Azərbaycanlı alim “Avropa Nəşr Mətbuat Evi”nin qızıl medalına və diploma layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gövhər Rasizadə “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına və diploma layiq görülüb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, mükafat alimə tərəvəz-bostan, dənli-paxlalı, taxıl bitkilərinin yerli, introduksiya olunmuş nümunələrinin sitogenetik cəhətdən qiymətləndirilməsinə, üzümün sitogenetik tədqiqatı sahəsində apardığı uğurlu elmi-tədqiqatlarına, elmi ixtirasına və ölkənin biologiya elminin inkişaf tarixində göstərdiyi xidmətlərin əhəmiyyətinə görə təqdim edilib. G.Rasizadə dözümlü və dözümsüz yerli və Amerika üzüm növləri üzərində sitogenetik tədqiqat işi apararaq filloksera zərərvericisinə qarşı yeni preparat əldə edib.

G.Rasizadə Azərbaycanda və xarici ölkələrdə nəşr olunan 70-dək elmi əsərin müəllifidir, 2016-cı ildə “European journal of Technical and Natural Sciences” jurnalında məqaləsi dərc edilib. O, hazırda “Azərbaycanda seleksiyanın aktual məsələlərinin həlli”ndə dənli-paxlalı bitkilərin genofondunu zənginləşdirmək məqsədilə ICARDA təşkilatından alınmış yeni formalarda sitoloji işlər aparır.

(Visited 2 times, 1 visits today)