Elmdə təkrarçılığı aradan qaldırmaq üçün YENİLİK

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərinin yaradılacaq.

Publika.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qərarla bağlı müvafiq təşkilati və elmi-texniki işlərin təmin edilməsi İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunub.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fəaliyyətinə dəstək kimi ölkə üzrə elmi problemlərin və dissertasiya mövzularının reyestrlərinin (informasiya sistemlərinin) yaradılması zərurətinin meydana çıxdığını vurğulayıb. AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə artıq Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradıldığını qeyd edən akademik Rasim Əliquliyev bu resurslarda müntəzəm olaraq öz əksini tapan məlumatların analizinin elmin idarə olunması məsələlərinin həllinə dəstək verəcəyini bildirib.

Akademik elmi problemlər və dissertasiya mövzuları haqqında məlumatların uyğun olaraq “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərində saxlanmasının respublikada elmi-tədqiqatların təşkili, əlaqələndirilməsi, idarə olunması, monitorinqi və qiymətləndirilməsi, büdcə vəsaitlərinin təyinatlı və səmərəli istifadə edilməsi, təkrarçılığın aşkarlanması və aradan qaldırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib. Vurğulayıb ki, informasiya sistemlərinin verilənlər bazalarının AMEA-nın DATA mərkəzində yerləşdirilməsi ilə onların informasiya təhlükəsizliyi də təmin olunacaq.

(Visited 2 times, 1 visits today)