Yeni yaradılan İT akademiyaya qəbul necə aparılacaq?-Qiymətlər

Məlumat verdiyimiz kimi, Bakıda STEP IT Academy – kompüter akademiyası yaradılıb.

Prezident İlham Əliyev bu gün akademiyada görülən işlərlə tanış olub.

Qeyd edilib ki, İT akademiya beynəlxalq standartlara uyğun mütəxəssis hazırlayacaq.

Akademiyaya qəbul şərtləri ilə bağlı redaksiyamıza çox sayda suallar ünvanlanır.

Bunu nəzərə alaraq məsələ ilə bağlı daha ətraflı akademiyanın marketinq meneceri Ağarəhim Poladovla söhbət etdik.

Menecer deyir ki, Akademiaya qəbul bir başa olaraq STEP IT Academy üzərindən aparılacaq. Yəni, bunun üçün xüsusi qəbul qaydaları müəyyən edilməyib:

“Qəbul birbaşa olaraq akademiya üzərindən həyata keçiriləcək. Müəyyən texniki bilik bazasına sahib olan hər bir şəxs akdemiyada təhsil üçün müraciət edə bilər. Namizdələr akademiyanın rəsmi saytı vasitəsi ilə əlaqə saxlaya bilər. Daha sonra onlar müsahibəyə dəvət ediləcək və akademiyanın mütəxəssisləri tərəfindən  bilik səviyyəsinə görə götürmək istədikləri ixtisaslar müəyyənləşdiriləcək”.

Onun sözlərinə görə, akademiyada təhsil ödənişli olacaq:

“Akademiyada dərslər həftəiçi və həftəsonu olmaqla 2 formada tədris ediləcək. Belə ki,  8-10 yaş  üçün dərslər 5 il,  11-13 yaş üçün isə 5 ilə tədris ediləcək. 8-10 və 11-13 yaşlı şəxslər üçün həftəiçi dərslərin qiyməti 100,  həftəsonu isə 120 AZN olacaq.  “Şəbəkə texnologiyaları və sistem inzibatçılığı”,  Proqram təminatının yaradılması,  Kompüter qrafikası və dizayn üzrə isə həftəiçi dərslərin qiyməti  250, həftəsonu  isə 180 AZN-dir”.

Həmçinin, akademiyada baza biliyi olmayan şəxslər üçün bir aylıq xüsusi  hazırlıq kursları da təşkil ediləcək:

“Baza biliyi olmayan şəxslər üçün  bir aylıq xüsusi hazırlıq kursları  təşkil ediləcək.  Bu müddət başa çatdıqdan sonra onlar istədikləri ixtisas üzrə təhsil ala biləcək. Dərslərin başlamasına 10 gün qalmış akademiyaya müraciət etmiş  şəxslərlə əlaqə saxlanılacaq. Bu zaman artıq onların hazırlıq kursuna və birbaşa dərslərə başlayacağı müəyyən ediləcək. Hazırlıq kursları həftənin 3 günü təşkil ediləcək. Qrup şəkilndə 50 AZN, fərdi şəkildə 160 AZN-dən başlayacaq”.

Ağarəhim Poladov bildirib ki, akademiyada yaş kateqoriyasına görə 2 cür təhsil forması var-15 yaşdan 55 yaşadək “Peşəkar komputer təhsili”  və 8 yaşdan 13 yaşa qədər “Kiçik Kompüter Akademiyası”.

Onun sözlərinə görə, 2,5 il davam edən tədris proqramı təcrübəli mütəxəssislər tərəfindən beynəlxalq standartlar əsasında tərtib olunub. “Maksimum təcrübə, minimum nəzəriyyə” prinsipi əsasında təşkil olunan kurs, bu gün ən aktual və yüksək məvacibli peşələrə yiyələnmək istəyənlər üçün maraqlı və əvəzedilməz olacaq.

STEP Kompüter Akademiyasında təhsil almış tələbələr öz sahələri üzrə tam peşəkardırlar: aldıqları bilik və bacarıqlar İT sahəsində uğurlu addımların atılmasına zəmanət verir.

Qeyd edək ki, akademiyada “Proqram təminatının yaradılması”, “Kompüter qrafikası və Dizayn”, “Şəbəkə texnologiyaları və sistem inzibatçılığı “ kimi fənlər tədris olunacaq.

STEP İT Akademiya 17 ildir fəaliyyət göstərir. Akademiyanın   dünyanın 16 ölkəsində 44 filialı , 600 müəllimi, 20 min tələbəsi və 80 min məzunu var.  

 

 

(Visited 7 times, 1 visits today)