“Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılsın”

AMEA-NIN ÜMUMİ YIĞINCAĞI VƏ TƏHSİL NAZİRLİYİ KOLLEGİYASININ BİRGƏ ELMİ SESSİYASI KEÇİRİLİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı və Təhsil Nazirliyi Kollegiyasının birgə elmi sessiyası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, ali məktəb rektorları və digər qonaqlar iştirak edib.

Sessiyada “Elm və təhsil: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib ki, elm və təhsil dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Onun dediyinə görə, birgə elmi sessiyanın da keçirilməsində məqsəd Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələri müzakirə etməkdir: “Elm və təhsilin inteqrasiyası sahəsində uğurlar əldə etmək üçün respublika üzrə 2018-2025-ci illəri əhatə edən Azərbaycanda elm və təhsilin inteqrasiyası məqsədli proqramını işləyib hazırlamalıyıq. Qarşılıqlı müzakirələr əsasında elm və təhsilin inteqrasiyası ilə bağlı bütün istiqamətləri əhatə edən proqramın hazırlanmasına nail ola bilsək hesab edirəm ki, hədəflərimizə daha tez nail olarıq. Çünki bu sahədə görüləcək işlər elə də sadə deyil. Onların həlli bu sahədə olan ictimaiyyətin sistemli və enerjili fəaliyyətini tələb edir. Əminəm ki, ölkədə elm və təhsilin inteqrasiyasına yönələn diqqət və qayğı sayəsində biz bu sahədəki vəzifələrin icrası üçün səylərimizi birləşdirməyə nail olacağıq”.

A.Əlizadə bildirib ki, AMEA-da və təhsil sistemində çalışan istedadlı gənclərin məlumat bazası yaradılmalıdır. Onun sözlərinə əsasən, həmin gənclərin sosial vəziyyətlərindən tutmuş, elmi nailiyyətləri, iş yerləri, vəzifələri, ailə vəziyyəti, mənzil şəraiti yoxlanmalı və təhlil edilməlidir. O bildirib ki, gənclərlə bağlı bütün məlumatlar analitik təhlillər əsasında qurulmalıdır: “Elm və təhsilin inteqrasiyası ümumi ictimai məna daşıyır. Məqsəd yalnız elm və təhsilin inkişafı deyil, hər iki sahədə qarşılıqlı əlaqələrin gücləndirilməsi, ölkənin intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf modelini hazırlamaqdır. Son 4 ildə AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumu imzalanıb. Elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır”.

A. Əlizadə qeyd edib ki, AMEA-da illərlə formalaşmış elmi potensialın ölkə səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin inteqrasiyasının yeni, müasir modellərinin tətbiqinə ehtiyac var: “Alimlərimiz təhsil prosesində yaxından iştirak etməli, auditoriyalara üz tutmalı, tələbələr isə elmi təhlil və təcrübələrin aparıldığı laboratoriyalara gəlməlidir. Təhsilin tələbləri elmi araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə yetişməkdə olan gənc nəsildə formalaşmalıdır”.

Akademik təklif edib ki, Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılsın. Yaradılacaq Ali Şuranın qərarı bütün elmi təşkilatlar üçün icbarı xarakter daşımalıdır: “Şuranın tərkibində AMEA-nın, təhsil, biznes, patent sahələrinin nümayəndələri olmalıdır. Elm haqqında qanunun əsas vəzifələrdən biri də “tədqiqat universiteti statusu”nun müəyyənləşdirilməsidir. Elm və təhsil sahəsində mühüm məqamlardan biri də elmin koordinasiyasıdır. Bu istiqamətdə vəziyyət qənaətbəxş deyil. Elmi araşdırmalarda təkrarçılıq, dünya elmi ilə səsləşməyən məqamlar var. Bununla bağlı müvafiq təkliflərin hazırlanması olduqca vacibdir”.

A.Əlizadə vurğulayıb ki, bu sahədə mühüm məqamlardan biri də elmi fəaliyyətin akkreditasiyasını həyata keçirəcək mexanizmin yaradılmasıdır. Onun sözlərinə görə, bununla bağlı müvafiq mexanizmlər hazırlanır, burada məqsəd dünya standartlarının Azərbaycan elmində tətbiq olunmasıdır.

Tədbirdə “Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, bu gün Azərbaycanın təhsili və elmi qarşısında duran əsas vəzifə – təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı müəssisələrinin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır: “Ölkəmizin təhsil müəssisələri də məhz bu vəzifənin yerinə yetirilməsinə xidmət edərək, gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönümlü fəaliyyətə cəlb olunmasına, yeni texnologiyalardan istifadə edilməsinə və xarici dillərin öyrənməsinə geniş imkanlar yaratmalıdır. Təhsil sistemi elmi kəşflərə açıq olmalıdır. Çünki keyfiyyətli təhsil olmadan elmi yeniliklərə nail olmaq olmaz”.

M.Cabbarov vurğulayıb ki, 1990-cı illə müqayisədə bu il aspirant və doktorantların sayı 2 dəfədən çox artaraq 2875 nəfərə çatıb. Hazırda Azərbaycanın müxtəlif elmi müəssisələrində 33 min şəxs elmi tədqiqatlarla məşğul olur. M.Cabbarov qeyd edib ki, universitetlər gənclərin elmi-tədqiqatlarla məşğul olmasına, xarici dil öyrənməsinə imkan yaratmalıdır.

Nazir ötən dövr ərzində ali məktəblərin sayının artdığını da qeyd edib: “Əvvəl universitetlərin sayı 17 idisə, indi onların sayı 51-dir. Ali məktəblərə qəbul olanların sayı da 2016-cı ildə 1990-cı ilə nisbətən 2 dəfəyə yaxın artıb. Gələcəkdə ali təhsil alan tələbələrin sayının daha da artacağını güman edirik. Azərbaycanda milli ali təhsil sisteminin inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdəndir”. Təhsil naziri son 3 ildə ümumi təhsilin keyfiyyət göstəricilərində yüksəliş əldə olunduğunu qeyd edib. Bu, ali məktəblərə qəbulun göstəricilərinə də təsir edib və son 3 ildə 500-dən çox bal toplayan abituriyentlərin sayı 19 faiz, 600-dən çox bal toplayan abituriyentlərin sayı 32 faiz artıb.

(Visited 7 times, 1 visits today)