Dövlət İmtahan Mərkəzi İctimai Şura yaradır

Dövlət İmtahan Mərkəzi ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq məqsədilə ərizə qəbulunun başlanması ilə əlaqədar martın 17-də keçirdiyi mətbuat konfransında deyib.

M.Abbaszadə diqqətə çatdırıb ki, İctimai Şura DİM Direktorlar Şurası tərəfindən formalaşdırılacaq. Proseslərə cəlb olunmazdan əvvəl şura üzvlərinə təlimlər keçiriləcək, onlara hüquq və vəzifələri izah ediləcək. Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, kütləvi informasiya vasitələrinin nümayəndələri anket formasını yükləyərək doldurub press@tqdk.gov.az ünvanına göndərməklə qeydiyyatdan keçə bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar və başqa ödəniş verilmir.

Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən bütün qurumların fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə, vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verilir. Ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətin müstəsna əhəmiyyətini hər zaman xüsusilə qeyd edən dövlətimizin başçısı həyata keçirilən tədbirlərdə ictimaiyyəti daha fəal olmağa çağırır. Prezidentin qeyd etdiyi kimi, “bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular baş verdikdə dərhal reaksiya verir. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.

M.Abbaszadə vurğulayıb ki, bu məqsədlə DİM fəaliyyəti boyunca keçirdiyi imtahanların bütün mərhələlərində təhsil ictimaiyyətinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə, ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm verib. Şəffaflıq daim DİM-in əsas fəaliyyət prinsipi olub. DİM-in keçirdiyi imtahanların məzmunu həmişə açıq olub. Fənlər üzrə qəbul proqramları, model testlər, sınaq və qəbul imtahanlarında istifadə olunan test kitabçaları, test tapşırıqları topluları və müxtəlif metodiki vəsaitlər hazırlanıb abituriyentlərin istifadəsinə verilib. Qəbul kampaniyasının bütün gedişi və ayrı-ayrı mərhələləri ardıcıl olaraq internetdə, kütləvi informasiya vasitələrində işıqlandırılıb. Bütün bunların davamı olaraq DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır.

M.Abbaszadə qeyd edib ki, DİM mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsil alanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirir. Üzrlü səbəbdən bu imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, eləcə də 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün imtahanlar aprel ayında keçiriləcək. Birinci mərhələdə şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə olunur. Bu formada açıqtipli tapşırıqlar ilk dəfə tətbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq.

DİM Direktorlar Şurasının sədri deyib: “Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın 28-i saat 12:00-da başa çatacaq. Əvvəlcədən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı idi. Aparılan müəyyən analizlər nəticəsində məlum olub ki, magistratura üzrə 2111, rezidenturada isə 900 nəfər hələ də sənədlərini təsdiqləməyib. Bu gecə isə hökumət ödəniş portalında müəyyən problemlər olub. Bütün bunları nəzərə alaraq sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb. Ali məktəblərə qəbul qaydaları, müsabiqə şərtləri və digər məlumatların əks olunduğu “Abituriyent” jurnalının növbəti sayı isə bayram günlərindən sonra işıq üzü görəcək”.

Onun sözlərinə görə, Azərbaycanda 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu martın 16-dan başlayıb və aprelin 10-dək davam edəcək. Hələlik sənəd qəbulu aparıldığından imtahanların dəqiq tarixi məlum deyil. Çünki hələ hansı qrupa neçə nəfər abituriyentin sənəd verdiyi bilinmir. Sənəd qəbulu başa çatdıqdan sonra dəqiq günlər müəyyənləşəcək.

M.Abbaszadə qeyd edib ki, I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının ilk mərhələsində iştirak etmək istəməyənlər II mərhələsində iştirak edəcəklər. Hər iki imtahanda iştirak etmək istəyənlər isə mütləq indi qeydiyyatdan keçməlidirlər.

(Visited 4 times, 1 visits today)