“Qafqaz” Universitetinin tələbələri başqa ali məktəblərə köçürülmək istəmirlər

Universitetin bağlanması tələbə-müəllim heyətinin ciddi narahatlığına səbəb olub

“Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib. Sputnik Azərbaycan-ın Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, nazirlik tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna Universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.

Məlumatda bildirilir ki, tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla, müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirlməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaq. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaq.

“Tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaq” — deyən nazirlik tələbələrdən Universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlamalarını xahiş edir. Bəs qəflətən belə qərarın verilməsinə nə səbəb olub? “Qafqaz” Universitetinin bazasının gələcək taleyi necə olacaq? Qərardan sonra universitetdə hansı ab-hava hökm sürür? Bütün bu suallara aydınlıq gətirmək üçün universitetə üz tutduq. Qeyd edək ki, qərara baxmayaraq, universitetdə həmişəki kimi mühafizə xidməti ciddi fəaliyyət göstərir. Belə ki, rəhbərliklə (bizim halda mətbuat xidməti ilə) əlaqə saxlamadan, universitetin əməkdaşlarından kimsə qapıya gəlmədən heç kim içəri buraxılmır.

Universitetdə mətbuat xidmətinin rəhbəri Rəcəb Rza ilə görüşdük. R. Rzanın sözlərinə görə, hal-hazırda universitetdə 4500 dən çox tələbə təhsil alır. Onların arasında Türkiyənin 100-ə yaxın vətəndaşı var ki, məlum hadisələrlə əlaqədar olaraq onlardan 40-50 nəfəri dərslərdə iştirak etmir: “Beynəlxalq Konvensiyaya görə, bir qanun verilirsə, onun ikinci dəfə geriyə çevrilməsi mümkün deyil. Əvvəllər qanun olub, YÖK “Qafqaz” Universitetini tanıyıb. Hətta tələbələr Türkiyədə “denklik belgesi”, yəni, uyğunluq sənədlərini də alıblar. İndi Türkiyədə YÖK-un Qafqaz Universitetinin diplomlarını tanınmaması başadüşülən deyil”.

O, universitetdə 405 əməkdaşın çalışdığını deyir: “Dövlət universitetinə çevriləriksə, yəqin, təhsil haqqı da dövlət universitetinə uyğun olacaq. Amma bəzi ixtisaslar var ki, orada tədris edən müəllimlər əcnəbilərdir, burada müqavilə ilə çalışırlar. Ola bilsin ki, həmin fakültələrdə təhsil haqqı bir qədər yüksək olsun”.

Hazırda “Qafqaz” Universitetində təhsil haqqı 2000-4500 manat arasıdır. Təhsil haqqı ixtisaslara görə dəyişir. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, əvvəllər universitetdə Beynəlxalq Münasibətlər fakültəsi fəaliyyət göstərirmiş. Həmin fakültədə təhsil haqqı ildə 6500-ə qədər yüksəlirmiş. İki ildir ki, həmin fakültə bağlanıb.

Bəzi məlumatlara görə, Fətullah Gülənin yaratdığı universitetlər dünyanın 170 ölkəsində fəaliyyət göstərir. Türkiyə hökuməti “Qafqaz” Universitetini də həmin universitetlərin siyahısına daxil edib. Amma R. Rza deyir ki, “Qafqaz” Universiteti 3 ildir Beynəlxalq Təhsil Kompleksinin (SOCAR) nəzdində fəaliyyət göstərir: “Yəni bizim Fətullah Gülənlə heç bir əlaqəmiz yoxdur. Amma deyirlər də…” “Qafqaz” Universitetinin diplomlarının Türkiyədə tanınmayacağı məsələsinə münasibət bildirən R. Rza onu da qeyd etdi ki, diplomların tanınmaması rəsmi şəkildə, hər hansı bir qərarla bəyan edilməyib: “Türkiyədə YÖK başqanı mətbuat konfransında diplomu tanınmayacaq universitetlərin adını çəkib, “Qafqaz” Universitetinin də adını qeyd edib. Türkiyə Təhsil Nazilriyinin Azərbaycan Təhsil Nazirliyinə rəsmi şəkildə heç bir məktubu, bildirşi daxil olmayıb. Nə bizim nəzdində olduğumuz quruma, nə də universitetin özünə rəsmi heç bir fikir bildirilməyib”.

“Ola bilsin, diplomların tanınmaması, hazırda da oxuyan və universiteti son illər bitirən tələbələrinə şamil edilsin. Çünki Türkiyədə yüzlərlə insan var ki, “Qafqaz” Universitetinin məzunudur və hal-hazırda həmin şəxslər kifayət qədər dövlət əhəmiyyətli idarələrdə çalışırlar. Universitetimiz açılan gündən Türkiyə universiteti olmayıb, burada təhsil Azərbaycan dilində olub, imtahanları Azərbaycan dilində vermişik. Məsələn, Xəzər Universitetinin rektoru əcnəbidir. İndi deyilməlidir ki, o, başqa dövlətin universitetidir? Bu, düzgün fikir deyil. Mən özüm də “Qafqaz” Universitetinin məzunu olmuşam, hazırda da doktarantıyam. Özüm şahidəm ki, burada təhsil, bütün yazışmalar, imtahanlar Azərbaycan dilində aparılıb” — Rza vurğulayıb.

Daha sonra o, əlavə edib: “Bəli, universitemiz ləğv olundu. Müşahidə Şurası toplantı keçirərək bu qərara gəlib ki, universitet ləğv olunsun. Amma buna baxmayaraq, heç bir ajiotaja səbəb yoxdur. Baş verən hadisələr universitetimizdən asılı olmayan məsələlərdir. Biz burada uşaqlara elə-belə kağız verməmişik. Biz burada uşaqlara təhsil vermişik. Verdiyimiz diplomlar sadəcə kağızdan ibarət deyil. Biz onlara vətəni sevməyi, müstəqilliyi qorumağı öyrətmişik. Burada müəllimlərimiz fədakardır. Heç bir universitetdə bizim müəllimlərimiz kimi mütəxəsis yoxdur”. Mətbuat xidmətinin rəhbəri, baş verənlərə baxmayaraq tədris fəaliyyətinin fasiləsiz davam etdirildiyini və qış imtahan sessiyasının gedişatında heç bir problem olmadığını diqqətə çatdırıb: “Tələbələrimizin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem olmayacaq. “Qafqaz” Universitetində təhsil alan tələbələrin böyük əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir və onların, eləcə də valideynlərinin narahatlığına heç bir səbəb yoxdur. Ləğv edilən “Qafqaz” Universiteti haqqında tərəfimizdən verilən bu məlumat xaricində, heç bir rəsmi qaynağa istinad etməyən məlumatlar əsassızdır”

Qeyd edək ki, universitetin tələbələri də KİV-də yayılan informasiyaya görə çox narahat idi. R. Rza ilə müsahibə zamanı onlarla tələbə qapını döyüb, məsələyə aydınlıq gətirilməsini istəyirdi. Onlar təhsillərini bu universitetdə davam etdirmək, başqa universitetlərə köçürülmək istəmədiklərini deyirdilər.

Söhbət etdiyimiz tələbələrdən biri bildirdi ki, 3-cü kursda oxuyur və ali təhsil ocağından olduqca razıdır: “Bizə burda ixtisasımızı öyrədirlər. Biz buranın müəllimlərini sevrik. Biz başqa universitetlərə köçürülmək istəmirik”. Universitetdən çıxarkən, yenə mühafizə xidməti ilə qarşılaşdıq. Bizə bildirildi ki, yanımızda universitetin əməkdaşlarından kimsə olmasa, təhsil ocağının binasının şəklini çəkə bilmərik: “Əgər şəkil çəkmisinizsə, silin”. Köməyimizə icazəli olmağımız yetişdi.

Qeyd edək ki, ləğv edilmiş “Qafqaz” Universitetinin balansında Bakı Mühəndislər Universitetinin yaradılacağı xəbəri yayılıb. Ola bilsin ki, bu il universitetdə pedaqoji təhsil alan tələbələr universiteti bitirdikdən sonra bəzi fakültələr ləğv edilsin.

Xatırladaq ki, “Qafqaz” Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin (Təhsil Nazirliyinin keçmiş adı — red.) nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə fəaliyyətə başlayıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli, 203 saylı qərarı ilə dövlət qeydiyyatından keçib. Daha sonra mövcud qaydalara əsasən 20.08.2002-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməsi ilə universitetin statusunun qanunauyğunluğu bir daha təsbit olunub. Universitet hal-hazırda Xırdalan şəhərində 20 ha ərazidə yerləşir.

(Visited 4 times, 1 visits today)