Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alim və mütəxəssisləri mükafatlandırılıblar

Məlum olduğu kimi, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib. Tədbir çərçivəsində institutun gənc alim və mütəxəssislərinə “Akademik Murtuza Nağıyev adına mükafat” təqdim olunub.

Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, 2013-cü ildə təsis edilən bu mükafat hər il kimya üzrə xüsusi nailiyyətləri olan gənc mütəxəssislərə verilir. Bu qurumda gənclər siyasətinin həyata keçirilməsi istiqamətində son illər görülən işlərdən danışan institut direktoru gənclərin elmi fəaliyyətinin stimullaşdırılmasında müsabiqələrin təşkili və gənclərin mükafatlarla təltif edilmələrinin əhəmiyyətini vurğulayıb.

Sonra o, “Akademik Murtuza Nağıyev adına mükafat”ın verilmə qaydalarından söz açıb. Mükafatın təqdimatı ilə bağlı komissiyanın yaradıldığını bildirən akademik D.Tağıyev institut gənclərindən yeddisinin namizədliyinin irəli sürüldüyünü, onlardan dördünün fəaliyyətinin komissiya tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.

D.Tağıyev görkəmli alim, resirkulyasiya nəzəriyyəsinin banisi Murtuza Nağıyev adına mükafata layiq görülən gənc alim və mütəxəssislərin adlarını açıqlayıb. İnstitutun elmi işçiləri – Ülvi Nəcəf-Quliyevə, Natəvan Soltanovaya, Elmir Babayevə və Səadət Hümbətovaya mükafatın diplomu təqdim edilib.

(Visited 2 times, 1 visits today)