«İnsan səadəti saleh əməllərdə axtarmalıdır»

Yazıçı-dramaturq Ağarəhimlə filologiya üzrə fəlsəfə doktoru

Solmaz Məmmədovanın müsahibəsi

 

Sual: Ağarəhim müəllim, sizin yaşınızın müdrik çağlarıdır. Altmış səkkiz yaşınız tamam olan gün Bakı Qızlar Universitetinin rektoru vəzifəsindən öz istəyinizlə istefa verdiniz? İnternet şəbəkələrində aramsız nümayiş etdirilsə də, neçə gün bu xəbərə kimsə inanmadı. İstefanız nə ilə bağlıdır?

Cavab: Mən Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunda on il elmi işçi, on iki il şöbə müdiri, iyirmi beş il Bakı Qızlar Universitetinin rektoru vəzifələrində qüsursuz işləmişəm. Adam işlədiyi rəhbər vəzifədə bütün niyyət və ideyalarını beş il ürəklə, sonrakı beş ildə qismən tətbiq edə bilir. Vəzifənin ömrü uzandıqca o şəxs boynuna alsa da, almasa da, rəhbərlik etdiyi təşkilata da, kollektivə də yük olur. Bəzən hər ikisinə etinasızlıq da, xəyanət də eləyir. Qazandığı az-çox nüfuzunu, hörmətini əridir. Vəzifə hərisliyi, hökm etmək ehtirası adamın özünün gözlərini qapasa da, başqaları açıq-açığına bunu görür. Üzə vurmasalar da, özlüklərində, yaxud, arxada gileylənirlər. Vəzifə can deyil ki, onu itirməkdən qorxasan. Yeri gələndə geri çəkilməyi bacarmaq, gəncləri yetişdirmək gərəkdi… Bir sözlə, istefam yorğunluğumla, gənclərə şərait yaratmaqla bağlıdır.

Sual: Qaynar həyatdan, gəncliklə işləməkdən vaxtsız geri çəkilmək sizi darıxdırmaz ki?

Cavab: Qətiyyən… Onların hamısını düşünmüşəm. Götür-qoy eləmişəm. Mən həm elmi, həm də bədii yaradıcılıqla məşğulam. Vəzifə icraçılıqdı. O, vaxtımı çox alır. Daha doğrusu məni doydurub. Çəkilib kənara məni narahat eləyən düşüncələrimlə baş-başa qalmaq istəyirəm. Ömrümün qürub çağıdı. Nəvələrimlə oynayacam… Açığını deyim ki, bədii yaradıcılıq neçə illərdi məni öz-özümlə dayanıqlı müsahib olmağa hazırlayıb… İnanın bədii yaradıcılıq (hekayə, povest, roman, pyes, esse) məni çox çəkir özünə. Ləyaqətli həyat şərəfsiz ölümdən yaxşıdır. Düşünürəm ki, bundan sonrakı həyatımın mənası nəvələrimlə yaxından təmasımdadır. Bundan qaynar həyat təsəvvür eləmirəm, başqalarına da – Mən istefa verdim, siz də versəniz yaxşıdı – nümunəsi vermək iddiasında deyiləm.

Sual: Adamlar arasında haqlı, ya haqsız, belə fikir dolaşmaqdadır: “Ağarəhim rektor vəzifəsini niyə oğluna yox, məhz qızına verdi? Axı qızı da, oğlu da eyni dərəcəli elm adamıdırlar. Alimdilər”.

Cavab (gülür): Bu sualın məzmunundan təxribat qoxusu gəlir?

Sual: Qətiyyən. Sadəcə maraq doğurur. Səbəbini açıqlaya da bilərsiz, açıqlamayada.

Cavab: Bəri başdan deyim, burda gizlin bir şey yoxdu. Oğul da övladdı, qız da… Hər ikisi atanın ruhudu… Açığını deyim, siz deyən fikirlər ətrafında çox düşündüm, çox götür-qoy elədim. Oğlum cavan iqtisadçıdır. Hazırda məsul vəzifədə çalışır. Ancaq bir qədər təhsil sistemindən uzaqdır. Qızım sırf pedaqoqdur. Altı pedaqoji kitabın, otuzdan çox jurnal məqaləsinin müəllifidir. Universitetin məzunudur. İyirmi ildən artıqdır ki, bu kollektivdə çalışır. Təhsil quruculuğuna yaxşı bələddir. Kollektivi tanıyır. Təhsillə bağlı öz diaqnozlarını qoya bilir. Qızımla oğlum arasında on yeddi yaş fərq var. Universitetin kontingenti də yalnız qızlardan ibarətdi. Mən heç kəsi kölgə altına salmaq istəmirəm. İstərdim, məni necə var, elə də başa düşəsiz. Bəziləri işi düşən adama dostunam, sənə sədaqətliyəm, – deyir. Rəğbətini qazanıb süfrəsinin başında oturur. Şərəfinə yeri gəldi-gəlmədi “dastan” yazır… Sən də ona pulunu, varlığını, canını qurban eləyirsən. Ancaq yeri gələndə fürsəti fota vermir. Şəri, böhtanı düz alnının ortasına çırpır. Bunu yüz cür pərdələyə, ona sığal çəkə bilərik. Bir az da qabağa çıxıb inkar mövqeyində də dayanmaq olar. Təəssüf ki, həqiqət mən deyən kimi, iki vur iki bərabərdi dörd olacaq. Ona görə də rektorluğu qızıma məsləhət bildim.

Sual: Oğlunuz incimədi ki?

Cavab: Yoox… Nə incimək? Real düşüncə obyektivliyin, ədalətin törəməsidir.

Sual: Siz televiziyada görünmürsüz. Televiziyaya özünüz çıxmırsız, yoxsa, sizi çıxışa dəvət eləyən yoxdur?

Cavab: Televiziya böyük və canlı kürsüdür. Tanınmaq üçün ikinci elə bir vasitə yoxdur. O, ağıllı söz, yeni fikir tələb eləyir. Hərcayı danışıq yox… Hər gün televiziya ekranından boylananlara dostum, qardaşım, oğlum olsaydılar deyərdim: yeni sözün yoxsa, ekranda görünmə… Xalqı aldatmağa cəhd eləmə… Cəhdlərin əbəsdi. Zərbəsini nə vaxtsa, özün dadacaqsan. İllərlə qazandığın nüfuzu (əlbəttə, o varsa) ayaq altı eləyəcəksən. Ona heyfin gəlsin. Unutma ki, həqiqi nüfuz ləyaqətli məndi. Sözüm olmayanda danışmağı xoşlamıram.

Sual: Siz əsərlərinizin birində deyirsiz ki, nə yaxşı ki, ölüm var? Bir bayatıda isə sizin sözünüzün əksinə deyilir: “Bir ayrılıq, bir ölüm, heç biri olmayaydı”. Bu fikir tarixin dərinliklərindən süzülüb gələn xalq hikmətidir. Sizin dedikləriniz bu xalq hikməti ilə paradoks deyilmi?

Cavab: Bəli! “Nə yaxşı ki, ölüm var” fikrini mən “Ölüm və ölməzlik” əsərimdə işlətmişəm. Ancaq siz deyən tərzdə xalq hikmətinə qarşı çıxmaq niyyətim olmayıb (hər sözün, ifadənin kontekstdə öz mənası var). Əstəğfürüllah, ona görə burda paradoksdan söhbət gedə bilməz. İndi də o cəhdə bulunmuram. Əslində mənim işlətdiyim sözlərlə xalq hikmətində söylənənlərdə paradoks axtarmaq, məni böyük ruhları inkarçılıq mövqeyində saxlamaq deməkdi. Bu, qətiyyən düz deyil. Xalq öz hissini, duyğusunu, istəyini, arzusunu, ruhunu həmin andakı yaşam situasiyasında həzin və yanıqlı tərzdə ifadə eləyib. Mənsə, tamam başqa bir fəlsəfi yöndən, daha doğrusu, gerçəklikdən məsələyə yanaşmışam. İndi də öz əqidəmə sadiqəm: “Nə yaxşı ki, ölüm var”. Bu əqidəmi hər kəs özünəməxsus qəbul edə bilər. Bizlərdən kimisi ölümdən zəhləsi gedəndi. Kimisi ölüm probleminə tərəddüdlüdü. Kimisi də gülümsünüb ötüb keçəndi. Problemə necə münasibət hər kəsin öz ixtiyarındadı… Alternativsiz fikirlər mövcuddur: “ölüm labüddür”, “gələn istəsə də, istəməsə də gedəcək”… Göründüyü kimi, “ölüm” kimsənin arzusu, istəyi ilə həyata keçmir. Ölümə qarşı çıxmaq saxta deyimin, istəyin, korafəhim  münasibətin gerçək həyata, yaşanan həqiqətə basqısına, yoxluğun varlığa, “mənin” ədalətə etirazımın son “üsyankarlığıdır”. Şair demişkən, “ölüm şərbəti”ni istəsə də, istəməsə də, hamı “içəcək”. Məncə bu üsyankarlıq mənəvi müdrikliyin, harmonik şəxsiyyətin qələbəlik rəmzidir. Ölümün əksi ölümsüzlükdür. Bu isə Allaha qovuşmaqdır. Tanrısallıqdır. Tapıntıdır. Bu tapıntı isə haqdır, əbədiyyətdir.

Bir anlığa yenə qayıdaq ölümə. Tutaq ki, ölüm yoxdur… Onda dünya necə olar? İnsan insanı yeməzmi? İnsanı insan udmazmı? Yeni nəsl yaranmamalıdırmı? Nə qədər əcaib görünsə də, gəlin açıq etiraf eləyək. İnsanlar ağır xəstə yatan, qocalıb əldən düşən doğmaları barədə – Allah günaha yazmasın, ölsəydi, onun da canı qurtarardı əzabdan, bizim də – dediklərini. Nədir bu dəhşət?! Nədir, bu hikmət?! İndi suala özünüz cavab verin: ölüm olsun, olmasın? Mənim düşüncəm xalq hikmətinə paradoksdurmu?

Sual: Sizi hamı yaxşı adam kimi səciyyələndirir. Bunun səbəbi nədir?

Cavab (gülümsünür): O suala cavab vermək çətin və mübahisəlidir. Özümüzü nə öyək, nə də aldadaq? Məndən o qədər zəhləsi gedənlər var ki? Haqlıları da var, haqsızları da. Belə məsəl var: “Sən düz ol, qoy kim nə düşünür düşünsün”, “Balığı at dəryaya, balıq da bilməsə, xaliq bilər”. Mən heç kəsə qarşı çıxmamışam. Kimsəyə pislik, mərdimazarlıq eləməmişəm. Nifrəti bacarmıram. Hamıya rahatlıq, könül xoşluğu arzulayıram… Bu yaşa gəlmişəm, əlim rüşvət, ağzım haram tikə, dilim yalan görməyib… Ancaq son zamanlar çox adam mənə deyir: çörəyinin duzu yoxdu. Əgər elədisə, heyf!.. Çox heyf!.. Mənim Allahımdan bir arzum, bir istəyim var: Baş ucalığım. Onu da deyim ki, insanın ucalığı kainatdan kənarda deyil, hər kəsin öz içindədir. Ona görə də insan səadəti göylərdə yox, qəlblərdə, düşüncələrdə, saleh əməllərdə axtarmalıdır. Yaşantılı həyat insanı çox sürprizlərlə qarşılaşdırır. Saxta yolla, ucuz alış-verişlə şöhrət çələnginə sahib olmaq xəstəlikdir və o insanı daim fəlakətlərə sürükləyir. Əslində bu mənim, sənin, onun düşüncələrinin məhsulu deyil, haqqa, ədalətə söykənən həyatın törəmə qanunudur. Sözün həqiqi mənasında insanın öz taleyinə hökm fərmanıdır. Həyat iztirablar məngənəsidir, — deyirlər. İnsanı yaşadan da, ucaldan da, çələng sahibi edən də kədər və iztirablardır. Onlardan qorxmaq əbləhlikdir. Çalış ondan qaçma. Çünki iztirabların “övladı” səadətdir. Doğulan şahzadə, kral insan olmaya da bilər. Yaxşı əməl, yaxşı düşüncə insana ucalıq çələngi, əksi ilə xəcalət bəxş eləyir. Yaxşılıq heç vaxt unudulan deyil. Qəribə bir hadisənin müzakirəsində psixoloq kimi, mən də dəvət olundum. Hadisəni təfərrüatı ilə xırdalamaq fikrində deyiləm. Oğul yüksək dipomlu atasının təhriki ilə ağlagəlməz cinayət törətmişdi. Çox sorğu-sualdan, götür-qoydan sonra həmkarlarımızdan biri oğula dedi: “Oğlum, kimə oxşayırsan oxşa, lap itə-qurda da, sənə yalvarıram, təkcə atana oxşama. Oxşasan ömrü boyu fəlakətlər içərisində yaşayacaqsan”. Mühakimənin ağırlığını azaltmağa çalışan oğulsa, başını aşağı dikib, ancaq “oldu”, “baş üstə” deyə bildi. Çalışaq otu öz kökü üstə bitirək. Bitirsək ətri ürəyi, görkəmi gözlərimizi ovundurar.

Sual: Əsərlərinizdən görünür ki, siz düşüncənizdə, fəaliyyətinizdə azad və sərbəstsiniz. Gözlənilməz addımlar atmağı bacarırsız. Etiraf eləyək ki, bu çox çətin məsələdi. Bu gücü, imkanı siz hardan, necə əldə eləyirsiz?

Cavab: Məni utandırmayın. Mən də təkəbbür xəstəliyinə tutula bilərəm (gülür). İnsanın nə azadlığının, nə də sərbəstliyinin həddi var. Bu iqtisadi imkan deyil ki, olmayanda aciz qalıb qonşuna əl, özgəyə ağız açasan. Azadlıq da, sərbəstlik də insanın öz içindədi. Azadlıq heç nəyə mane olmur. Azadlığı iqtisadi böhran da əldən ala bilmir. Azad, sərbəst olmaq istəyən şəxs zindanlara qarşı üsyan eləməz. Çünki axtardığı onun içindədir. Onsuz da insanın iqtisadi tələbi zindanda da az-çox ödənir. İnsanın azadlığı, sərbəstliyi idrakının buxovdan qurtulmasıdır. Əxlaqi-mənəvi dəyərlərinə qarşı qoyulan qadağaların götürülməsidir. Sərbəst hisslərin, düşüncələrin bərpasıdır, yaxud, özünə qaytarılmasıdır. Mənəviyyata basqı təcavüz olunanı qula çevirməkdi. Həqiqətin tapdalanmasıdı. Burda da insanın özünüqoruma, özünümüdafiə instinkti hərəkətə gəlməlidir. Cəsarətsizlər güclülərin əlində aciz qula, sahibsiz itə dönər. Qullar, kölələr də nə vaxtsa, öz ağasına qarşı çıxar. Bu zərurətdir. O gec-tez baş verəcək. Azadlıq, sərbəstlik gərək insanın içindən gəlsin. İçəridən gələnə kimsə mane ola bilməz. Azadlığın da, sərbəstliyin də gücü insanın içindədi. O fizioloji güc deyil ki, onu hardansa, kimdənsə, nəyin hesabınasa alasan.

Sual: Söhbətin səmtini dəyişək. Sizə sədaqətsizlik eləyən olubmu?

Cavab (fikrə gedir): O qədər… Özü də son zamanlar. Hansını deyim?

Sual: Elələrinə münasibətiniz?

Cavab: İtə qayğını sədaqətinə görə göstərirlər. Sədaqətsiz insanın itcə urvatı olmaz. Belə olduğu halda ona nə münasibət?

Sual: Tez-tez eşidirik ki, filankəs ailəsinə, yaxud, özünə qəsd elədi. Bir pedaqoq, yazıçı, dramaturq kimi belələrinə sözünüz?

Cavab: Mənim titullarımı nə qədər saysanız da sözüm o məsələdə kimsəyə təsir eləməz. Niyə? Çünki o ağıldan kənar, idarə olunmaz hisslərin toqquşması, daha doğrusu, ağlın donması, hissiyyat şüalarının son həddə şığıması anında baş verir. O, gözəl həyatı dəhşətli ölümə həvəslə güzəştə getmək anıdır. Nəticəsi böyük faciədir. Burda ən ağır yük saniyələrin çiynində olur. Onda hər şey – ağıl, hiss, duyğu torana bürünür. Sonra ölü uşağın doğulması baş verir. Belə olduqda “qəhrəman” kimsənin ağlına, məsləhətinə və tövsiyəsinə məhəl qoymaz. Burda mən yox, huri mələklər tökülüb gələ nə ağıllı məsləhətə, nə də faciənin qarşısını almağa vaxt tapa bilərlər.

Sual: “Bank əməliyyatı” povestinizdə deyirsiz ki, cinayətkar cəmiyyətdə insan amili “cib amilinə” çevrilir. Bunu necə başa düşək?

Cavab: “Cinayətkar cəmiyyət” deyirsiz. Ən böyük və ən çox cinayətkarlıq da iqtisadiyyatda olur. Cəmiyyətin yolunu sapdıran da onlardı. Cinayətin böyüyü- kiçiyi olmur. Əxlaqı, mənəviyyatı zorlanma insanın rifahına, haqqına, təhlükəsizliyinə nüfuz eləmə, burun soxmaqdı. Həkim xəstəsindən, hakim müttəhimdən, məmur səlahiyyətində olanlardan rüşvət yığır, onun var-dövlətini əlindən alır, ona haqsız təsir göstərir, iftira və böhtanlar yağdırır. Niyə? Çünki ordan şəxsi mənfəət güdür. Bu yaramaz fəaliyyət şəxsin əmlakını fırıldaq yollarla ələ keçirməyə xidmət edir. Ona isə gözün üstə qaşın var, deyəcək səlahiyyət sahibləri ya tapılmır, ya da var, susurlar. Bir qrup adamın bu yaramaz fəaliyyəti bütövlükdə cəmiyyətə sirayət eləyir. Günahsız insanların da üstünə murdar su çilənir. Necə düşünürsüz, belə olduğu halda, böyük və uzun cəmiyyət zəncirində təmiz həlqələr tapmaq mümkün olarmı? Zeynəb qarı demişkən: “Gör-götür dünyasıdır”, “Aşıq gördüyün çağırar”, “Palaza bürün elnən sürün”, “Hamı necə, sən də elə”. Bu qorxulu və əcaib tendensiyadır. Belə olanda iclaslarda, yığıncaqlarda ağız dolusu danışdığımız cəfəngə, novruz bayramlarında qırmızı boya yaxdığımız ağ yumurtalar qaraya dönür. Beləcə də iqtisadiyyatda insan amili “cib amilinə” çevrilir. Bunun başa düşüləsi başqa yolu yoxdur.

Sual: Əsərlərinizin birində deyirsiz: “Vəhşilər təbiət qanunlarına tabe olduqları halda, cəmiyyət qanunlar tanımır”. Deyə bilərsizmi ki, milli məclislər, parlamentlər, lordlar palataları, senatlar… nə qədər qərarlar qəbul eləyirlər. Onlar cəmiyyətin fəaliyyətini tənzimləyəcək, normallaşdıracaq qanunlar deyil, bəs nədi?

Cavab (düşünərək): Sizə bircə kəlməylə də deyə bilərdim, bunlar “qanunlar” yox, qərarlardır. Bununla belə sizi başa düşdüm. Bəzi açıqlamalar eləsəm, nə demək istədiyimi başa düşərsiz. Əslində “qanunverici” adlandırılan təşkilatların qərarları təsdiq olunan, hamı tərəfindən qəbul edilən və icrasına başlanan “normativ aktlardı”, təkrar edirəm, əsla qanun deyil. Qanun yaradılmır. Qanun kəşf olunur. Qanun dəyişmir. Ancaq şəraitdən, situasiyadan asılı olaraq, ondan yeniləri törənir. Onu da deyim ki, təbiət qanunları təbiətdən doğur. Təbiət bir sifətlidi. O, sərt də ola bilər, mülayim də. Xeyirxah da olar, qəzəbli də. Ancaq qərəzli ola bilməz. Təbiət gözəldi, humanistdi. Cəmiyyət isə təbiətdən fərqli olaraq çoxüzlüdür. Onun qəbul etdikləri normativ aktlar da elədir. Onların mahiyyətini uğurlu-uğursuz siyasət təşkil eləyir. Gedişləri çox zaman da hiylədən, məkrdən doğur. Bir sözlə, çoxluğun mənafeyinə xidmət eləyir. Aktlar güclülərin əlində ovxarlı qılınc, zəiflərinsə… Qurbağa deyir: “Oxumaq istəyirəm, ağzımı açan kimi su dolur. Qorxuram boğulam”. Mənim fikrim çoxlarına toxuna bilər, neyləyim ki, dediklərim həqiqətdi!

Bir məmurun xatirinə qəbul olunan hökm-fərmanın az zaman içərisində dəyişdirilməsinin, sonra da bərpasının çox şahidi olmuşuq (gülür). Buna qanun demək olarmı?

Sual: İqtisadçıların çirkli pula meyilliyi barədə nə deyə bilərsiz?

Cavab (gülür): Heç bir iqtisadçıya əlinin çirkli pulla oynaması barədə söz deyə bilmərəm. Bu mənim tərəfdən böhtan olar. Bildiyim odur ki, maliyyə silahdır. Siyasət isə çaxmağın çəkilməsidir. Bu baxımdan maliyyə siyasətdən ayrılmazdır… Əcaib görünsə də, bir məsələni unutmamalıyıq. İqtisadiyyatla iqtisadçıların “özəl tərəfləri” var. İqtisadiyyat obrazlı desək, daim axar çaydır. Mənbəyi, mənsəbi bilinir. İqtisadçılar ixtisaslarını seçəndə nəylə oynayacaqlarını yaxşı düşünürlər. Etiraf etsələr də, etməsələr də işləri müəmmadır. Onların daxili mücrəsi (niyyəti) özündən savayı hamıya sirdir. İnciməsinlər, hər gün o qədər “pul, pul” deyirlər ki, özlərindən asılı olmadan insanlığı da pula çevirirlər. Bu faciə bəzən iqtisadçını insanı duyğulardan, bəşəri hisslərdən uzaqlaşdırır. Zeynəb qarı demişkən: “İnsanı ruhu rahatlıq məkanından (cənnətdən) od püskürən cəhənnəmə yola salır”. Yatanda “pul röyası”, duranda “pul eşqi” onu daim çulğalayır. Bir an da olsun onları sakit buraxmır. İnsanlıqlarını dərbədər eləyir… Cəsarətlə deyirəm: bura nəfsigir, talançı məmurları da daxil edə bilərik. Unutmayaq ki, pulla-cəmiyyət ekizdilər. İnsanlığı pula dəyişməyi istəməzdim. Niyə? Çünki insan öləndə onun üçün pul da ölür. Nə yaxşı ki, insaniyyət qalır. Pullu adam dünyadan da nigaran köçür.

Sual: Bu nigarançılıqdan qurtulmağın yolu nədi?

Cavab: Cəmiyyət zir-zibillərdən təmizlənməli… Cinayətkarlar layiqincə cəzalandırılmalı… Sözümü qəribliyə salmayın. Oxucumdan təvəqqe eləyirəm, mənim fikirlərimə mürtəcelik damğası da vurmasın. Bilirəm, onsuz da vuranlar tapılacaq. Təbiətin öz qanunları var. Cansız canlının şikarıdır. Ölməli öldürülməsə, çoxlarını öz ardınca cinayətə çəkəcək, bədbəxt eləyəcək.

Sual: “Girdab” romanınızı diqqətlə oxudum. Əsərin qəhrəmanı Şəfəqə yaxınları tərəfindən daim böhtanlar atılır. Onu şərlə qarşılaşdırıb gözdən salmağa çalışırlar. Yazıçı isə ona çıxış yolu qoymur. Nə üçün?

Cavab: Şəfəq bədii obrazdı. O, gəncliyindən dedi-qodular, yersiz təhqirlər içərisindədi. Hadisələr, gedişlər və gərdişlər göstərir ki, o olduqca ağıllıdır. Əsəblərini cilovlamağı bacarır. Hər kəsi öz yerində oturdur. Həyatsa qarmaqarışıq, qasırğalı və tufanlıdır. Hər gün ona bir sürpriz bəxş eləyir. Ətrafında baş verənlər təxminən ona tanışdır. Bu əzablar, çətinliklər onu daim ehtiyatlı olmağa hazırlayır, gözlərini açır. Arxası boş və kimsəsiz olan bu xanım kimsədən kömək, sədəqə ummur. Bütün çətinliklərini öz gücü, öz iradəsi ilə dəf etməyə qabildir və mən deyərdim ki, lap yüksək səviyyədə. Şəfəqin xarakteri bütövdü, insaniliyi yetərincədi. Hər kəsə öz sözünü mərdanəliklə deyə bilir….

Göyçay hadisələri, uşaqlıq sarsıntıları, Gəncə peşə məktəbinin yataqxanasındakı əzabları, ər evindəki məşəqqətləri, qəbirstanlıq olayları, babasının ölümü, Bakı həyatı, güya narkotik satışına qurşanması, yaramaz müstəntiqlə görüşləri, türmə həyatı, Sarıcanın ona qeyri-insani münasibətləri, nəhayət, oğlu Hikmətlə görüşü…. Nələr… Nələr… Təsəvvür edirsiz, bir insan ömrünə “nəqş olunanları?”.

Hadisədən hadisəyə keçirdiyi psixoloji məqamlar, sarsıntılar, ürək çırpıntıları əsərin sonunda həqiqi azərbaycanlı qızının mətin, dəyanətli, qeyrətli, fədakar, ləyaqət və şərəf mücəssiməli obrazını yaradır. Bu hadisələrdə Şəfəqin kimsəyə ehtiyacı yoxdur, öz ömrünü özü yaşamalıdı, yaşayır da… Onu da unutmayaq ki, insan həyatı humanist, məzmununun açılması isə hədəfə yönələn sağlam və dəqiq yozumlardır. Yerli-yataqlı deyilən söz və hərəkət birbaşa qələbədir. Bu qələbələr isə Şəfəq üçün çıxış yollarıdır, desək, məncə səhv etmərik.

Sual: Səhvləriniz sizin üçün nə deməkdir?

Cavab: Səhvsiz insan yoxdur. Onlar sonradan düzəldilməsi mümkün olan gələcək qüsurların islahıdır. O isə ağılla, dərrakə ilə aparılır. İslahsız qüsur mənim üçün ən böyük məğlubiyyətdir.

Sual: Əsəri bitirdikdən sonra obrazlarınıza ədalətlə yanaşmaq barədə düşünürsüzmü?

Cavab: Obraz yazı prosesində yaranır. O prosesdə onlara ədalət meyarı ilə yanaşmaq yazıçının ağlına da gəlmir. Əvvəlcədən meyarı, dəyəri müəyyənləşdirilən obraz bədii əsərin fakturasına çevrilməz. Bədii əsər sərbəst, azad düşüncənin məhsuludur. Onu cilovlamaq fayda gətirməz. Obrazı dəyərləndirmək, onun hərəkətlərini saf-çürük etmək, ona mənfi, müsbət, münasibət bildirmək həssas qəlbi oxucuların işidir.

Sual: “Canavar balası” əsərində Yusifi öldürməyə bilərdinizmi?

Cavab: Öldürməyə bilərdim… Bir şeyi unutmayaq. Yusif intihar eləməsəydi, əsər öz yüksək dəyərini itirərdi. Eyni zamanda o əsər indiki “Canavar balası” da olmazdı. Dramaturq da dəyərli əsər yaratmaq istəyinə çatmazdı.

Sual: “Yaddaşda yaşar xatirələr” romanında oğlanın sevmədiyi bir qızla evlənməsi sizcə mənəvi zorakılıq deyilmi?

Cavab: Qətiyyən!.. Biz öyrənmişik istəyimizə nail ola bilmədiyimiz hər şeydə zorakılıq axtarmağa. Bütün qızlar bəyəm sevərəkmi ailə qururlar? Sevgi emosiyanın, hissin, duyğunun məhsuludu. O ötəri də ola bilər, davamlı da. Sevgidə uğur da olur, uğursuzluq da. Uğursuzluq peşmançılıq gətirir. Mən istərdim ki, sevgi hisslərlə ağılın birliyində yaransın. Sevgiyə ata-ana xeyir-duası qapısı açsın. Məsləhətli don gen olar, — deyirlər. Bir anlığa xatırlayın milli mentalitetimizi.

Gözlə görünən gözə xoşa gələr. Göz görünəni, xarici simanı, ağılsa daxili, insani keyfiyyətləri, dəyəri önə çəkir. Bunların birliyi sevənlərdə yaxşı və pisə, gözəl və çirkinə münasibət formalaşdırır. Sevginin, məhəbbətin mənbəyi ürəkdir. O, qəlbdə inam yaradır. Qəlbdə doğulur. Təcrübə göstərir ki, bəzən inamda da müəyyən sapmalar özünü göstərir. Uğursuz, gözü bağlı qurulan ailələr dağılır. Faciələr yaranır. Arada günahsız uşaqlar qalır. Etiraf edək, heç vaxt Leyli-Məcnun əsri olmayıb. O, böyük, zəki dühaların yaradıcılıq təntənəsidir. Həyat bu gün bizə tamam başqa ideya verir: Bax… Gör… Ağlını işlət… Valideynlərin xeyir-dualarını al. Sonra addımını at.

İlkin sevgi reallıqdan çox xoşagəlməyə köklənən emosiyadır. Atalar yaxşı deyib: “Sevən göz kor olar”, “Sevgi ağıla möhtacdı”, “Ağılsız nə sevgi?”… Bəyəm, bunlar bizim üçün dərs deyilmi? Görüb küyə getmək, başqa sözlə, ağıla əsaslanmamaq özünü qanlı dəryaya atmaqdı. Tufanlar qoynunda çabalamaqdı… İnsanın bir ömrü var. Onu risklərə atmaq yanmaqdı. Qaldı “Yaddaşda yaşar xatirələr” romanında “oğlanın sevmədiyi qızla evlənməsini mənəvi zorakılıq” adlandırmağa. Mən sizinlə razı deyiləm. Orda hiss də var, ağıl da, valideyn məsləhəti də. İstəməzdim kimsə onu zorakılıq adlandıra.

Sual: “Yaddaşda yaşar xatirələr” əsərində “Cicim” obrazın adıdır, yoxsa, ayaması? Mənası nə deməkdir?

Cavab: “Cicim” nə addır, nə də ayama. O, doğma anam qədər məni istəyən, mənə qayğı, nəvaziş göstərən, varlığını varlığımda, ruhunu ruhumda axtaran, canı qədər sevdiyi ögey anamdır. İndi də ona sevgim, məhəbbətim hədsizdir. Ruhuna qurban olum.

Sual: Daşdan ağır nə var? — İnsan xasiyyəti. İnsan xasiyyətindən ağır nə var? — Sözün həqiqəti, sözün qüdrəti, sözün dəyəri. Sizin əsərlərinizdə istifadə etdiyiniz sözlər hansı həyat həqiqətlərinə söykənir?

Cavab: Həqiqi həyat real gerçəklikdir. Gördüklərimdir. İnamıma əsaslandıqlarımdır. İlhamımdır. Məsələyə şüurlu münasibətimdir. Mənim sözlərim sadaladığım həqiqlərə əsaslanır.

Sual: Siz tələbə olsaydınız, bizə nə məsləhət verərdiniz?

Cavab: Öyrənmək. Axtarmaq. Əxlaqa və mənəviyyata sadiqlik. Humanist hisslərə yiyələnmək. Ailəyə, insanlara sədaqət. Əmin olmadığınız şeylərin ardınca sürünməmək. Pis düşünməmək… Məncə kifayətdi.

Sual: “Nişan üzüyü” əsərinizdə müdrik kəlamlar söyləyən Zeynəb qarı Sizin ideyalarınızın daşıyıcısıdırmı?

Cavab: Zeynəb qarı obrazı mənim bütün əsərlərimdə öz sözünü deyib. İndi də davam etməkdədir. Onu da sizə xatırladım ki, “Dəlinin yaddaş xatirəsi” romanında Zeynəb qarının dedikləri xalq hikməti, xalq kəlamlarıdır. O, insani münasibətlərin daşıyıcısıdır. Onu mənim ideyalarımın daşıyıcısı da sana bilərsiz, sanmaya da.

Sual: “Qadın hikkəsi” əsərinizdə yazırsız ki, arvadı Xuralın hikkəsi ilə ər atası Dadaşı qocalar evinə qoydu. Bu sizin qənaətinizdir, ya qəzəbiniz?

Cavab (gülümsünür): Qəzəb niyə? Arvadının təzyiqi ilə əli işdən qalan, gözlərinin işığını, qolunun zorunu, dizlərinin taqətini itirən atanı oğul qocalar evinə qoyursa, burda yazarın nə qənaəti, nə qəzəbi ola bilər?

Bəyəm, içərisində yaşadığımız cəmiyyətdə belə iyrənc hadisələr gündəlik baş vermirmi? Baxın, ata Dadaş qocalar evində dünyasını dəyişir. Qocalar evindən oğul Balaşa telefon açılır: “Atanız ölüb, gəlin heç olmasa, onun meyidinə sahib durum”. Oğul Balaşın cavabı necə olur? “Vacib işim çoxdu, onu özünüz basdırın, gələrəm danışarıq”. Bu insanlıqdımı? Oğulun dediklərinin vicdanla əlaqəsi varmı? Gerçəkliyi olduğu kimi əks etdirmək nə qədər çətin olsa da, onu oxucuya çatdırmaq, zənnimcə, vicdan, qeyrət məsələsidir.

Sual: “Yaddaşda yaşar xatirələr” romanında “Özüm” və “Mən” sözləri işlədilməklə sanki iki dünya təsvir edilir? Bu o deməkdirmi, yazıçı əsərdə özü öz obrazına çevrilir?

Cavab: Yox… Axı insan ikilidir. Fəzilət və qəbahətlidir. Aydınlıq xatirinə “Özüm” və “Mən” sözlərini işlətməklə həmin ikiliyi ifadə eləmək istəmişəm. “Özüm” qəlbimdəki fəzilətlərim, “Mən” isə qəbahətlərimdir. Belə olduğu halda təqribən yazıçı ilə obraz bir çox hallarda bir-birlərinə yaxınlaşırlar. Bəzən də eyniləşirlər.  Yazıçı ideyası, obrazların fəaliyyəti oxucuya yönəlik mövqeyə keçir və onun əxlaqi-mənəvi dünyasına hopur.

Sual: Sizin yaratdığınız qəhrəmanlar həyatda görüb sevdiyiniz insanlardır, yoxsa təxəyyülünüzün məhsulu?

Cavab: Hər ikisi var.

Sual: “Yaddaşda yaşar xatirələr” əsərinizdə qeyd etmisiniz ki, doqquzuncu sinifdə oxuyarkən müəlliməniz Pərzadın “Həyatda ən çox sevdiyiniz və qorxduğunuz nədir?” sualına “Ən çox sevdiyim uşaqların qəhqəhələri, qorxduğum isə anaların göz yaşlarıdır” cavabını vermisiz… Yaşa dolmusuz. İndi, Ağarəhimin bu suala əlavəsi varmı?

Cavab: Xəyanətləri də daxil eləyərdim: İnsanları cırıb-dağıdan, nifrət doğuran Xəyanətlər!.. Xəyanətlər!.. Və yenə də Xəyanətlər!..

Sual: “Xəcalət” əsərində Turanın evində böhtana düşən Əvəzin yerində siz olsaydınız, yaranmış psixoloji durumdan necə çıxardınız?

Cavab: Yazıçı, dramaturq əsəri yazır. Obrazları ideyasına uyğun müxtəlif situasiyalara salır. Oxucunu düşünməyə vadar eləyir. Ona həyatın hər üzünü göstərir. Yaranmış situasiyadan, siz deyən kimi psixoloji durumdan necə çıxmağın yollarını isə oxucu axtarıb tapmalıdır. Hər oxucu istəyinə, ruhuna, xarakterinə uyğun… Diqqətlə fikir versəniz Əvəz sadəlövhdür. Düşüncəsi məhduddur. İnsanlara inanandır. Xeyirxahdır. Ancaq əməksevərdir. Hamı kimi o da xoşbəxtlik, səadət axtarışlarındadır… O, istəmədən, arzu eləmədən dələduzlar, fırıldaqçılar, oğrular, şantajçılar… mühitinə düşüb.

Hərə ondan bir cürə faydalanmaq istəyir. Yaramazlar zavallıya hər cür ağlagəlməz təkliflər verirlər. Qəbul eləmədikdə Əvəz qurbana çevrilir. Dramaturqun vəzifəsi obraza çıxış yolu göstərmək deyil. Əksinə, oxucusunu düşündürmək, onu hər cür fitnə-fəsada qarşı hazırlamaqdan ibarətdir.

 

(Visited 3 times, 1 visits today)