“Molla Pənah Vaqifi Türk dünyasına tanıtmaq istəyirik”

Ötən il Türkmənistanın Mərv şəhərində Şəki 2016-cı ildə Türk Dünyası Mədəniyyət paytaxtı elan edilmişdi.

Bir il ərzində Şəkidə müxtəlif festivallar, mədəni tədbirlər, görüşlər keçirildi. Bu il dekabr ayında isə Şəki bu işləri uğurla başa vurub estafeti Qazaxıstanın Türküstan şəhərinə verdi.

Eyni zamanda Şəkidə TÜRKSOY-un Daimi Şurasının toplantısı keçirildi və burada Türk dünyası mədəniyyətinin təbliği üçün mühüm qərarlar qəbul olundu.

TÜRKSOY sədri Düsen Kaseinov bunlarla bağlı bəzi suallarımıza cavab verib. 

– Bugünlərdə Şəki mədəniyyət paytaxtı missiyasını başa vurdu. Sizcə, il daha çox nə ilə, hansı hadisələr, tədbirlərlə yadda qaldı?

– Mən hər şeydən öncə Azərbaycana, ölkə rəhbərliyinə və Mədəniyyət və Turizm nazirliyinə öz təşəkkürlərimi bildirmək istəyirəm. Çünki əslində biz 2016-cı ildə Başqırdıstanın paytaxtı Ufanı “mədəniyyət paytaxtı” elan etməyi planlaşdırırdıq. Amma o zaman Rusiya-Türkiyə münasibətlərindəki gərginləşmə, yəni məlum səbəblər bizi planımızı dəyişməyə vadar etdi. Biz qısa bir zamanda qərar qəbul etməli idik. Belə bir vaxtda Azərbaycan tərəfi Şəkinin namizədliyini təklif etdi.  Şəkinin Türk dünyası Mədəniyyət paytaxtı seçilməsi növbəti ilə planlaşdırılmışdı. Lakin Azərbaycan bütün maddi və təşkilati məsələlərə, problemlərə baxmayaraq bu qəliz vəziyyətdə bizə kömək oldu. Şəkidə daha öncələr də bir neçə dəfə olmuşdum, tədbirlərdə iştirak etmişdim. Yumoru olan, zəngin tarixi olan, yetirdiyi şəxsiyyətlərlə öyünə biləcək bir şəhərdir. Bizim üçün isə bütün bunların cəmi mühümdür. İl ərzində keçirilən “İpək yolu” Beynəlxalq Musiqi Festivalı, Teatr Konfransı çox yaddaqalan, həm də böyük layihələrdir. Həmçinin Şəki İcra hakimi Elxan Usubov da mədəniyyətə, incəsənətə dəyər verən insandır. Bütün tədbirlər yüksək səviyyədə təşkil olunurdu və keçirilirdi. Ona görə mən Elxan Usubova da, Şəki camaatına da, şəhərin ziyalılarına da təşəkkür edirəm.

– Amma ilin yekunlaşması belə tədbirlərin davam etdirilməsi üçün maneə deyil…

– Əlbəttə, mən çox istərdim ki, bu tədbirlər, görüşlər davam etdirilsin. Məsələn, Əskişəhər valisi bir il ərzində keçirilən tədbirləri, festivalları, görüşləri o qədər həvəslə, maraqla təşkil edirdi ki, hətta il bitəndən sonra da bunlara davam edirdi. Yadınızdadırsa, başqa şəhərlər mədəniyyət paytaxtı seçiləndən sonra da Əskişəhərdə Kitab Fuarları, yazar görüşləri keçirilirdi. Bu ildən biz mədəniyyət paytaxtlarının başçılarının şurasını yaratmaq niyyətindəyik. Düşünürəm ki, onların ara-sıra görüşmələri, təcrübə mübadilələri, öz aralarında əlaqələrin yaradılması çox gözəl nəticələr verəcək.

– Növbəti Türk dünyası Mədəniyyət paytaxtı Qazaxıstanın Türküstan şəhəri seçildi. Nə ilə fərqlidir bu şəhər?

– Bu şəhər Əhməd Yasəvinin adı ilə bağlanır əsasən. Amma bundan əlavə bu şəhərin qədim tarixi, mədəniyyəti var. Daimi şura müzakirələrində belə qərara gəldi ki, növbəti il Türküstan mədəniyyət paytaxtı olsun və türk dünyası bu şəhər, buranın mədəniyyəti, tarixi ilə yaxından tanış ola bilsin.

– Bildiyimizə görə, TÜRKSOY Daimi Şurasında Azərbaycan üçün də mühüm qərarlar qəbul olunub.

– Bəli, bilirsiz ki, TÜRKSOY hər ili bir yazıçıya, şairə həsr edir, onun ili elan edir. Və il ərzində Türk dünyasının az qala hər yerində bu şairlə bağlı tədbirlər, görüşlər, konfranslar keçirilir. Bir sözlə, məqsədimiz həmin şairi, yazıçını türk dünyasına daha yaxından tanıtmaq, təbliğ etmək olur. Ötən il Balasaqunlu ili idi və hələ də onunla bağlı tədbirlər, konfranslar davam edir. Bu dəfə Azərbaycan tərəfin təklifi ilə növbəti ili böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar ona həsr etməyə, Molla Pənah Vaqif ili elan etməyə qərar verdik. Molla Pənah Vaqif həqiqətən böyük istedad sahibidir, əsərlərinin türk dünyasında maraqla qarşılanacağına əminəm.

(Visited 8 times, 1 visits today)