Aqil Abbas AMEA-nın prezidentinə müraciət etdi

“Hörmətli Akif müəllim!

Bu günlərdə M.F.Axundov adına Milli Kitabxanada bir qrup tələbə Sizə müraciət etməyi məndən xahiş etdi. Onu da qeyd edim ki, bu tələbələrin əksəriyyəti Tibb Universitetində təhsil alan gənclərdi.

Məsələ nədi? Deməli, tələbələr rahat şəkildə dərslərini hazırlamaq üçün kitabxanalarda yer tapa bilmirlər. Birincisi, ona sevindim və sevinirəm ki, gənclər təhsilə belə önəm verir və kitabxanalarda yer çatışmazlığı var. Ulu Öndər Heydər Əliyev dəfələrlə deyib ki, gənclər Azərbaycanın gələcəyidi. İndi gələcəyimiz olan bu gənclərin Sizdən xahişi nədi?

Əvvəla, Sizə təşəkkür edirəm ki, Akademiyada möhtəşəm bir kitabxana tikdirmisiz. Möhtəşəm olduğu qədər də zəngin bir kitabxana. Özüm də bir neçə dəfə həmin kitabxanada olmuşam və qürur hissi keçirmişəm.

Həmin kitabxana əvvəllər gecə saat 11-in yarısına qədər çalışırmış, indi kitabxanada iş saatı altıda bitir. Təbii ki, digər kitabxanalarda da iş saatı altıda bitir, bu da tələbələrin, xüsusilə də Tibb Universitetində oxuyan tələbələrin dərs hazırlamalarına mane olur. Məlumdur ki, Tibb Universitetinin tələbələri başqa universitetlərdən fərqli olaraq sabahdan axşama qədər dərsdə olmaq məcburiyyətindədirlər. Çünki bir korpusda dərs keçmirlər, müxtəlif korpuslarda, müxtəlif xəstəxanalarda, tibb ocaqlarında keçirlər dərslərini. Fasilələr də başqa universitetlər kimi 10 dəqiqə yox, yarım saat olur ki, gedib çata bilsinlər.

İndi Sizdən xahişləri odur ki,mümkünsə Akademiyanın kitabxanasının iş saatını uzadasınız.

Onu da qeyd edim ki, qardaş Türkiyədə, qonşu Rusiyada 24 saat işləyən kitabxanalar var. Azərbaycanda da belə bir kitabxanaya ehtiyac duyulur.

Əvvəlcədən təşəkkür edirəm”.

Hörmətlə:

Aqil ABBAS,

Millət vəkili, yazıçı

(Visited 2 times, 1 visits today)