli müəllimlərlə kobud, qaba davranışı “Babam mənə kor deyib, gəlib-gedəni vur deyib” məsələni xatırladır. Görünür, onun məqsədi yaşlı müəllimləri bezdirib, qovmaqdır”, – deyə bir qrup müəllim redaksiyamıza yazıb.

Kadrlar şöbəsinin rəisi səlahiyyətinə aid olmayan işlərə müdaxilə edir

Daha sonra qeyd olunur ki, kadrlar şöbəsinin yerləşdirilməsi işlərinə rəhbərlik edən şəxs öz səlahiyyətinə aid olmayan işlərə də müdaxilə edir: “Məsələn, bildirir ki, “Müasir Azərbaycan” kafedrasının adı dəyişdirlib “Morfologiya” kafedrası qoyulsun. Biz hesab edirik ki, bu addımlar məqsədli şəkildə atılır ki, kollektiv yeni təyin olunan rektor Cəfər Cəfərovdan narazı qalsın və onun idaretmə işinə maneçilik yaradılsın. Yaxud da bəzi müəllimlər bu addımı referendum öncəsi ADPU-nun kollektivini, müəllim heyətini, ziyalı kəsimini dövlətdən narazı salmaq kimi dəyərləndirir”.
Məlumat üçün bildirək ki, 14 ixtisas üzrə müəllim və tərbiyəçi kadrlar hazırlayan universitetin 10 fakültə, 55 kafedrası var. ADPU-da 730 nəfər müəllim, 330 nəfər köməkçi heyət çalışır. Bunlardan 59 nəfəri elmlər doktoru, professor, 329 nəfəri fəlsəfə doktoru, dosentdir. Universitetdə müxtəlif Elmlər Akademiyalarının 4 nəfər üzvü fəaliyyət göstərir.

Müəllim sərbəst saatlarda da tələbəsilə məşğul olmalıdır

Müəllimlərin müraciətinə aydınlıq gətirmək üçün ADPU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur İbrahimli ilə əlaqə saxladıq. Suallarımızla tanış olduqdan sonra M.İbrahimli bildirdi ki, universitetin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının dosenti, təhsil eksperti Fəxrəddin Yusifov bu məsələyə aydınlıq gətirəcək.
F.Yusifovla əlaqə saxladıq. Bildirdi ki, müəllimlərin iş cədvəlinə hər gün imza atması formal xarakterli deyil, məqsəd müəllimin dərsi olmadığı günlərdə, sərbəst saatlarda tələbələrlə məşğul olmasını təmin etməkdir: “Müəllim imza atırsa, kafedrada müəyyən işlərini yerinə yetirməlidir. 3 magistrı olan müəllim var ki, onlarla maraqlanmır. 3 magistrı olan müəllim üçün bir ildə bu, 120 saat dərs deməkdir. Yarım ildə 60 saat edir. İş saatımız 15 həftədir. 60 saatı 15 həftəyə böldükdə bu, 4 saat edir. Deməli, müəllim həftədə 4 saat magistrlə ünsyyətdə olmalı, ona dəstək verməlidir.
Bundan əlavə, müəllimlərin tədris işləri içərisində tələbələrin müstəqil işlərinə və sərbəst saatlarına rəhbərliyi də var. Amma müəllim vardı ki, bunu etmirdi, pulu alıb qoyurdu cibinə. Halbuki tələbənin elmi tədqiqat işi aparmasının fomalaşması, sərbəst iş yazması üçün müəlliminə mütləq ehtiyacı yaranır.
Müəllimin patokundakı tələbələrilə görüşü də olmalıdı. Orada sərbəst işlə bağlı jurnal var. Sərbəst işlər də akademik dərs saatlarının miqdarına bərabərdir. Müəllimin 90 saatlıq dərs saatı varsa, 90 saatlıq da sərbəst işi olmalıdır və bu da jurnalda qeyd olunmalıdır. Əgər müəllim 3 magistrı ilə həftədə 4 saat görüşməlidirsə, bu da o saatın üzərinə əlavə olunur, edir 94 saat. Diqqət edirsizmi, müəllim 94 saat universitetdə olmalıdır. Hər bir kafedrada müəllimlərin məsləhət saatlarının cədvəli asılır. Müəllim niyə məsləhət saatlarına gəlməməlidir?

“Bu məsələlərə heç bir siyasi rəng vermək lazım deyil”

Tanıdığım müəllimlər var ki, auditoriya saatları az idi, birinci semestr dərs demirdilər, ikinci semestr dərs deyirdilər, praktika ilə başlarını qatırdılar. İndi narazılıq edirlər. Müəllim Tələbə Elmi Cəmiyyətinin rəhbərliyi ilə tələbələri hazırlamalıdır, onları məsləhət saatlarına çağırmalı, sərbəst işlərinə kömək etməli, magistr işlərinə rəhbərlik etməlidir, bunları etmir və istəyir ki, 500-600 manatı da alıb xərcləsin. Axı bu işlər o müəllimin tədris planında var”.
Təhsil eksperti müəllimlərin mərkəzi korpusda imza atması məsələsinə belə aydınlıq gətridi: “Kafedra muəllimlərin dərs cədvəlinə uyğun təqdimat verir və bu təqdimata da uyğun müəllimin 4-cü korpusda dərsi varsa, o ancaq 4-cu korpusda qeydiyyatdan keçir. Bunun üçün mərkəzi korpusa gəlməsinə ehtiyac yoxdu və bu məsələlərə heç bir siyasi rəng vermək lazım deyil.
Müəllim sağlamlığını bərpa edib, sağlam düşüncə ilə dərsini icra etməlidir. Müəllimin işi təkcə dərs deyib getmək deyil. Xüsusən müəllim kadrları hazırlayan kəs öz məsuliyyətini dərk etməlidir. Müəllim öz adını şərəfli tutmalıdır, öz işinə sevgiylə yanaşmalıdır, başdansovdu yox”.
İnsan resursları şöbəsi rəisinin səlahiyyət vəzifələrinə aid olmayan irada gəlincə, F.Yusifov dedi ki, Əmək Məcəlləsində insan resursları şöbəsinin görəcəyi işlər və səlahiyyətlər var: “Elə kafedralar var ki, onun adı dəyişməlidir.Bu, mənim vətəndaş mövqeyimdir. Azərbaycan dili və onun tədrisi metodikası kafedrası var, Vaxtilə bu iki kafedra calaq edilib. Halbuki Azərbaycan dili ayrıca olmalıdır, tədris metodikası ayrı. Hazırda kafedraların inteqrasiyası, birləşməsi, idarəetmə məsələlərində təkmilləşdirmə aparılmasına ehtiyac var”.

“…ehtiyacı var, Həmkarlar təşkilatına müraciət etsin”

Dərs olmadığı günlərdə müəllimin universitetə gəlməsinin əlavə xərcə səbəb olması fikrini də təhsil eksperti əssasız sayır: “Müəllimlərin ciddi maliyyə problemi olarsa, bu universitetin Həmkarlar təşkilatının xəttiylə həll edilə bilir. Müəllim müraciət etdikdə onun minimum maddi tələbləri qarşılanır, o müraciət edərsə, gediş-gəliş haqqı da verilər. İndiyədək universitetdə heç bir müəllimin maaşı kəsilməyib və vaxtı-vaxtında verilib”.

50 müəllimin işdən getməsinə səbəb nədir?

Redaksiyaya müraciət edən müəllimlər isə bildirirlər ki, Həmkarlar Təşkilatına müraciət formal xarakterlidir: “İndiyə qədər neçə müəllimə belə köməklik edilib, neçə müəllim özünə sığışdırıb yolpulu alıb?
Digər tərəfdən, havayı 500-600 manatı cibinə qoyub tələbə ilə məşğul olmayan müəllim niyə bir dəfə rəhbərlik tərəfindən cəzalanmayıb, işdən qovulmayıb ki, digərlərinə də dərs olsun. Əgər universitetdə islahatlar aparılır, kafedralar təkmilləşdirlir, intizam yaradılırsa, 50 müəllimin ərizə yazmasına səbəb nədir?
İndi zaman müəllimdən tələbə qarşısına hazırlıqlı çıxmağı tələb edir. Çünki çevik informasiya ötürülməsi dövrüdür. Bəs bu qədər tələblər qarşısında müəllim öz üzərində nə zaman çalışmalıdır?”

“Professor uşaq-muşaq deyil ki…”

Müəllimlərin sözlərinə görə, Avtandil Bayramov tələb qoyub ki, müəllim “tabel”ə qol çəkməyə 10-15 dəqiqə geciksə, adının qarşısı “qırmızılanacaq”: “Qırmızı siyahı”ya düşüb, “proqul” adı ilə işdən qovulmağı kim özünə layiq bilər? Hamıya məlumdur ki, indi elm sahəsinə gələnlər azdır. Bunu akademiyanın prezidenti də, təhsil naziri də dəfələrlə etiraf ediblər. Azərbaycanda fəlsəfə doktorlarını-elmlər namizədlərini nəzərə almasaq, 1800 nəfər elmlər doktorları var. Onların 1200-ü ali məktəblərdə, qalan 600-ü isə Milli Elmlər Akademiyasında və digər elmi-tədqiqat institutlarında çalışırlar. Hazırda universitetlərdə, o cümlədən də Pedaqoji Universitetdə elmlər doktoru, professorlar yaşlı, təcrübəli müəllimlərdir. Onların təcrübəsindən yararlanmaq, qayğılarına qalmaq əvəzinə, qapını göstərib, “get səhhətini qaydaya sal, sala bilmirsən, gəlib yer tutma” kimi ifadələrlə hörmətsizlik edilməməlidir. Professor uşaq-muşaq deyil ki, adı “qırmızı siyahı”ya salınsın.

Rəisin məntiqi…

Mərkəzi korpusda imza tələbinə gəlincə, bu tələb yenə qüvvədədir, bununla bağlı bəzi kafedralara ayrıseçkilik edilir, bəzilərinə yox.
Kafedraların adının dəyişdirilməsi məsələsi isə kadrlar şöbəsinin yox, Elmi Şuranın səlahiyyətində olan məsələdir. Avtandil Bayramov deyir “Müasir Azərbaycan” kafedrasının adı dəyişilsin, “Morfologiya”kafedrası qoyulsun. Onun məntiqilə yanaşsaq, o zaman gərək “Sintaktik”, “Fonetika” və dilimizin digər xüsusiyyətlərinə aid də kafedralar yaradılsın”.

“Tabel”ə imza atmaq tələbilə müəllimi stimullaşdırmaq olmaz

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, müəllimin səlahiyyətinə təkcə dərs demək aid deyil, amma “tabelə qol çəkmək” tələbilə məcburi qaydada müəllimin işinə stimullaşdırma yaradılması da düzgün yanaşma hesab oluna bilməz: “Elə müəllim var, müxtəlif ali məktəblərdə dərs tədris edir.Sərbəst vaxtını bölmək müəllimin öz səlahiyyətində olan məsələdir. Müəllimdən tələb etmək ki, dərsin olmayanda gəl kafedrada otur, bu, doğru olmaz. Xüsusən indiki çətin iqtisadi şəraitdə müəllimlərin sosial vəziyyəti nəzərə alınmalıdır. Amma əlbəttə ki, müəllimin işi tək dərs deməklə bitmir. Tək ali məktəblərdə deyil, orta məktəblərdə də bu mübahisəli məsələlər var. Çünki vaxtilə təhsilin hər məsələsinə dair təlimat vardı. Məsələn, qeyd edilirdi ki, müəllimin 18 saat dərs yükü var, 27 saata qədər dərs yükünə sahib ola bilər, 240 saat əvəzçilik qaydasında dərs keçməsi mümkündür. Bununla da müəllimin dərs tədrisiylə bağlı bütün mübahisələrə son qoyulurdu. İndi isə belə təlimatlar yoxdur. Son illər müəllimlərin dərs yükü ilə bağlı o qədər qarışıqlıq baş verir ki, mühasibatlıq da çaşıb. Hər gələn özü ilə bir yenilik gətirir. Amma bu yeniliyin məzmuna müsbət bir təsiri yoxdursa, formal, özünü göstərmək, imic qazanmaq xarakteri daşıyırsa, bu kimə lazımdır?!
Ali məktəblər üçün Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi normativlər, hüquqi aktlar var. Ən təəssüfedici hal odur ki, bu normativlər bir kənara qoyulur və universitet var ki, öz daxili nizamnaməsinə uyğun qərarlar qəbul edir və bu da narazılıqlara gətirib çıxarır”.

Sevil UNAL, Huriyyet.org

(Visited 3 times, 1 visits today)