Ali məktəblərə imtahansız qəbula Vurğun Əyyubdan — SƏRT REAKSİYA

Ali məktəblərə qəbul imtahansız olacaq.

Milli Məclisin Elm və təhsil komitəsində “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarılıb. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihə ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur. Məqsəd ölkədə ali məktəblərə qəbul ola bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir.

“Təhsil haqqında” qanunda dəyişikliklər baş tutacağı təqdirdə universitetlərin nəzdində yaradılmış ödənişli hazırlıq kurslarını keçən tələbələr imtahan vermədən ali məktəblərə qəbul olacaqlar.

Nəzərdə tutulan bu dəyişiklik barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri, Filologiya elmləri namizədi Vurğun Əyyub fikirini “Ölkə.Az”-la bölüşüb:

“Azərbaycanda tələbə qəbulu test sistemi ilə keçirilməyə başlanan vaxtdan bəri tələbə qəbulunda şəxsi maraqlarından çıxış edənlər dəfələrlə ya tətbiq olunan sistemin ləğvi, ya da şəxsi maraqlarının ödənilməsi istiqamətində çalışıblar”.

Vurğun Əyyub bu təklifi növbəti dəfə test sisteminin ləğvi və şəxsi maraqlarının ödənilməsi istiqamətində atılmış bir addım kimi dəyərləndirib:

“Tələbə qəbulunda sovet dövründə belə bir qayda vardı. Universitetlərin nəzdində hazırlıq kurslarının açılması müsbət hadisədir. Amma nəyə görə, hansı məntiqlə onlar universitetlərə imtahansız daxil olmalıdırlar? Qəbul imtahanları bir bilik yarışmasıdır. Hazırlıq kurslarında təhsil alanlar nəyə görə yarış şərtlərinin fövqündə dayanmalıdırlar? Bu, gecə-gündüz oxuyan, əziyyət çəkən abituriyentlərin haqqının tapdalanması deyilmi? Bəs bərabər imkan, bərabər şərait prinsipləri harada qaldı? Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bu zərərli təklifə qarşı etirazını bildirməlidir”.

Qeyd edək ki, 15 noyabr 1992-ci ildən Azərbaycanda ali məktəblərə qəbul test üsulu ilə həyata keçirilir.

Səxavət Məmməd
Ölkə.Az

(Visited 4 times, 1 visits today)