Atəş Vurğunu “YANDIRDI”

AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədlinin “İlin ən uzun gecəsi ilə bağlı verdiyi açıqlamasındakı bəzi fikirlərə təhsil eksperti Vurğun Əyyub iradını bildirib.

V.Əyyub belə deyib: “Alimin açıqlamasında bildirir ki, “yelda” sözü fars dilindədir. “Şəbi yelda” sözü “qara gün, uzun gün” mənasında işlədilir”. Əvvəla, təkcə “yelda” yox, “şəb” də fars sözüdür və gecə deməkdir. İkincisi, “şəbi-yelda” hərfi mənada “uzun gün” yox, ən uzun və ən qaranlıq gecə mənasındadır. “Şəb” gecə deməkdirsə, necə “şəbi-yelda” “uzun gün” ola bilər? Astromik mənada da bu gecə ən uzun gecə olacaq. Məcazi mənada isə, klassik ədəbiyyatımızda gözəlin saçının uzunluğuna və qaralığına görə ona “şəbi-yelda” deyilib. Alim deyir ki, “Dekabr ayının 21-dən 22-nə keçən gecə müxtəlif bölgələrdə “Böyük çillə” mərasimi keçirilir. Bununla da Novruz mərasimləri başlayır”. Dekabrın 22-də qış fəsli təzəcə ayaq qoyur, necə Novruz mərasimləri başlaya bilər? Elmimiz, jurnalistikamız bax bu haldadır. Doğrusu, inanmıram ki, folklorşünas bu cür kobud səhvlərə yol versin. Əgər alim belə deyibsə, jurnalist alimin dediyini səhv yazıbsa, jurnalist yazıdakı səhvləri aradan qaldırmalıdır”.

V.Əyyubun etirazlarına münasibət bildirən A.Əhmədli Publika.az-a əvvəlki fikirlərinin arxasında durduğunu deyib. Alim əvvəlki fikirlərinə bəzi əlavələr də edib: “Vurğun Əyyub folklorşünas deyil ki, bu məsələyə münasibət bildirsin. İstər “Böyük çillə”, istərsə də ən uzun günlə bağlı fikirlərimdə səhv yoxdur. “Böyük çillə” xalq etimologiyasıdır. Bu gecə ağsaqqallar bir yerə toplanır və həmin il məhsulun rəngindən asılı olaraq ilin necə keçəcəyi barədə məsəhətlər verirlər. Bu gecədən başlayan “Böyük Çillə” xalq təqviminə əsaslanır, ardınca “Kiçik çillə” və “Boz ay” da gələcək. “Böyük çillə”nin başlanması bölgələrə görə də dəyişir, bəzilərində bu gecə, bəzi bölgələrdə isə bir gün sonra başlayır. “Şəbi-yelda” sözünə gəldikdə, hər iki söz fars sözü olması doğrudur, bunu böyük nöqsan hesab etmək olmaz. Söz birləşməsinin tərcüməsinin “uzun gün” və ya “uzun gecə” kimi müzakirəyə çıxarılması doğru deyil. Düzdür, birləşmənin tərcüməsi “uzun gecə” deməkdir. “Uzun gün”, “uzun gecə” hər ikisini işlətmək olar. Lakin bu xırda məsələlərdir. Əsas mənanı anlamaq lazımdır”.

(Visited 4 times, 1 visits today)