Əcnəbilər üçün yeni “Azərbaycan dili” dərsliyi nəşr olunub

Bakı Dövlət Universitetində (BDU) ilk dəfə kommunikativ metodla əcnəbi vətəndaşlar üçün hazırlanmış yeni “Azərbaycan dili” dərsliyi nəşr olunub.

Universitetin xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, alman və fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova, Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbiblinin həmmüəllifliyi ilə hazırlanan bu dərslik tərtibatı, əhatəliliyi, innovatik strukturu, müasir təlim və tədris metodları əsasında hazırlanması ilə əcnəbilərə Azərbaycan dilini öyrənməkdə kömək edəcək.

Müəlliflər əcnəbilərin lüğət ehtiyatının zənginləşdirilməsi, şifahi nitqinin inkişafı üçün müxtəlif üsullardan istifadə ediblər. Dərslikdə ayrıca tərtib olunmuş “İş dəftəri”ndə dilimizin rahat mənimsənilməsi üçün praktik tapşırıqlar verilib. “İş dəftəri” dil öyrənənin hazırlıq səviyyəsini bir qədər də artıracaq, məntiqli və rabitəli nitq vərdişlərinə yiyələnməsinə yardımçı olacaq. Eyni zamanda, ilk dəfə dərsliyin üzərində əyani vəsait kimi təqdim edilən CD diskdəki video və audiomateriallar Azərbaycan dilini öyrənən əcnəbilərin dinləmə və anlama bacarıqlarını formalaşdıracaq.

(Visited 8 times, 1 visits today)