Akademik İsa Həbibbəyli: Builki yaradıcılıq müşavirəsinin təhlil istiqamətləri daha çoxcəhətlidir

Ötən əsrin 70-80-ci illərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda keçirilən “Ədəbi proses” müşavirələri uzun fasilədən sonra 2014-cü ildən yenidən təşkil olunub. Ardıcıl olaraq hər il keçirilən bu müşavirələr müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas inkişaf meyillərini, ədəbi mühiti obyektiv şəkildə işıqlandırmaq baxımından böyük əhəmiyyət daşıyır və hazırda yeni formatda davam etdirilir.

Akademik.az xəbər verir ki, bu sözləri aprelin 11-də “Ədəbi proses-2016” mövzusunda keçirilən yaradıcılıq müşavirəsində institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli söyləyib. Akademik builki yaradıcılıq müşavirəsinin təhlil istiqamətlərinin daha çoxcəhətli və mürəkkəb olduğunu deyib. Bildirib ki, bu il publisistika, rus dilində yaranan Azərbaycan ədəbiyyatı da təhlilə cəlb olunub, ədəbi əlaqələr isə Azərbaycan-Qərb ədəbiyyatı və Azərbaycan-türk xalqları ədəbiyyatı kimi təsnif edilərək iki istiqamətdə nəzərdən keçirilib. Müstəqillik dövründə üç dəfə keçirilən müşavirə materialları toplu şəklində nəşr edilib.

Vurğulanıb ki, bu müşavirələr Ədəbiyyat İnstitutunda yeni ədəbi nəslin formalaşmasında, onların istedadlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynayır, yeni monoqrafiyaların, elmi işlərin yazılmasına yol açır. Ədəbi yaradıcılıq müşavirələrində ildən-ilə məruzələrin elmi səviyyəsi artır, gənc nəslin əhatə dairəsi genişlənir, onların məsuliyyəti və nəzəri təcrübələri daha da çoxalır.

Tədbirdə “İlin ədəbi mənzərəsi”, “Hekayələr”, “Poeziya”, “Tənqid”, “Dramaturgiya”, “Bölgələrdə ədəbi həyat”, “Povest”, “Elmi tədqiqatlar”, “Rusdilli Azərbaycan ədəbiyyatı” mövzularında ümumilikdə 20 məruzə dinlənilib. Məruzələrdə 2016-cı ilin ədəbi mənzərəsinə nəzər salınıb. Yaradıcılıq müşavirəsində, həmçinin rus dilində yaranan Azərbaycan ədəbiyyatı, ədəbi əlaqələr və elmi tədqiqatlarla bağlı müzakirələr aparılıb.

Çıxış edənlər elmi müşavirənin nəticələrindən razı qaldıqlarını bildiriblər

(Visited 2 times, 1 visits today)