Qobustan qayaüstü rəsmlərinin analoqu Basklar ölkəsində də aşkarlanıb

İspaniya ərazisindəki Basklar ölkəsində 50-yə yaxın qayaüstü rəsm aşkar edilib. Sahilyanı Lekeytio şəhərindəki binanın altında yerləşən mağarada tapılan rəsmlərin yaşının 14 min il olduğu bildirilir.

SalamNews-un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu mağaranın varlığı yerli sakinlərə hələ 1929-cu ildə məlum olsa da, indiyə qədər heç kim Arminçe adlanan bu mağaranın dərinliyinə gedib çıxmayıb.

Arxeoloq Dieqo Qaratenin və onun həmkarı İnaki İnçaurbenin hündürlüyü 150 sm olan tapıntıları panno şəklindədir və 100 metr uzunluğunda uzanır. Rəsmlər əsasən at, zubr, keçi, maral və şirlərin əksindən ibarətdir.

Tapıntılar oktyabr ayının sonunda keçiriləcək konqresdə müzakirə ediləcək. Alimlər bunları yarımadada bu günə kimi tapılmış qayaüstü rəsmlər arasında “ən cazibədarı və əlvanı” kimi dəyərləndiriblər. Həmçinin bildiriblər ki, rəsmlərin mühafizəsi mürəkkəb olduğundan mağara ictimaiyyət üçün açılmayacaq.

Bildirək ki, İspaniyada buna bənzər tapıntı may ayında da qeydə alınıb. O zaman Atksurra mağarasında 70 heyvan rəsmi aşkar edilib. At, camış, keçi və maral rəsmlərinin yaşı 12 500 – 14 500 il olduğu bidirilib. Alimlər belə hesab edirlər ki, bu rəsmlər hansısa ziyarətgahdakı mərasim funksiyasını yerinə yetirmək üçün lazım olub.

Xatırladaq ki, Azərbaycanda Qobustan qayalarındakı rəsmləri arxeoloq professor İshaq Cəfərzadə 1939 – 1940–cı illərdə aşkara çıxarıb. Onun illər boyu apardığı çətin elmi axtarışların və tədqiqatların nəticəsi olaraq 750 qaya üzərində döymə, qazma və sürtmə üsulla çəkilmiş 3500-dən çox insan və heyvan rəsmi və müxtəlif işarə yazılar – petroqliflər qeydə alıb. Amma bu rəsmlərin yaşının 10 – 12 min il olduğu qənaətinə gəlinib.

Görünür, qarşıda azərbaycanlı alimlərin tapıntıları ilə ispan alimlərinin aşkar etdikləri qayaüstü rəsmlərin müqayisəsi sahəsində maraqlı işlər durur.

(Visited 3 times, 1 visits today)