Aqrar Universitet beynəlxalq mükafata layiq görülüb

Azərbaycanda aqrar təhsilə dövlət səviyyəsində qayğı və diqqət bu sahənin  inkişafında əsaslı rol oynayır. Tədrisin təşkilindən tutmuş güclü və müasir maddi-texniki bazanın yaradılmasınadək atılan hər addım  uğurlara səbəb olur.

ADAU-nun mətbuat xidmətindən bildirmişlər ki, bu günlərdə Oksford Akademik Birliyi (Oksford, Böyük Britaniya) təhsil müəssisənin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərova bir məktub ünvanlayıb. Məktubda deyilir: “Oksford Akademik Birliyi müasir cəmiyyətdə  elm və təhsilin nüfuzunun artırılması, elm və istehsalatın inkişafına vermiş olduğunuz töhfəyə görə sizə öz dərin hörmət və ehtiramını çatdırır. Elm, texnologiya, təhsil sahəsində ən nüfuzlu Avropa mükafatlarından biri olan  “Ən yaxşı universitet” mükafatının təqdimetmə mərasimi Avropanın ən qədim elm və universitet mərkəzi olan Oksfordda, 20 dekabr 2016-cı ildə olacaq. Mərasim, Avropa Biznes Assambleyası (EBA), Avropa Rektorlar Klubu (CRE), Oksford Elm Cəmiyyəti (OAS), güclü ictimai təşkilatlar və dünyanın 46 ölkəsinin ən tanınan  professional, elm və yaradıcılıq birliklərinin dəstəyi ilə Beynəlxalq Sokrat Komitəsi tərəfindən həyata keçiriləcəkdir.  Tədbir Oksfordda keçiriləcək və liderlərin beynəlxalq sammitinin “Elm və təhsilə yatırım – gələcəyə yatırımdır” adlı proqramı əsasında baş tutacaq. EBA və CRE tərəfindən verilən versiyaya görə, dünyanın ən yaxşı  universitetlərinin reyestri formalaşdırılıb. Bu reyestr həmin ali təhsil ocaqlarının beynəlxalq nüfuzunu artırmaq məqsədilə yaradılmışdır. Sizin rəhbərliyiniz ilə idarə olunan kollektivin iş fəaliyyəti “Ən yaxşı regional universitet” reyestr göstəricilərinə tamamilə uyğundur. Göstəricilər isə təhsilin əlçatanlığı (əlverişliyi, təhsil haqqı, qəbul şərtləri), müəllim heyətinin professionallığı, universitetin akkreditasiya səviyyəsi, tələbə və məzunların rəyləri, texniki təminat səviyyəsi, beynəlxalq elmi proqramlarda və eləcə də beynəlxalq mübadilə proqramlarında iştirak, yeni fənlərin tədrisi, istifadə olunan metodik vəsait və proqramların rəngarəngliyi, beynəlxalq əməkdaşlıq perspektivlərinin mövcudluğundan ibarətdir.

Sokrat adına Beynəlxalq Nominasiya Komitəsi sizin rəhbərlik etdiyiniz ali təhsil müəssisəsini “Ən yaxşı universitet” beynəlxalq mükafatına, Sizi isə “Elm sahəsi üzrə ilin ən yaxşı top-meneceri (rəhbəri)” nominasiyasına layiq görmüşdür.

Hörmətli İbrahim Həsən oğlu! Məhsuldar elmi, peşə və professional fəaliyyətiniz dünyanın intellektual elitası  arasında sizin şərəfli yer tutmağınıza əsas olmuşdur. Biz sizin nüfuzlu sammit mərasimində iştirak etməyinizdən şad olarıq.  Əminik ki, sammitdəki iştirakınız tədbirin işinə zənginlik qatacaq və Avropanın elm və işgüzar cəmiyyəti tərəfindən müsbət qarşılanacaqdır”.

Təqdim edilən bu məktub həm də ADAU-nun təhsil səviyyəsinin, müasir maddi-texniki bazasının, bütövlükdə Azərbaycanda aqrar sahə üzrə yeganə təhsil müəssisənin inkişaf istiqamətlərinin Avropa miqyasında da tanınmasının təsdiqidir.

(Visited 2 times, 1 visits today)