Mahaçqalada “Dərbənd xalçaçılığı” kitabının təqdimatı olub

Oktyabrın 14-də Dağıstan Respublikasının Milli siyasət məsələləri üzrə nazirliyinin nəzdindəki Dostluq evinin ağ zalında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaçaşünaslıq sektorunun müdiri, professor Vidadi Muradov və Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin əməkdaşı, professor Məhəmmədxan Məhəmmədxanovun müəllifi olduqları “Dərbənd xalçaçılığı” monoqrafiyasının təqdimatı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları görkəmli siyasi-ictimai xadim Əziz Əliyevin Mahaçqala şəhərində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.

Təqdimat mərasimində Dağıstanın müxtəlif nazirliklərinin və idarələrinin nümayəndələri, bələdiyyə dairələrinin başçıları, mədəniyyət, incəsənət və elm xadimləri iştirak ediblər. Yeni nəşrin təqdimatında ölkəmizi AMEA-nın müxtəlif institutlarının alimlərindən ibarət nümayəndə heyəti təmsil edib.

Tədbiri giriş sözü ilə açan Dağıstan Respublikasının Milli siyasət məsələləri üzrə naziri Tatyana Qamaley bu cür yüksək elmi və poliqrafik səviyyədə hazırlanmış kitabın Dağıstan və Azərbaycanın mədəni həyatında əlamətdar hadisə olduğunu dilə gətirib.

Öz çıxışında Dağıstan Respublikası Hökuməti sədrinin birinci müaviniAnatoliy Karibov kitabın nəşri münasibəti ilə müəllifləri təbrik edib. O, “Dərbənd xalçaçılığı” layihəsinin Azərbaycan və Dağıstan sənətkar, tədqiqatçı, tarixçi və etnoqraflarının gələcək əməkdaşlığına təkan vərəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, yeni nəşr etnoturizmin və Dağıstanın xalq sənətlərinin inkişafına müsbət təsir göstərəcək.

DR mədəniyyət naziri Zarema Butayeva öz çıxışında qeyd edib ki, xalça – xalqın tarix və mədəniyyətini xüsusi nişan və simvollar vasitəsiylə ifadə edən sənət əsridir. Tədbirdə  Rusiya və Azərbaycan muzeylərindən ən qiymətli xalçaçılıq nümunələrin toplanmasının əlamətdar hadisə olduğunu qeyd edib.

Kitabın müəlliflərdən biri Vidadi Muradov nəşrin hazırlanmasında göstərdiyi dəstəyə görə respublikanın rəhbərliyinə minnətdarlığını bildirib. Dərc edilmiş kitabın Dağıstan və Azərbaycan alimlərinin birgə nailiyyəti olduğunu qeyd edib.

Tədbirin yekununda Dağıstan Respublikasının Milli siyasət məsələləri üzrə nazirliyinin nəzdindəki Dostluq evinin direktoru Təkrar Əhmədov kitabın müəlliflərinə xatirə hədiyyələri təqdim edib.

(Visited 3 times, 1 visits today)