Azərbaycanda kulturologiya elminin yaradıcısı

Hər bir elmin seçilən, yaddaqalan, onun müəyyən sahəsinə möhürünü vuran alimləri daim xatırlanır. Bu mənada “Kulturologiya” elmindən danışanda ən əvvəl göz önünə professor Fuad Məmmədov gəlir. Görkəmli alim respublikanın elmi ictimaiyyətinə, mədəni həyatına yaxşı tanışdır. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da F.Məmmədovun əsərləri, kulturologiya elmi sahəsindəki xidmətləri yüksək səviyyədə qiymətləndirilir. Respublikada kulturologiya elminin patriarxı sayılan Fuad müəllim bu elmin dəyərini və vacibliyini həm xalqına çatdırır, həm də işgüzarlığı, elmə gətirdiyi yeniliklər ilə özü də ucalır.

Fuad Məmmədov gənc yaşlarından elmin enişli-yoxuşlu yollarından keçmişdir. Alimi tanıyanlar yaxşı bilirlər ki, o, kulturologiyanı ölkəmizdə qəbul etdirənə qədər nə qədər sipərləri dəf etməli olmuşdur. 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Həmin vaxta qədər o, 60-a yaxın tədqiqatın müəllifi olmuşdur ki, həmin tədqiqat işləri də bugünə kimi yerli və xarici alimlərdə böyük maraq doğurmuşdur.
Professorun əmək fəaliyyətinin böyük bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olmuşdur. Belə ki, o, bu sistemdə müxtəlif vaxtlarda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. Hələ sovet dönəmində Azərbaycan elminin tarixinə həsr olunmuş 60-dan artıq ekspozisiya sərgisi təşkil edilmişdir ki, bunun da sayəsində Azərbaycan alimləri SSRİ Xalq Təsərrüfatı sərgisinin və bir sıra xarici ölkələrin 200-dən artıq medal və diplomlarını almışdır. Gənc alimin bacarığına güvənərək ona elm-tarixi muzeyinin, elm-tarixi və nəzəriyyəsi mərkəzinin layihələrinin hazırlanması həvalə edilmişdir. Akademiya sistemində çalışdığı müddətdə ictimai əsaslarla Fuad Məmmədov AMEA-nın sərgi işləri üzrə Elmi Şurasının katibi vəzifəsini də uğurla yerinə yetirmişdir. Görkəmli alim 1974-1990-cı illərdə Azərbaycan Tarix Muzeyinin “Bilik” Cəmiyyətinin sədri, Elmlər Akademiyasının “Bilik” Cəmiyyətinin sədr müavini, “Azərbaycanın ən yeni tarixi” problemi üzrə Elmi Şuranın üzvü seçilmişdir.
Ötən əsrin 70-80-ci illərində F.Məmmədov elmi-təşkilati və ictimai fəaliyyətinə görə SSRİ XTS-nin gümüş, bürünc medallarına, diplomuna, respublika və SSRİ-nin “Bilik” Cəmiyyətinin döş nişanına layiq görülmüş, Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının və ÜİLKGİ MK-nın fəxri fərmanları ilə mükafatlandırılmışdır.
1989-cu ildən Fuad Məmmədov tədqiqatlarını Azərbaycanda kulturologiya sahəsinə yönəltmişdir. İndiyədək bu elmin ilk pioneri kimi respublikada yaddaqalan işlər görür. O, dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi sahəsində cəsarətli innovativ tədqiqatlar aparır və dəyərli elmi nəticələr əldə edir. Azərbaycan elmində bu, yeni istiqamət demək idi.
Özünün yorulmaz və ümumi amallara xidmət edən uğurlu fəaliyyəti ilə ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, o cümlədən cəmiyyətin inkişafına layiqli töhfələr verən professor Fuad Məmmədov indiyə qədər 200-dən artıq elmi əsərin, habelə 11 kitabın müəllifi və tərtibçisidir. Bu baxımdan onun dünya miqyasında böyük rezonans yaradan “Kulturologiya” (Bakı, 2002), “Kulturologiya effektiv həyat fəaliyyətinə aparan yol kimi” (Bakı, 2006) və “İdarəetmə mədəniyyəti, xarici ölkələrin təcrübəsi” (Bakı, 2009) fundamental monoqrafiyalarını xüsusilə qeyd etmək lazımdır. Adıçəkilən son monoqrafiyanın əsasında alimin özü tərəfindən hazırlanmış ilk innovativ kurs – “İdarəçilik mədəniyyəti” 10 ilə yaxındır Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında uğurla tədris olunur.
Professor Fuad Məmmədovun bir qayda olaraq fundamental elmi əsərləri Azərbaycan hüdudlarından kənarda da görkəmli alim, mütəxəssis və diplomatlar tərəfindən yüksək qiymətləndirilir, mühazirələri və elmi araşdırmaları həmişə diqqəti cəlb edir. Məhz buna görə də onun əsərləri Rusiya, ABŞ, Almaniya, Birləşmiş Krallıq, Çin, Avstriya, Fransa, Macarıstan, Estoniya və dünyanın bir sıra qabaqcıl ölkələrinin dövlət kitabxanalarında, eyni zamanda Avropa Şurası, BMT, UNESCO, Roma Klubu, Amerika Konqresi kimi nüfuzlu qurumların kitabxanalarında saxlanılır və onlara mühüm mənbə kimi tez-tez istinad edilir. Azərbaycanın milli maraqlarını daim ön planda saxlayan professor Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Cənubi Koreya, Tailand, Misir, Yunanıstan, Türkiyə, İran, Kosta-Rika, Rumıniya, Macarıstan və başqa ölkələrdə beynəlxalq konfranslarda, simpoziumlarda, müxtəlif cəmiyyətlərdə və səfirliklərdə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Onun adı 2000-ci ildə Avropa Şurasının Mədəniyyət Siyasəti üzrə Ekspert Şurasının siyahısına daxil edilmişdir.
Professor Fuad Məmmədov həm də görkəmli pedaqoqdur. 1999-cu ildən bugünə kimi Fuad müəllim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru vəzifəsində çalışır. O, Dövlət İdarəçilik Akademiyasının və Bakı Rəssamlıq Akademiyasının Dissertasiya Müdafiə Şurasının üzvüdür.
Fuad müəllim səmimi və xeyirxah insandır. Tələbələr və müdavimlər arasında yüksək nüfuza malikdir. Kulturologiya və idarəetmə sahəsində müxtəlif ixtisaslar üzrə kadrların hazırlanmasında böyük xidmətləri vardır.
Professor Fuad Məmmədov ölkəmizdə ictimai xadim və elm sahəsində maarifçi kimi yaxşı tanınır. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidentidir, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədridir, “Mədəniyyət və Cəmiyyət” daimi kulturoloji seminarın elmi rəhbəridir, “İdrak” kulturoloji televiziya verilişinin müəllifi və aparıcısıdır. Onun 22 illik fəaliyyəti və rəhbərliyi altında Azərbaycan və dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi məsələlərinə həsr olunmuş 300-dən artıq yerli, regional, milli və beynəlxalq səviyyəli seminarlar, treninqlər, konfranslar, “dəyirmi masa”lar keçirilmişdir.
Görkəmli alim, professor Fuad Məmmədovun 70 yaşı tamam olur. Dəyərli alimə böyük uğurlar diləyirik.

Musa QULUZADƏ,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru

(Visited 3 times, 1 visits today)